İqtisadiyyat

  • 5 745

Pulla alınan ölüm - ARAŞDIRMA

image

31 may Beynəlxalq Tütünsüz Gündür

Bu gün dünyada 2 milyarda yaxın insan siqaret çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, tütün məmulatlarından istifadə hər il azı 5 milyon insanın həyatına son qoyur. 2030-cu ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir.

Dəhşət statistikası

Dünyada ən çox siqaret istehlak edən ölkə, kişilərin 60 %-inin, qadınların isə 8 %-inin siqaret çəkdiyi Çindir. Bu ölkədə təxminən 350 milyon siqaret çəkən yaşayır. Bununla əlaqədar olaraq hər il Çində 1 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir. Birləşmiş Ştatlarda 50 milyona yaxın adam siqaret çəkir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, narkotik və siqaretdən istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır.

Təəssüfedici haldır ki, bu gün dünyada siqaret çəkənlərin 20 faizini qadınlar təşkil edir.

Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə heç də xarici ölkələrdən geri qalmadığını göstərir. Bu sıraya daхil olanların əksəriyyətini isə yeniyetmə və gənclər təşkil edir. Son vaxtlar qız və qadınlar arasında da siqaret çəkənlərin sayı artıb.

Təqdiqatlara görə, ölkədə hər 10 nəfərdən biri siqaret çəkən hesab olunur. Beləliklə də, ümumilikdə 1 milyon nəfərə yaxın vətəndaşımızın canına ziyan vurduğu ortaya çıxır. Azərbaycanda siqaretin yaratdığı xəstəliklərdən ölənlərin sayı haqda dəqiq məlumatlar olmasa da, güman etmək olar ki, minlərlə vətəndaşımız məhz bu zərərli vərdişdən dünyasını dəyişir.

Mehriban düşmən

Ümumdünya Səhiyyə Təşkilatı dünyada ən böyük sağlamlıq problemindən birinin siqaretlə bağlı olduğunu elan edib. Tədqiqatların nəticəsi göstərib ki, siqaretin yaratdığı problemlər, əsasən nikotinlə yox, onun tərkibindəki yanmayan maddələrlə bağlıdır.

Tütün tüstüsünün bir qullabında 4000-dək kimyəvi maddə var. Onların bir hissəsi zəhərli olur, digər hissəsi isə orqanizmdə toxuma səviyyəsində dəyişikliklər edir. Ən dağıdıcı təsiri isə qətran göstərir. Qətranın 70 faizi ağciyərlərə toplaşır.

Karbon monooksid (CO) isə siqaretin yanması prosesində daim yaranan qazdır. CO qanda oksigen dövranını pozur və hemoqlobinlə oksigendən daha tez reaksiyaya girir. Siqaret çəkənlərdə tez-tez rast gəlinən təngnəfəslik də CO-nun zərərli təsirindəndir. Amma siqaretə aludəçiliyi məhz nikotin yaradır.

Siqaret tüstüsü insan orqanizmində yod çatışmazlığının güclənməsinə təkan verir. Tütünün tərkibindəki dağıdıcı maddə qalxanvarı vəzin yodla qidalanmasının qarşısını alır. Yod çatışmazlığı orqanizmdə mənfi kimyəvi maddələr dəyişikliyini sürətləndirir, qalxanvarı vəzin hüceyrə toxumalarında fəal şişlərin əmələ gəlməsinə təkan verir, tənəffüs, ağız-burun nahiyələrində və udlaq sistemində ciddi pozuntulara səbəb olur.

Təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında olurlar. Alimlər sübut ediblər ki, siqaret çəkən adamlarda rast gəlinən dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki çəkilən hər siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25% isə yanıb kül olur.

Sonuncu siqaretdən sonra 20 dəqiqə ərzində qan təzyiqi normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.

Xərçəngə ən qısa yol

Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır. Tütün tüstüsündəki 43 komponent xərçəngin yaranmasına gətirib çıxarır.

Amerika Xərçəng Cəmiyyətinin araşdırmalarına görə, ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir.

İnsanlar siqaretin tərkibində olan nikotinə getdikcə daha çox alışırlar. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir və asılılıq yaradan maddədir. Siqaretə aludəçiliyi məhz nikotin yaradır. Siqaret çəkənlərdə xərçəng xəstəliyinə yoluxma labüdlüyü, onun ölümə doğru riski və inkişaf sürəti çəkməyənlərə nisbətən 60 faizdən artıqdır.

Elmi araşdırmalara görə, 5 siqaretdə insanı öldürəcək həcmdə nikotin var. Hər siqareti çəkərkən insanın orqanizminə 1-2 milliqram nikotin gedir. Lakin tütünün tərkibində ən qorxulu maddə nikotin deyil. Onun tərkibində qətran, ammonyak, arsenik, aseton kimi dəhşətli maddələr var.

Siqaretin səbəb olduğu xəstəliklərin tam olmayan siyahısı adamı dəhşətə gətirir:

1. Ürək xəstəlikləri - Siqaret çəkənlərin ürək xəstəliyinə tutulma riski çəkməyənlərə nisbətdə 4 qat daha çoxdur.

2. Qırtlaq xərçəngi - Gündə 25 ədəd siqaret çəkmək qırtlaq xərçənginə tutulma riskini 30 dəfə artırır.

3. Boğaz xərçəngi - Bu xəstəliyi 80% hallarda siqaret səbəb olur.

4. Mədə xərçəngi - Siqaret çəkənlərin mədə və ya bağırsaq xərçənginə tutulma riski çəkməyənlərdən 2 qat daha çoxdur.

5. Qaraciyər xərçəngi - Bu xəstəliyin 80%-i siqaretin təsirindən olur.

6. Menapoz - Siqaret çəkən qadınlarda vaxtından 5-10 il əvvəl menapoz baş verir. Bu da sümüklərin daha tez incəlməsinə və əriməsinə səbəb olur.

7. Anormal doğum - Gündə yalnız 5 ədəd siqaret çəkən hamilə bir qadının olduqca kiçik və sağlam olmayan bir körpə doğma riski son dərəcə yüksəkdir.

8. Şəkər xəstəliyi - Siqaret çəkmək bədənin insulin ifraz etmə qabiliyyətini azaldır. Bu da şəkər xəstəliyinə yol açır.

9. Qanqren - Ağciyərlər zəiflədiyi üçün, bədənə çox az oksigen yayılır. İnsan bədəni bu çox az miqdardakı oksigenlə daha vacib daxili orqanları təmin etmək məcburiyyətində qalır. Buna görə ürəyə ən uzaq orqanlar olan barmaq uclarından etibarən hüceyrələr sürətlə zəncirvari olaraq ölür.

10. Qida borusu xərçəngi - Bu xərçəngə tutulmağın səbəbi məhz siqaret çəkməkdir.

Siqaretin təkcə fiziki deyil, psixoloji problemlər yaratdığı da aşkar olunub. Elmi tədqiqatlara görə, siqaretdən istifadə edən şəxsin beyni informasiya qəbul etmə qabiliyyətini sürətlə itirir, reaksiya qabiliyyəti xeyli zəifləyir.

Tütünsüz dünya iqtisadiyyatı: zərər yoxsa qazanc?

Əhalisinin 8 milyarda çatdığı yer kürəsində tütün sektoru ən böyük sənaye sahələrindən biridir. İllik siqaret istehsalından hər birimizə təxminən 100 qutu siqaret düşür. Dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyona çatıb. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Ancaq, bu iqtisadi artım bəşəriyyətin rifahına xidmət etmir.

Dünya Bankı siqaret səbəbli xəstəliklərin maddi nəticələrini, bu xəstəliklər üzündən ortaya çıxan işgücü qabiliyyətinin itirilməsini, yanğın ziyanlarını və siqaretə xərclənən pul miqdarını hesablayaraq bunların dünya iqtisadiyyatına 300 milyard dollardan çox ziyan vurduğunu ortaya qoydu. Lakin, bu sahədə vurulan ziyanın hamısını qeydə almaq mümkün olmadığından ekspertlər bu məbləğin ən azı 2-3 dəfə artıq ola biləcəyini qeyd edirlər.

Lakin nə qədər ki insanlar tütündən aralanmayıb, bu məhsulun ixrac olunmasındansa, ölkədə istehsalının təşkil edilməsi daha məqsədəuyğundur. Sovet dövründə respublikamızda tütünçülük güclü inkişaf edib, bu sahədən yaxşı gəlir əldə edilib. 1980-ci illərdə Azərbaycanda tütün istehsalı 60 min tona çatırdı.

Tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda pambıqçılıqdan sonra 2-ci texniki bitki sayılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra pambıqçılıq, çayçılıq, üzümçülük, ipəkçilik kimi yüksək gəlir gətirən sahələrlə yanaşı tütünçülükdə də tənəzzül başladı. Son 25 ildə tütün istehsalı 50 min ton azalaraq illik 2-3 min tona düşdü.

Sovet İttifaqıi dağılandan sonra Dünya Bankı ilə birlikdə aqrar sektorla bağlı birgə layihələrin işlənməsinə, treninqlər aparılmasına, kreditlər verilməsinə başlandı. Bu zaman tütünçülük sektoru arxa plana atıldı. Dünya Bankının ekspertləri səbəb kimi tütünün sağlamlığa zərərini göstərir və bunu siqaretə qarşı mübarizədə bir addım kimi qələmə verirdilər. Ona görə də, tütünçülüyə yardımlar, kreditlər ayrılmadı və bu sahədə tənəzzül başladı. Əvəzində ABŞ-da tütün istehsalı və ixracı xeyli artdı. Təbii ki bu sahədən götürülən gəlirlər də. Tütün artıq qlobal monopoliya sahəsinə çevrilmişdi.

Bunun nəticəsində ölkəmizdə yerli imkanlar ola-ola xeyli valyuta xaricə axır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ildə 240 milyon dollarlıq tütün və tütün məmulatı idxal olunur. Təkcə bu rəqəm yerli tütünçülüyün tənəzzülü ilə hər il nə qədər böyük gəlirdən mərhum olduğumuzu anlamaq üçün kifayət edir.

Ekspertlər hesab edir ki, əgər bu sahəyə yetərli diqqət ayrılsa, yaxın perspektivdə hazırki istehsalı azı 10 dəfə artırmaq üçün real imkanlar vardır. İlk növbədə daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac etmək olar. Əlbəttə, mümkün qədər tütündən aralı durmaq lazımdır, amma əgər tütün istifadə ediriksə, onda öz məhsulumuzdan istifadə etsək yaxşıdır.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Digər xəbərlər