PDF Oxu

İqtisadiyyat

  • 4 250

Prezident nöqtə qoydu: Əgər qanunlarımıza hörmət etməsələr...

Prezident nöqtə qoydu: Əgər qanunlarımıza hörmət etməsələr...

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər qanunlarımıza hörmət etməyə borcludur

“Azərbaycanda işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.

Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illərdir burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir”.

Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışarkən deyib.

Prezdent bildirib ki, dövlət şirkəti “AzerGold” da qızıl yataqları istismar edir: “Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!”, - dövlət başçısı vurğulayıb.

Ölkəmizə yatırım edən xarici şirkətlər

Ümumiyyətlə, yüksək maliyyə təminatı hər bir ölkənin iqtisadi inkişafında mühüm amillərdən biri, bir çox hallarda birincisidir. Son illər Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında maliyyə resurslarının Azərbaycan iqtisadiyyatına sərbəst çıxışı təmin edilib. Keçdiyi yola nəzər saldıqda görürük ki, bu dövrdə milli iqtisadiyyatımızda - istər kənd təsərrüfatı, istərsə də sənaye sahələrində -çox sayda layihələr dövlət və özəl investisiyalar hesabına maliyyələşdirilib. Maraqlıdır ki, iqtisadiyyatımıza investisiyalar əksər hallarda xaricilər tərəfindən yatırılır. Bəs onları Azərbaycana vəsait yatırmağa nə təşviq edir?

Əlbəttə ki, birinci əlverişli investisiya mühiti bu imkanı verir. Ümumiyyətlə, 1995-ci ildən indiyədək Azərbaycana 296,3 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 150,4 milyard dolları xarici investisiyalardır. Ölkəmizdə daxili və xarici investisiyaların yönəldildiyi sahələrin siyahısı kifayət qədər uzundur. Təbii ki, investorlar öz pullarını perspektiv görmədikləri sahəyə yatırmazlar. Onlar əvvəlcə geniş araşdırma aparır, riskləri, perspektivləri, gəlirləri və çıxarları hesabladıqdan sonra yatırım barədə planlarını işə salırlar.

Xarici şirkətlər Azərbaycana niyə maraq göstərir?

Əgər yerli və xarici investorların Azərbaycan iqtisadiyyatının müəyyən sahələrinə investisiya qoymağa sövq edən amillər barədə danışsaq deyə bilərik ki, buna ilk növbədə əlverişli investisiya mühitini misal çəkə bilərik.

Azərbaycan dövləti müstəqilliyinin ilk illərindən bəri milli iqtisadiyyata müxtəlif mənbələrdən investisiyaların cəlb edilməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Beynəlxalq arenalarda, simpoziumlarda, sərgilərdə - hər istiqamətdə bunun üçün çalışılır. Dövlətimizin bu istiqamətdə yürütdüyü siyasəti ölkədə biznes mühitinin ardıcıl optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbulunda da özünü göstərir.

Davamlı inkişaf edən, üsyan və inqilablardan uzaq olan, habelə işğalçılıq siyasəti yürütməyən sülhsevər ölkələr daima investorların marağını cəlb edir. Xüsusilə daxili siyasi sabitlik bu məsələdə əhəmiyyətlidir. Azərbaycan məhz belə bir dövlətdir. Burada cəmiyyət hakimiyyətlə həmrəydir və bu həmrəylik özünü sabitlikdə, vətənin müdafiəsində, seçkilərdə - demək olar ki bütün sahələrdə büruzə verir.

Həm ecazkar təbiət, həm müasir infrastruktur

Azərbaycanın yüksək investisiya cəlbediciliyini şərtləndirən digər mühüm amil ölkəmizin müasir infrastruktura malik olmasıdır. Azərbaycanda müasir yol-nəqliyyat və logistika infrastrukturu mövcuddur ki, onun vasitəsilə istehsal olunan məhsullar tez və rahat şəkildə dünya bazarına çıxarıla bilir.

Azərbaycan hökuməti ölkənin investisiya cəlbediciliyini artırmaq üçün islahatlar aparılır, bu istiqamədə mümkün bütün imkanlara yol açılır. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsi məqsədilə onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəliliyinin artırılması, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığı və davamlılığı ilə bağlı Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə sərmayə qoymaq istəyən yerli və xarici şirkətlərin sayı da günü gündən artır. Bir çox xarici şirkət işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır. Ölkəmiz də işğaldan azad edilmiş torpaqların bərpasında dost ölkələrlə sıx əməkdaşlıq yolunda mühüm addımlar atır. Bərpa prosesinə ilk növbədə qardaş Türkiyədən şirkətlər cəlb edildi, daha sonra prosesə İtaliya şirkətləri də qoşuldu. Hazırda 10-dan çox ölkəni təmsil edən 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrə qoşulmaq barədə dövlətə müraciət ünvanlayıb.

Ölkəmizdə investisiya mühitinin optimallaşdırılması istiqamətində digər tədbirlər də həyata keçirilir və bütün bunların uğurlu nəticələri respublikamıza müxtəlif mənbələrdən cəlb edilən investisiyaların həcminin artmasında özünü göstərir. Lakin xarici şirkətlərin ölkəmizdə investisiya qoyması onların burada ixtiyar sahibi olması demək deyil. Fəaliyyətləri Azərbaycan Respublikasının qanunları çərçivəsində olmalı, iş prosesində əhalinin sağlamlığını, təhlükəsizliyini, dincliyini təhlükəyə atacaq addımlar atılmamalıdır. Qanun şahdır və hamı ona boyun əyməlidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər