“Bildiyiniz kimi, agentlik əsasən qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatının inkişafına xidmət edir. Burada əsas iki istiqamət var. Birincisi, məhsul subsidiyalarının verilməsi, ikincisi isə kənd təsərrüfatı istehsal vasitələrinin kredit və güzəştlərlə təmin edilməsidir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmisi Rövşən Məmmədli deyib. Onun sözlərinə görə, kredit və güzəşt istiqaməti dedikdə əsas dörd istiqamət nəzərdə tutulur: mikrokreditlər, aşağı faizli güzəştli kreditlər, kənd təsərrüfatı texnikaları və avadanlıqlarının maliyyələşdirilməsi üçün kredit və güzəştlər, damazlıq heyvandarlığın dəstəklənməsi üçün güzəştlər və kreditlər.R.Məmmədli sözlərinə davam edərək kredit və güzəştlər barədə məlumat verib: “Mikrokredit dedikdə daha sürətli şəkildə 15 min manatadək verilən kredit nəzərdə tutulur. Bu kreditin illik faiz dərəcəsinin yuxarı həddi 12%-dir. Bu, banklardan asılı olaraq daha aşağı da ola bilir.15 min manatdan yüksək aşağı faizli güzəşt kreditlərinin isə faiz dərəcəsi 7-dir. Mikrokreditə nisbətən bu kredit növü daha uzunmüddətlidir.Kənd təsərrüfatı texnikaları və avadanlıqlarının maliyyələşdirilməsi üçün kredit və güzəştlər də var ki, burada fermer ilkin ödəniş etməlidir. Məsələn, bir texnikanın gömrük dəyərinin 40% həcmində güzəşt verilir. Onun satış dəyərinin minimum 20% həcmində fermer ilkin ödəniş edir. Satışın geri qalan hissəsi qədər kredit verilir. Əslində, bu faizli kredit növüdür. Sadəcə faizi fermer deyil, agentlik ödəyir.Damazlıq heyvandarlığın maliyyələşdirilməsi məqsədilə güzəşt və kreditlər ayrılır. İdxal edilən damazlıq heyvanının gömrük dəyərinin 60% həcmində güzəşt vəsaiti ayrılır. Əgər damazlıq heyvan yerlidirsə, bunun qiymətləndirmə nəticəsində müəyyən edilmiş satış dəyərinin 60% həcmində subsidiya ayrılır. Bundan əlavə, fermer ilkin ödəniş olaraq məbləğin 25%-ni həyata keçirir. Geri qalan məbləğ isə 7%-lə kreditləşdirilir”.