PDF Oxu

İqtisadiyyat

  • 4 295

“Ağıllı kənd” konsepsiyası nə üçündür?

“Ağıllı kənd” konsepsiyası nə üçündür?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi “Ağıllı kənd” layihəsi olduqca maraq doğuran bir proyektdir. Bu layihəyə həm yerli, həm də xarici maraq böyükdür. 30 ilə yaxın sahibsiz, təmassız qalan torpaqlarımızda bu proyekti yaratmaq, canlandırmaq bir çoxlarına yuxu kimi gəlirdi. Amma işğaldan azad edilməsindən çox az müddət sonra bu yuxu reallığa çevrildi.

Ağıllı kənd layihəsi 2016-cı ildə Avropa İttifaqının ucqar rayonlarda kəndlərin inkişafı ilə bağlı bəyannaməsi əsasında yaradılıb və Azərbaycanın ilk ağılı kəndidir. Bəyannamənin məqsədləri elektron xidmətlərdən istifadənin artırılması, dairəvi iqtisadiyyatın yaradılması və davamlı kənd inkişafının təmin edilməsidir.

Dünyada belə kəndlərin yaradılmasının əsas məqsədlərindən biri də urbanizasiyanın qarşısını almaq, kəndlərdə yaşayış nisbətini yüksəltməkdir. Ağıllı kəndlər layihəsi çərçivəsində qurulan belə kəndlərdə kənd yerlərində yaşayan insanlar üçün bütün müasir imkanlar və şərait yaradılıb. Ağıllı kəndlərdə şəhərlərdə göstərilən bütün zəruri xidmətlər göstərilir. Üstəlik, “Ağıllı kənd” konsepsiyası həmçinin insanlara öz yaşdıqları ərazidə daha çox qazanc əldəetmə imkanı verir.

İşğaldan azad edildikdən sonra Qarabağdakı ürəkağrıdan mənzərə yeni görüntü ilə əvəzlənib. İşğalı dövründə bütün infrastrukturu dağıdılan, yolları, binaları məhv edilən rayon və şəhərlərimiz, qənd və qəsəbələrimiz yenidən dirçəldilir. Ölkə rəhbərinin göstərişi ilə inşa edilən Ağalı - “Ağıllı Kənd” layihəsi, öz növbəsində, bir ilkdir və ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulan silsilə yeniliklər üçün bir növ pilot layihə funksiyasını daşıyır.

Ağalı kəndindəki evlərdə istilik sistemləri ağıllı texnologiyalar əsasında yaradılıb. Bu kəndlərdə müasir tipli məktəblərin, uşaq bağçalarının, poliklinikaların və elektron hökumət mərkəzlərinin tikintisi həyata keçirilib, turizm infrastrukturu formalaşdırılıb. Bütün yaşayış binaları, sosial obyektlər, inzibati binalar və ictimai iaşə obyektləri, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi, birmənalı olaraq, alternativ enerji mənbələri ilə təmin edilib.

Ağalının yeni simasını hazırlayan bu layihə təkcə ağıllı binaların tikintisi ilə məhdudlaşmır. Kəndin ümumi infrastrukturu normal, sıradan bir kəndin infrastrukturundan dəfələrlə fərqlidir. Tikintisi cəmi səkkiz ay davam edən bu kənd, hətta Avropa Ağıllı Kəndlər Forumunun həmtəsisçisi və baş icraçı direktoru Alessandro Da Roldu da təəccübləndirib. Layihənin həyata keçirilməsi ilə bağlı təşkil olunan konfransda iştirak edərkən Avropa Parlamentinin üzvləri gördüklərindən və bu layihənin istiqamətindən çox təsirləniblər.

Kəndin ümumi konsepsiyasında dörd əsas sahə var: intellektual infrastruktur və xidmətlər; iş imkanları; rasional idarəetmə; yaşıllıq və alternativ enerji. Kənddə e-sağlamlığı, elektron təhsili dəstəkləyən və ağıllı idarəetmə məqsədlərini dəstəkləyən yüksək sürətli internet bağlantısı var. Ağalıya köçən ailələrin bir narahatlığı da övladlarının online imkanlardan və online təhsildən uzaq düşə bilmə ehtimalı idi ki, lazım gələrsə, uzaqdan təmin edilən ən yaxşı təhsil resurslarına çıxış əldə edəcəklər.

Hökumət məşğulluq imkanlarının yaradılması üçün özəl sektor subyektləri ilə qarşılıqlı işlər görür. Ağalıdakı perspektivli müəssisələrin sayı çoxdur. Onlardan biri də camış südü istehsalı və emalı ilə məşğul olan fermadır. Bu layihədə yerli sakinlərə 60-a yaxın iş yeri təqdim edilib. Eyni zamanda, beton istehsalı müəssisəsində, xurma sahəsində iş yerləri var. Burada otel və turizm imkanları, eləcə də dövlət sektorunda iş imkanları da mövcuddur. Ağıllı kənd layihəsi yalnız kəndin adında deyil, bütün istiqamətlərdə özünü göstərir. Məsələn, kənd təsərrüfatında çirkab sulardan istifadə edən ən müasir ekoloji monitorinq sistemləri və suvarma sistemlərindən istifadə ediləcək.

Bütün binalar 80% enerji səmərəliliyi ilə ən yüksək ekoloji standartlara uyğun dizayn edilmiş alternativ enerji ilə təmin edilib. Kəndin enerji ehtiyaclarını ödəmək üçün günəş, külək kimi alternativ enerji mənbələrindən istifadə edilir, kəndin tullantı nisbəti demək olar ki, sıfıra bərabərdir.

Ümumiyyətlə, “ağıllı kənd” layihəsi bəşəriyyətin xilası kimi xarakterizə edilir. Bu kəndlərin sayı artıqca şəhərlərdəki xaos aradan qalxacaq, urbanizasiya problemi həllini tapacaq, iş yerlərinin sayı artacaq, regionların iqtisadi gücü və inkişafı formalaşacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər