"Taxılçılıq kənd təsərrüfatının vacib və stratejik sahələrindən biridir. Çünki taxılçılıq bizim ərzaq təhlükəsizliyimizi təmin edir. Bu baxımdan respublikamızın 60-dan çox rayonda taxıl əkini həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi və məhsul istehsalçıları koordinasiyalı şəkildə əkib-becərmə işlərini, aqrotexniki qulluq prosesini həyata keçirmək üçün birgə fəaliyyət göstərirlər". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib. Onun sözlərinə görə, hazırda bu aqrotexniki qulluq işləri başa çatıb: "Ölkədə biçin prosesi gedir. Biçin prosesinə mütəşəkkil şəkildə həm texniki təminatla bağlı kombaynların saz vəziyyətə gətirilməsi, eyni zamanda sahələrin biçinə hazırlığı ilə bağlı işlər davam edir. Sonuncu operativ məlumata əsasən, 70%-dən artıq taxıl əkin sahəsinin biçin prosesi yekunlaşıb".Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, cari ilin məhsulu üçün 1 milyon 58 min hektar sahədə taxıl əkini aparılıb: "Becərmə işləri normal qaydada həyata keçirilib. Yağışın zamanında düşməməsi, üstəlik lokal qaydada düşməsi müəyyən çətinliklər yaratdı. Bu da dünyada baş verən qlobal iqlim dəyişikliyi ilə bağlıdır. Ona görə də maksimum çalışmaq lazımdır ki, fermerlərimiz iqlim dəyişikliyini yumşaldan texnologiyalardan istifadə etməklə əkin aparsınlar. Bu istiqamətdə də mütəmadi olaraq maarifləndirmə işləri aparırıq".
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...