Səhər işə gəlirdim. “Sahil” metrosunun çıxışının solundakı ilk marketdən su almaq üçün içəriyə keçdim. 0,5 litrlik bir su şüşəsi götürdüm və kassaya yaxınlaşdım. Qiymətini soruşdum, kassada əyləşən bəy buyurdu ki, 1 manatdır. Dedim, ola bilməz. Satıcı dedi ki, elədir. İstəyirsiniz, sistemdə də baxın. Sonra da vurğuladı ki, 70 qəpiyə də su var. Lakin sizin götürdüyünüz su 1 manatdır.
İşə tələsirdim, dəyişmədim, 1 manat verib çıxdım. Yolboyu öz-özümə deyindim ki, İlahi, biz nə edirik? İnsafı, dini ayaqlayıb, Allahın bir ovuc suyunu 1 manata satırıq. Gəlib işə çatdım. Otaq yoldaşlarımla suyun müzakirəsinə başladıq. Bu arada su şüşəsini əlimə alıb harada istehsal olduğunu bilmək istədim. Bir də dedim görüm, bu suyun hansı özəlliyi var ki, digərlərindən fərqli olaraq 1 manata satılır. Ölkəmizdə benzinin 1 litrinin 1 manata, suyun isə yarım litrinin 1 manata olması, sözün həqiqi mənasında, məni çox maraqlandırdı deyim, narahat etdi deyil, bilmirəm. Deməli, suyun 1 litri benzindən bir qat da baha-2 manatdır...
Su Gədəbəy rayonunun Zəhmət kəndinə məxsusdur. Şüşənin üzərində isə belə yazılıb: Slavyanka.Welcome to Azerbaijan. Bu arada gözüm sataşdı ki, su 15.07.22-də buraxılıb, 23.06.23-ə qədər vaxtı varmış. Və anladım ki, 1 manata vaxtı ötmüş 0,5 litr su almışam. Həm də başqalarından heç nəyi ilə fərqlənməyən adi su.
Maşallah, bizdəki ticarətdən ola bilməz. Birinci şüşənin üzərində yazılanlara diqqət yetirək: Slavyanka.Welcome to Azerbaijan. Bu qiymətə su alan turistə heç inanmıram ki, Azərbaycan xoş gələ. Və o, bir də bu ölkənin adını çəkə. Yazıq turist gərək cibindəki pulu ancaq suya xərcləyə.
Digər tərəfdən, ölkəmizdə suyun 0,5 litrinin 1 manata satışı hansı ədalətə, qanuna sığır, bunu anlamaq istəyirəm. Bəs görəsən mağazalarda satılan ərzaq və digər məhsulların keyfiyyətinə məsul olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) və qiymətlərə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) hara baxır ki, bu qədər özbaşınalıq hökm sürür.
Belə çıxır ki, küçədə bu istidə yan-yaxıl, lakin bir su alıb içmə. Çünki su səni sərinlətməyəcək, əksinə odlayacaq.
Tək su deyil, ölkəmizdə əksər market və ərzaq mağazalarında xüsusi özbaşınalıq hökm sürür. Hər yerdə qiymətlər müxtəlif cür təklif olunur. Yay fəslini nəzərə alsaq, xüsusilə sərinləşdirici sular, dondurmalar od qiymətinədir. Bütün bunlar isə yuxarıda adlarını çəkdiyimiz qurumların təbii ki, öz işlərinə biganə münasibətindən başqa bir şey deyil.
Kim nəyi hansı qiymətə istəyirsə, sata bilməz. İnsanları köhnə məhsullarla aldada, zəhərləyə bilməz. Dövlət bunlara nəzarət üçün qurumlar yaradıb. Bəs onlar haraya baxırlar? Yəqin havaların isti keçməsi onların iş ahənginə də təsir edib. Yoxsa market alıcıya vaxtı bir ayadək ötmüş köhnə suyu, həm də 1 manata sata bilməzdi.
Ümidvarıq ki, AQTA və AİBNDX bir araşdırma aparmağa cəhd edəcək ki, nə üçün ölkəmizdə 0,5 litr su 1 litr benzinin qiymətinədir. Bu məsələ həllini tapanda benzintək alışıb-yanan alıcıların üzərinə çiləməyə su tapılacaq. İnşallah.
Mətanət Məmmədova
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...