“Dövlət Reklam Agentliyi açıq məkanda olan reklamların tənzimlənməsinə nəzarəti həyata keçirir. Xidmət sahələrində və obyektlərin adında Azərbaycan dili normalarından istifadə bilavasitə Azərbaycan dili haqqında qanunun 7-ci maddəsi ilə tənzimlənir. Eyni zamanda, reklam haqqında qanunun 4-ci maddəsi olan “Reklama müddəalar” da öz mənbəyini oradan götürür. Qanuna əsasən, adın seçilməsində sahibkarların qarşısında heç bir əngəl yoxdur”. Bu sözləri SİA-ya ADRA-nın şöbə müdiri Elçin Mahir deyib. Onun sözlərinə görə, bir brendin və ya markanın təmsil etdiyi adın yazılması və səslənməsi əmtəə nişanı şəhadətnaməsi ilə həyata keçir: “Əgər əmtəə nişanı şəhadətnaməsi varsa, qanunvericilik buna icazə verir ki, sahibkar müəssisəssinin adını şəhadətnamədə təsvir olunduğu kimi qeydə ala bilsin”.Qurum rəsmisi reklamların xarici dildə istifadəsi ilə əlaqədar bir haşiyəyə çıxaraq bildirib ki, brendin, obyektin və ya əmtəənin adı ilə onun fəaliyyət sahəsi qarışdırılır: “Tutaq ki, gözəllik salonlarının adı “Beauty center” yazılırsa, bu, qanun pozuntusudur. Çünki qanun bizdən tələb edir ki, əsas hədəf auditoriyamız Azərbaycan vətəndaşları olduğuna görə mütləq şəkildə onlara verilən mesaj ana dilimizdə olmalıdır. Əgər məhsul xarici auditoriyaya, turistlərə də nəzərdə tutulubsa, o zaman başqa dildən istifadə edilə bilər. Həmin mətnin ölçüsü isə Azərbaycan dilində yazılan mətndən böyük olmamalıdır.Bəzən də Azərbaycan dilində qoyulan adların təkrarlanma ehtimalı çoxalır. Ümumi sözlərə əmtəə nişanı alına bilinmədiyi üçün sahibkarlar adları kreativləşdirməyə və ya xarici dildə tərcümə edilərək istifadəsinə çalışırlar”.
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...