“Kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etməsi bizim əsas hədəflərimizdən biridir. Bildiyiniz kimi, kənd təsərrüfatı startup və innovasiyaların tətbiqi üçün ən uğurlu sahələrdən biri müəyyən olunub. Təbii ki, bunun obyektiv səbəbləri var”. SİA xəbər verir ki, bu sözləri Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov açıqlamasında deyib. “Regionlarda sırf innovasiyanın təşviqi məqsədilə müxtəlif tədbirlər həyata keçiririk. Aqrar İnnovasiya Festivalı da bu tədbirlərdəndir. Həmin festivallarda fermerlər yerli və xarici şirkətlərin məhsulları ilə tanış ola bilirlər. Artıq biz 18 festival təşkil etmişik. Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edirik. Bizim festivallarda fermerləri ən çox maraqlandıran məsələlər dərmanlar, pestisidlər, ən əsası da burada keçirilən təlimlərdir. Onlar dövlət qurumları ilə yanaşı, özəl şirkətlərin təşkil etdiyi təlimlərdə iştirak etməyə üstünlük verirlər. Bu da ondan irəli gəlir ki, bazarda şirkətlərin sayı kifayət qədər çox olduğu üçün fermerin seçim imkanı genişdir. Onlar seçim etmədən öncə özünə nəyin daha çox sərf etdiyi və lazım olduğu barədə araşdırır. Fermerlərin artıq imkanı var ki, indidən sertifikatlı toxumlarla tanış olsunlar”- deyə o əlavə edib.A.Cəfərov bildirib ki, innovasiyaların təşviqi ilə bağlı keçirilən bu festivallarda həm də dərin masalar təşkil olunur: “Bu tədbirlərdə mütəmadi olaraq Rusiya, Koreya, Türkiyə kimi bir sıra xarici şirkətlərin nümayəndələri iştirak edir. Çünki onlar Azərbaycan bazarında təmsil olunmaqda maraqlıdırlar. Bunun üçün ən uyğun variant da bu festivallarda iştirak etməkdir”.
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...