“Ötən əsrin sonunda 90-cı illərində bütün bölgədə olduğu kimi, Azərbaycanda çox dərin iqtisadi böhran yaşayıb. İnvestisiyaların kəskin şəkildə çatışmazlığı mövcud olan bir vəziyyətdə neft razılaşmasının əldə olunması faktiki olaraq, Azərbaycan iqtisadiyyatı üçün bir imkanlar pəncərəsi oldu ki, bu da ölkədə investisiyaların artımına şərait yaradıldı. Nəticədə məlumdur ki, iqtisadiyyatın artımı üçün investisiya artımı nə dərəcədə zəruridir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib. Onun sözlərinə görə, investisiya artımı hesabına iqtisadiyyatdakı bir çox problemlər aradan qaldırılmış oldu: “Bu baxımdan, neft razılaşması ölkə iqtisadiyyatı üçün və iqtisadiyyatın ovaxtkı vəziyyətini nəzərə aldıqda olduqca önəmli idi. Beynəlxalq təşkilatların təzyiqləri, ölkədə daxili investisiya institutunun inkişaf etməsinə imkan vermirdi. Belə olan halda, məhz neft razılaşları nəticəsində əldə olunan resurslar ölkə iqtisadiyyatının dirçəlməsinə şərait yaratmış oldu. Bununla yanaşı, hazırkı şəraitdə və hazırkı dünya iqtisadiyyatında baş verən proseslər çərçivəsində geosiyasi vəziyyəti də nəzərə aldıqda, sözsüz ki, indi başqa çağırışlar və imkanlar var. Hazırda Azərbaycanın neft sektorunun inkişafını nöqteyi-nəzərdən əsas prioritetlər neft emalına daha yüksək əlavə dəyər tutumlu məhsulların istehsalına yönəlməkdədir. Bu baxımdan, artıq Azərbaycan şübhəsiz ki, regional iqtisadi əməkdaşlığın dərinləşməsi vasitəsilə ilə daxili investisiya institutunun effektiv şəkildə fəaliyyət göstərməsi ilə daha çox neft emalına yatırımlar qoymalıdır. Bu gün bizim üçün hasilat eyni zamanda, emalla tamamlamalıdır və bunu biz dayanıqlı şəkildə öz iqtisadi siyasətimiz nəticəsində təmin etməliyik. Düşünürəm ki, bu yanaşmaların tətbiqi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliyinin xeyli dərəcədə artmasına şərait yaratmalıdır”.
Müəllif: Gülyana