"Milli köklərimiz, ortaq dəyərlərimiz, mədəniyyətimiz olan ölkələrlə əməkdaşlıq və tərəfdaşlığın şahidi oluruq. Sevindiricidir ki, kənd təsərrüfatı sahəsi də istisna deyil. Azərbaycan tərəfinin təklifi ilə yaradılan və digər dost üzv dövlətlər tərəfindən dəstəklənərək ərsəyə gələn bu format ilk toplantısını Daşkənddə keçirib. Bu gün kənd təsərrüfatı üzrə məsul nazirlərin sayca ikinci iclasına toplanmışıq və bu format özünü doğrultmaqdadır". SİA xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Türk Dövlətləri Aqrobiznes Forumunda çıxışı zamanı deyib.Nazir bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində mövcud əməkdaşlıq istiqamətləri qismində miqrasiya, səhiyyə, kənd təsərrüfatı, energetika, media, ədliyyə və digər önəmli sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub: "Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmlənməsi Azərbaycanın xarici siyasət istiqamətlərindən biridir. Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən biri olmaqla bizim qədim tarixə malik məşğulluq sahələrindəndir. Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yeniləşmə bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamları və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqrobiznes Forumu ölkələrimiz arasında aqrar-ticarət əlaqələrinin güclənməsinə hədəflənib".
Ləman Sərraf