Qatar getdi. Moskva faktiki olaraq Ermənistanı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının həyata keçirilməsində zəif halqa hesab etdiyini, digər oyunçulara nisbətdə onu Şimal-Cənub nəqliyyat zəncirinin bir hissəsi kimi görmədiyini açıq şəkildə bildirdi. Dəhlizin Azərbaycanın əsas hissəsindən İran vasitəsilə Naxçıvan hissəsinə qədər olan xəttində başlanan tikinti Moskvaya çox sərfəlidir- alternativ istiqamət onun planlarına uyğundur. Belə ki, ötən gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla İran arasında Ermənistandan yan keçməklə İran ərazisindən keçən dəmiryolunun tikintisi layihəsinə münasibət bildirib.
“Bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçməklə dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar. Ermənistan, çayın o tayında sadəcə baxa-baxa qalacaq. Dəhlizin Zəngəzur hissəsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığı üçün Şimal-Cənub layihəsinin bir hissəsi kimi nəzərdən keçirilmir. Hələlik, Meğridən keçməsi planlaşdırılan yol ilə bağlı yekun mövqe formalaşmayıb”- o deyib.
Rusiyalı politoloq Vladislav Gerdinin Caliber.Az-a şərhində qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Türkiyə və Avropaya çıxışı olan Cənubi Qafqazdan keçən tranzit marşrutuna düşmək üçün tarixi şansını artıq itirib.

“Fakt budur ki, Rusiya baş nazirinin müavininin bəyanatına əsasən, İran ərazisindən keçən dəmir yolu və avtomobil yolu nəinki layihələndirilib, hətta kommunikasiyaların tikintisinə başlanılıb. Beləliklə, indidən deyə bilərik ki, tikinti başlayandan Ermənistan Asiya ilə Avropa arasında körpünün bir hissəsi olmaq üçün tarixi şansını itirib. Həmin 42 kilometr 3 il əvvəl həlledici ola bilərdi, lakin Ermənistan bu məsələni mümkün qədər gecikdirdi. Üstəlik, o, yalan danışıb və Rusiya tərəfini əmin edib ki, İrəvan dəhlizə icazə vermək üzrədir.
Sonra Bakı və Tehran İran ərazisindən keçən dəhlizin həyata keçirilməsinə dair memorandum imzaladılar. Lakin Ermənistan bu “zəng”ə də məhəl qoymadı. İndi mahiyyətcə qatar yola düşüb. Sadəcə olaraq, ona görə ki, artıq tikinti başlayıb, pul ayrılıb, layihə düşünülüb, hesablanıb və hətta indi inanılmaz hadisə baş versə belə, Ermənistan özünə gəlib tranzit dəhlizinin Zəngəzur hissəsinin yenidən qurulmasına başlanıldığını elan etsə belə artıq gecdir. İrandan keçən dəhliz artıq prioritet inkişaf mərhələsindədir və ermənilərin bəyanatlarına görə heç kim onun tikintisini ləğv etmək fikrində deyil.
Beləliklə, yeni transmilli marşrutdan Ermənistan deyil, Azərbaycan və İran faydalanır. İran öz ərazisindən yolun çəkilməsinə lobbiçilik edir və əslində, bu istiqamət Azərbaycan üçün Ermənistan ərazisindən keçən marşrutdan daha sərfəlidir. Beləliklə, Azərbaycan İran marşrutu əsasında Tehranla münasibətlərini etibarlı şəkildə möhkəmləndirir və bu, əvvəllər İranla çətin münasibətləri olan Bakı üçün mühüm strateji sıçrayışdır. Həm də ona görə ki, İran İrəvanla Bakı arasında münasibətlərin qurulması prosesində moderator kimi çıxış edə, hətta ermənilərə təzyiq göstərə bilər. Deməli, İrəvanda artıq hay-küy salıb fəryad etməyə başlaya bilərlər: “Qoymayın, hər şey əldən getdi”. Bəli, bu an həqiqətən də hər şey əldən getdi”, - deyə Gerdin yekunlaşdırıb.
Qazaxıstanlı politoloq Azat Axmetovun fikrincə, Ermənistan məhz qonşularına qarşı təkəbbür və şovinizmə görə bütün imkanlardan ayrılır.

“Qazaxıstan Zəngəzur dəhlizində çox maraqlıdır və onun icrasını diqqətlə izləyir. Biz artıq 3 ildir ki, gözləyirik və Ermənistan vəd verməkdə davam edir. Eyni zamanda, Rusiyadan başqa digər marşrutların da şaxələndirilməsinə ehtiyacımız son dərəcə böyükdür. Baxmayaraq ki, bütövlükdə Mərkəzi Asiya ölkələri nəqliyyat marşrutunun dəqiq haradan getməsinin fərqinə varmırlar- Ermənistandan, yoxsa İrandan. Amma indi gördüyümüz reallıq ondan ibarətdir ki, Ermənistan dəhliz yaratmaq öhdəliyindən boyun qaçırır, öz təhlükəsizlik məsələlərindən danışarkən təlaşa düşür və buna görə də Astana İrandan keçən dəhlizin daha etibarlı və düşünülmüş nəqliyyat marşrutu olduğunu düşünür. Qoy ermənilər özlərini inadkar gənc xanım kimi göstərməyə davam etsinlər, əgər özlərini belə rahat hiss edirlərsə.
Əminliklə deyə bilərik ki, Ermənistan öz qonşularına qarşı yürütdüyü siyasətin lovğalığı və axmaqlığı ucbatından artıq çox şey itirib və daha çox itirəcək. O, sözün əsl mənasında, milyardlarla dollar itirir. Bildiyiniz kimi, su yatan daşın altından axmır, sadəcə olaraq, ondan yan keçərək başqa yol seçir”, - deyə Axmetov bildirib.
Tərcümə - Elçin Bayramlı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...