"Azərbaycanda məşğul əhalinin sayı 4,9 milyon nəfər təşkil edir ki, onun da təxminən 36-38 faizi kənd təsərrüfatı sahəsində çalışır. Azərbaycanın digər Qafqaz ölkələri ilə müqayisədə kənd təsərrüfatı sahəsində cəlbediciliyi daha yaxşıdır və bunun da səbəbi həmin saəhəyə dövlətin verdiyi güzəştlərdir. Belə ki, 1999-cu ildən kənd təsərrüfatı sahəsi torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azaddır. Aqrar sahədə güzəşt müddəti 2024-cü ilin yanvar ayında başa çatsa da hökumət vergi azadolmalarını yenidən 3 il artırmaq qərarındadır. Eləcə də kənd təsərrüfatı məhsullarının istehsalçıları istehsal etdikləri (o cümlədən sənaye üsulu ilə) məhsulların satışına görə, dövriyyələrindən ƏDV ödəməkdən azad olunub. Bundan başqa, kənd təsərrüfatı sahəsində çalışan şəxslər əmlak və sadələşdirilmiş vergi ödənişindən də azad olunacaqlar. Bütün bunlar kənd təsərrüfatında məşğulluq və cəlbediciliyi artırır". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.Millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları zəngin iqtisadi potensiala, o cümlədən, münbit torpaq ehtiyatlarına malikdir: "Rəsmi məlumatlara əsasən, 1980-ci illərdə bu bölgədə 139.8 min hektar əkilmiş sahə mövcud olub. Əkinlərin strukturunda taxıl sahələri və üzümlüklər üstünlük təşkil edib, əkilmiş sahənin 55%-i taxıl məhsullarının, 35%-i üzümlüklərin payına düşüb. Həmin dövrdə Qarabağ və ətraf rayonlar ölkə üzrə taxıl istehsalının 13.9%-nə, üzüm istehsalının isə 25.5%-nə malik olub. Yaxın perspektivdə bu bölgədə ən azı 232 min hektar sahədə əkinlərin olacağı proqnozlaşdırılır ki, bu da ölkə üzrə bitkiçilik məhsullarının istehsalının təxminən 12-15 faiz artımına səbəb olacaqdır. Bundan başqa ənənəvi olaraq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında 1980-ci illərdə 321 min baş iribuynuzlu heyvan və 1.1 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Perspektiv dövrdə isə bu sayın müvafiq olaraq iribuynuzlu heyvanlar üzrə 430 min başa və xırdabuynuzlu heyvanlar üzrə 1.6 milyon başa çatdırmaq imkanları var. Hazırda bu ərazilərdə heyvandarlıq təsərrüfatlarının yaradılması işləri də davam etdirilir. Həmin bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalının olacağı proqnozlaşdırılır ki, bu da işğaldan azad edilmiş ərazilər ölkə iqtisadiyyatı və ərzaq təhülküəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqdır".A.Hüseynov vurğulayıb ki, artıq bu ərazilərdə taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrinin inkişaf etdirilməsi, heyvandarlıq təsərrüfatlarının yaradılması üçün işlərə başlanılıb: "Türkiyə, İsrail və digər ölkələrlə bu layihələrin əsası qoyulub. Kəlbəcər və Laçında arıçılıq təsərrüfatları yaradılıb. “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Dövlət bu ərazidə çalışan fermerlərə və kiçik, fərdi sahibkarlara, vətəndaşlara həm dəstək göstərir, subsidiya verir, həm də vergi və sosial güzəştlərlə əhatə edir. Bu da öz növbəsində gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının xarici idxal asılılığından azad olmasına öz müsbət təsirini göstərəcəkdir".
Müəllif: Rəşid Qarayev
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...