“Regionlarda yol infrastrukturunun qurulmasının böyük faydaları var. Bunlar iqtisadiyyatın bərpa olunması üçün vacib layihələrdir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.Onun sözlərinə görə Bərdə-Ağdam-Əsgəran sırf Qarabağa çəkilən yoldur: “Bu yolda 30 il boyunca Qarabağla Azərbaycanın heç bir əlaqəsi olmayıb, yol təsərrüfatı dağılıb, digər iqtisadi rayonlarla əlaqə məlum səbəblərdən pozulub. Bu baxımdan infrastrukturun bərpası həmin ərazilərdə yaşayışın təmin edilməsi baxımından çox vacibdir”.X.Kərimli qeyd edib ki, hökumət son bir neçə ildə Qarabağ və Şərqi Zəngəzurda 7 milyard dollara qədər investisiya qoyub: “Növbəti ilin büdcəsindən də təqribən 4 milyard manat rezerv nəzərdə tutulur. Bu baxımdan dövlətin əsas görməli olduğu işlərin içərisində yol infrastrukturu, enerji infrastrukturu, təhlükəsizliyin təmin edilməsi, sosial yaşayış infrastrukturunun qurulması yer alır. Bu konteksdə də yol çox vacib elementdir. Qarabağa gedən yolların ən az 1990-cı illərdən indiyədək bərpası, saxlanmasına məlum səbəblərdən diqqət ayırmaq mümkün olmayıb. Yəqin ki, gələn il də Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd istiqamətində belə layihələri çox görəcəyik”.
Müəllif: Rəşid Qarayev
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...