“Cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bir çox məqamları ilə diqqəti çəkir. Müsahibənin ümumi məzmunu bir daha “Euronews” televiziya kanalı vasitəsilə dünya ictimaiyyətinə Azərbaycanın güclü, qüdrətli, sosial-iqtisadi cəhətdən inkişaf edən və dünyada getdikcə beynəlxalq nüfuzu yüksələn bir dövlət kimi tanıtmış oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, cənab Prezident müsahibə zamanı bir çox məsələlərə toxunub: “Xüsusilə Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə və bu inkişafın ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsinə, son 20 ildə Azərbaycan iqtisadiyyatının xeyli güclənməsinə və qeyri-neft sektorunun inkişafı üçün 300 milyard dollara yaxın vəsait qoyulması, Azərbaycanın xarici borclarının ölkənin ümumdaxili məsuluna nisbətən az bir məbləğ təşkil etməsinə diqqət çəkir.Eyni zamanda, müsahibə zamanı ölkə başçısı haqlı olaraq qeyd edir ki, Azərbaycan bu gün Avropanın enerji daşıyıcıları ilə təminatında mühüm rol oynayır. Əgər neft və qaz təminatında Azərbaycanın rolu getdikcə genişlənir, bununla yanaşı yaşıl enerjinin də Azərbaycanda istehsalına çox ciddi fikir verilir. Gələcəkdə Avropanın yaşıl enerji təminatında da Azərbaycan mühüm ölkələrdən biri olacaq.Ölkə başçısının diqqət yetirdiyi digər məqam isə aktual olan Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə başa çatdırılması, bölgədə sabitlik və tərəqqinin inkişafının başlanması ilə bağlıdır. Cənab Prezident haqlı olaraq qeyd edir ki, Azərbaycan uzun müddət torpaqlarının işğaldan azad olunmasında sülh danışıqlarına üstünlük verdi, BMT başda olmaqla müxtəlif beynəlxalq təşkilatlarda qərarlar qəbul edilməsinə baxmayaraq, Azərbaycan torpaqlarını öz gücü vasitəsilə işğaldan azad etdi. Amma Azərbaycan yenə də sülh yolunu tutdu. Eyni zamanda, indiyə qədər bütün sülh təkliflərinin də Azərbaycan tərəfindən verildiyi qeyd olundu.İşğaldan azad edilmiş torpaqlarımızın sürətlə bərpası həm ölkədə insanların rifah səviyyəsinin artmasına, həm də Azərbaycan iqtisadiyatının da inkişafına öz töhfəsini verir.Dövlət başçısı eyni zamanda, Azərbaycanın dünya logistika sistemindəki rolu məsələsini də qeyd edib. Şərq-qərb və şimal-cənub dəhlizi vasitəsilə Azərbaycanın müxtəlif dövlətlərin iqtisadiyyatına töhfə verəcəyi bildirilib. Şübhəsiz ki, Zəngəzur koridorunun açılması da iqtisadi inkişafda mühüm rola sahibdir.
Bütövlükdə müsahibə Azərbaycanın yaxın gələcək üçün qarşıya qoyduğu perspektivləri göstərdi”.
Müəllif: Səbinə Hüseynli
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...