PDF Oxu

İqtisadiyyat

  • 5 443

Rusiyalı nüvə fiziki: Metsamor AES region üçün böyük təhlükə mənbəyidir - MÜSAHİBƏ

Rusiyalı nüvə fiziki: Metsamor AES region üçün böyük təhlükə mənbəyidir - MÜSAHİBƏ

Rusiyalı fizik mühəndis, “Radioaktiv Tullantıların Təhlükəsizliyi” proqramının eksperti Andrey Ojarovski “Caliber” analitik mərkəzinə müsahibəsində Metsamor AES-lə bağlı danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan Rusiya ilə qurulmuş əlaqələri pozmaq mərhələsindədir və Qərb İrəvana müxtəlif sahələrdə, o cümlədən nüvə enerjisində getdikcə daha fəal yardım və əməkdaşlıq təklif edir. Və bu narahatlıq doğurur. Belə ki, ABŞ Ermənistana Metsamordakı AES üçün Rusiya nüvə yanacağını tamamilə dəyişdirməyi, onu özünün yanacağı ilə təmin etməyi təklif etdi. Amma belə bir fikir var ki, o yanacaq, postsovet məkanındakı AES-lər, o cümlədən Ermənistan AES-i üçün uyğun deyil. Rusiya yanacağının Amerika yanacağı ilə əvəzlənməsi bütün Cənubi Qafqaz regionu üçün təhlükə yaradan reaktorun sıradan çıxmasına səbəb ola bilərmi?

- Həqiqətən də, nə olursa-olsun, Rusiyanın enerji resurslarından- qazdan, neftdən və ya uran yanacağından- imtina etməsi bir növ tendensiyaya çevrilib və ABŞ-ın Ermənistana nüvə yanacağı idxalını əvəz etməyi təklif etməsi tamamilə məntiqlidir. Ancaq nüanslar var: Ermənistan reaktor da daxil olmaqla SSRİ dövründən qalan VVER 1000, həmçinin VVER 440 tipli reaktorları üçün yanacağın Amerika istehsalı olan nüvə yanacağı ilə dəyişdirilməsi yaxın gələcəkdə mümkün deyil.

- Niyə?

- Çünki bu sinfə aid reaktorlar üçün yanacaq çatışmazlığı var. Nəzərinizə çatdırım ki, nüvə yanacağı təkcə zənginləşdirilmiş uranın özü deyil, həm də əlavə komponentlər, məsələn, yanacaq yığımıdır. Və əgər bir çox ölkələr uran yanacağı istehsal edirsə, onda olan bütün komponentlər yalnız texnoloji nəhəng ölkələr, birbaşa nüvə texnologiyaları istehsalçıları tərəfindən istehsal olunur. Bu yanacaq Sovet texnologiyalarında olan bu əlavə elementlərin dizaynında cüzi də olsa fərqlənir, ona görə də indi ABŞ Fransa ilə birlikdə oxşar yanacaq növünü inkişaf etdirir. Və gələcəkdə dəyişdirmə bu ssenari üzrə baş verərsə, Ermənistan reaktorunun işləməsi üçün heç bir texniki təhlükə gözlənilmir, hər şey öz qaydasında işləməlidir.

Əvvəllər bu baş vermirdi, çünki Rusiya bu cür prosesləri məharətlə idarə edib, öz nüvə yanacağını kifayət qədər ucuz qiymətə satır və müxtəlif ölkələr onu həvəslə alırdılar. Amma indi, təəssüf ki, vəziyyət dəyişib, “Rosatom” Britaniyada artıq sanksiyalara məruz qalıb və təbii ki, bu, tezliklə Avropanın qalan hissəsində də baş verəcək.

Amerika yanacağının Sovet reaktorları üçün tamamilən yararsız olması barədə bəyanat daha çox mifdir. Taleyin ironiyası odur ki, bir vaxtlar Qərb tipli reaktorlar üçün, məsələn, İsveç və ya İsveçrədəki atom elektrik stansiyaları üçün uğurla yanacaq istehsal edən və satan Rosatom idi və heç bir texniki problem yaranmadı.

- Ötən il ABŞ da fəal şəkildə Ermənistana kiçik atom elektrik stansiyaları şəbəkəsini inkişaf etdirməyi təklif edib. Ermənistan hökuməti 2023-cü il iyunun 1-də ABŞ-la nüvə enerjisi sahəsində əməkdaşlığa dair yeni saziş layihəsini təsdiqləyib. Siz Ermənistanın belə nüvə reformasiyası perspektivini necə qiymətləndirirsiniz, bu nə dərəcədə realdır, regionun digər ölkələri üçün risklər varmı?

- ABŞ və ya Rusiyanın köməyi ilə yeni nüvə reaktorlarının tikilməsi planları nə dərəcədə realdır? Bu, daha çox pul məsələsidir. Əgər istehsalçı belə bir layihəyə sərmayə qoyarsa, o zaman Ermənistanın bunu məmnuniyyətlə qəbul edəcəyini düşünürəm. Amma mən Ermənistanın atom elektrik stansiyası kimi bahalı layihəyə sərmayə qoyma imkanını görmürəm, sadəcə olaraq, Yerevanın bunun üçün resursları yoxdur.

Digər tərəfdən, deyə bilərik ki, qlobal enerji istehsalında nüvə sənayesinin payı hər il durmadan azalır və yeni AES-in işə salınması çox nadir hadisədir. Və burada Ermənistan yaxşı düşünməlidir. Atom elektrik stansiyaları bahalıdır, tikintisi uzun müddət, onilliklər tələb edir və bu müddət ərzində sərmayə qoyulmuş vəsaitlər mahiyyətcə dondurulur. Amma bu pula külək və ya günəş elektrik stansiyaları, yaxud bərpa olunan enerji mənbələri olan digər obyektlər tikilsəydi, inanın ki, son məqsədə daha tez nail olmaq olardı- əhalinin və sənayenin elektrik enerjisi ilə təmin olunması baş tutardı. Mənə elə gəlir ki, Ermənistanın nüvə energetikası kursuna sadiq qalması zərurəti barədə söhbəti nüvə enerjisi istehsalçılarının özləri uydurublar.

Təbii ki, Ermənistanın indi seçimi var- ya günəş və külək enerjisini inkişaf etdirmək, ya da bu və ya digər nüvə ölkəsinin, istər Rusiya, istərsə də ABŞ-ın vəsaitlərinə arxalanmaq.

- Bir neçə həftə əvvəl ABŞ Çin və Rusiya ilə eyni vaxtda müharibə aparmağa hazırlaşmalı olduğunu elan etdi və bununla da Vaşinqton nüvə təhlükəsizliyi strategiyasında dəyişiklik etdiyini açıqladı. ABŞ Konqresinin 2022-ci ildə yaratdığı Strateji Vəziyyət Komissiyası belə bir siyasətə çağırıb. Bu, mahiyyət etibarilə, ABŞ-ın nüvə silahı yarışına girmək üzrə olduğunu deməyə əsas verir, Rusiya və Çin isə bu yolla getməyə tam hazırdır. Nüvə silahından istifadə ilə bağlı hadisələrin və münaqişələrin yaxın gələcəkdə bu cür dönüşü nə dərəcədə mümkündür?

- Bəli, təəssüf ki, dünyanın nüvə silahı yarışına qayıtması tendensiyalarını görürəm. Buna həm mövcud nüvə silahlarının köhnəlməsi, həm də sırf fiziki səbəblərə görə modernləşdirilməsi zərurəti səbəb olur. Digər tərəfdən, dünyada qarşıdurmalar çoxalır ki, bunun nəticəsi atom silahından istifadə edilən münaqişələr ola bilər. Ölkələr tədricən silahların azaldılması sazişlərindən imtina edir və nüvə sınaqlarını bərpa etməyə keçə bilər. Bu da ətraf mühit üçün son dərəcə riskli və təhlükəlidir. Nüvə silahı sisteminin dərin modernləşdirilməsinə ilk kimin başlaya biləcəyini hələ bilmirik, lakin hər şey buna doğru gedir və bu, əlbəttə ki, çox üzücüdür, çünki belə bir yarış böyük resurs sərf edəcək. Fikrimcə, bu resurslar kütləvi qrığın silahları yaratmaq üçün deyil, insanların rifahını və ətraf mühiti yaxşılaşdırmaq üçün istifadə edilə bilər.

Yada salmaq yerinə düşər ki, nüvə silahı kütləvi qırğın silahıdır və bu cür silahların istənilən modernləşdirilməsi bu və ya digər dövlətin dünya miqyasında insanları, o cümlədən mülki əhalini məhv etməyə hazır olduğunu göstərir. Onsuz da mövcud olan hərbi münaqişələrin olduğu yerlərə nüvə silahlarını əlavə etsək, ətraf mühitin radiasiya ilə çirklənməsini demirəm, insan itkisi yüzlərlə dəfə artacaq. Və dünya indi belə bir təhlükənin astanasındadır.

- Bir nüvə fiziki və ekoloq kimi Metsamor AES-in Qafqazın ekologiyası üçün yaratdığı təhlükələri nəzərə alaraq onun tezliklə bağlanmasının tərəfdarısınızmı?

- Gördüyüm kimi, Ermənistan indi seçimlə üz-üzədir: təhlükəli, çirkli nüvə enerjisinə malik ölkə olaraq qalsın, yoxsa dünyanın bir çox ölkələrindən, o cümlədən qonşu Azərbaycandan nümunə götürərək bərpa olunan enerjini inkişaf etdirməyə çalışsın. Bu, düşünülmüş həll tələb edən spesifik yanaşmadır: məsələn, dağlıq şəraiti ilə Ermənistan üçün günəş və külək enerjisi ən uyğun ola bilər. İndi Ermənistanda külək enerjisi azdır, lakin onun imkanlarını genişləndirmək olardı. Yeri gəlmişkən, sizə xatırlatmaq istərdim ki, bu yaxınlarda COP28 konfransında bir çox ölkələr 2030-cu ilə qədər günəş enerjisi imkanlarını 3 dəfə artırmaq qərarına gəliblər və hesab edirəm ki, Ermənistanın seçimi hələ də bərpa olunan enerji mənbələrinin xeyrinə olmalıdır. Metsamor atom elektrik stansiyası zəlzələyə meyilli ərazidə yüksək hündürlükdə yerləşən stansiya olduğundan və nüvə ilə çirklənmə təhlükəsi olduqca yüksək olduğundan bu, region üçün təhlükələri xeyli azaldardı. Əslində, bu, 60-cı illərdə hazırlanmış ilk Sovet rektorlarındandır və çox kəhnədir, burada radioaktiv zonanın "ərimə tələsi" yoxdur, qoruyucu qabıq yoxdur- yəni bu obyektlərdə ümumi qəbul edilmiş müasir təhlükəsizlik avadanlıqlarının vacib elementləri yoxdur. Bütün bunlar qəzanın mümkün nəticələrini artırır, bunu istisna etmək mümkün deyil, çünki bunlar hətta Fukusimadan əvvəlki deyil, Çernobıldan da əvvəlki dövrlərə aid texnologiyalardır, bütün modernləşdirmə cəhdlərinə baxmayaraq.

Baxmayaraq ki, Ermənistan da nüvə enerjisi üçün lobbiçilik edən ölkələrin, məsələn, Ukrayna və digərlərinin təsiri altına düşə bilər. Baxmayaraq ki, qeyd edirəm ki, ABŞ nədənsə nüvə reaktorlarının tikintisində bum yaşamır- bunlar amerikalıların yalnız başqa ölkələrə ixrac üçün istifadə etdikləri texnologiyalardır, ona görə də İrəvan müsbət və mənfi cəhətləri bir daha diqqətlə ölçməlidir. Yaşıl enerjiyə alternativin olmadığına çoxdan əmin olan Azərbaycanda ən yeni bərpa olunan enerji texnologiyaları fəal şəkildə tətbiq edilir ki, buna görə də Bakının ancaq alqışlamaq olar.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər