1200 manat dəyərində məhsul verən 1 hektar taxıl sahəsinin sığortalanması fermerlərə 6-12 manata başa gəlir
Kəndlinin alın təri ilə suvarılan, zəhməti ilə böyüyən, əməyi ilə biçilən məhsulların bir də biçilməməsi halı var. Çünki kənd təsərrüfatı çoxsaylı və müxtəlif risklərin olduğu sahədir. Kəndli əkdiyini həmişə biçə bilmir, çünki əkinlərin məhsuldarlığı və fermerlərin gəlirləri böyük həcmdə hava şəraitindən asılıdır. Leysan, dolu, şaxta kimi təbiət hadisələrində kəndlinin əkini də təhlükədə olur.
Kəndliyə ən çox dolu zərər verir
Müşahidələr göstərir ki, bütün dövrlərdə əkinçiliyə ən böyük zərəri dolu vurub.Dolu əkin sahələri ilə yanaşı, kolları, tingləri, ağacların budaqlarını məhv edir, hətta bəzən dolu yağması nəticəsində quşlar da tələf olurlar. Evlərin damı, avtomobillər belə doludan ciddi formada zərər görə bilir. Dolu yağması əkinlərə təkcə fiziki zərər vurmur, dolunun bitkinin qabığını zədələməsi nəticəsində, burada yeni xəstəliklər, o cümlədən göbələk xəstəlikləri ortaya çıxır və əkinə düzəlməyən zərər dəyir. Beləliklə, kəndlinin min bir əziyyətlə böyütməyə çalışdığı məhsulun 70-100%-i itirilir.
Qeyd edək ki, dolu ən çətin proqnoz edilən hadisədir. Hansı əraziyə dolu düşüb-düşməyəcəyini əvvəlcədən proqnozlaşdırmaq müşküldü, bəzən hətta dəqiq proqnoz olduqda belə, bu hadisənin qarşısını almaq faktiki olaraq mümkünsüzdür. Təb bizim ölkədə deyil, dünyada kənd təsərrüfatı sektorunda dolu yağmasının böyük zərərləri ilə bağlı misallar minlərlədir. 2010-cu ildə isə Kanadanın Alberta vilayətində dolu 90 min hektar əkin sahəsini məhv edib, dəyən zərər 18,5 milyon dollar təşkil edib. 2013-cü ildə ABŞ-ın Montana ştatında dolu yağması kənd təsərrüfatı sahəsinə 14 milyon dollarlıq zərər vurub. Bu həmin ştatda 98 illik doludan sığorta proqramı üzrə qeydə alınan ən böyük ödəniş olub. 2015-ci ildə Avstraliyada dolu yağması bitkiçilik və əkin sahələrinə 250 milyon dollar zərər vurub. Bu hadisə nəticəsində təkcə qida bitkiləri deyil, həm də böyük pambıq sahələri məhv olub.
Azərbaycanda doludan qorunmaq kəndliyə neçəyə başa gəlir?
Azərbaycanda dövlət dəstəyi ilə yeni tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini doludan da sığortalamağa imkan verir. Orta rəqəmlərə əsasən, 1200 manatlıq taxıl yığılan 1 hektar sahənin sığortalanması ölkənin əksər ərazilərində fermerlərə 6-12 manata başa gəlir. Sığortalanan təsərrüfatlarda dolu vurma və digər sığorta hadisəsi baş verdikdə 10% azadolma məbləği sıxılaraq zərərin 90% həcmində sığorta ödənişi edilir.
Bəzi hallarda dolu yağması məhsulu məhv etməsə də, onun qabığına zərər vuraraq xarici görünüşünü korlayır. Nəticədə məhsul itirilməsə də, görünüşünü korlandığına görə, onun satışında problem yaranır, fermer onu qat-qat ucuz satmağa məcbur olur və böyük zərərə düşür. Azərbaycandakı aqrar sığorta ilə fermerlər öz məhsullarını bu riskdən də qoruya bilərlər. portağal, limon, naringi kimi meyvələri dolu vurması nəticəsində əmtəə görünüşünün itirilməsi və qiymətin aşağı düşməsi riskindən sığorta etmək olar. Bu zaman itirilən qiymət fərqinə görə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişi edilir. Bu sığorta tarifi məhsulun qiymətinin 1-2%-i arasında dəyişir, üstəlik sığorta haqqının yarısını da dövlət ödəyir.
Əvəzində fermerlər qiymətdə itirdikləri məbləğin 90%-ni ödəniş şəklində geri ala bilərlər. Məsələn, Lənkəranda məhsulunun ümumi qiyməti 25 min manat olan portağal bağını bu riskdən sığortalamaq üçün sığorta haqqı 260 manat təşkil edir. Fermer bu məbləğin yarısını – 130 manat ödəyir.
Sahəni dolu vurması nəticəsində portağalın qabağına dəyən zərər onun əmtəə görünüşünü korlayır və satışında poblem yaradır. Bunun nəticəsində, məsələn, kiloqramı 1 manat olan portağalın qiymət 50 qəpiyə enirsə, fermerin üzləşdiyi hər kiloqramda 50 qəpik, ümumi sahədən isə 12 500 manatlıq qiymət itkisi zərərinin 90%-i, yəni 11 250 manat kompensasiya edilir. Yəni Aqrar Sığorta Fondu ona bu məbləği ödəyir.
Belə sığorta təkcə yerli bazara deyil, xaricə məhsul ixrac edən təsərrüfatlar üçün xüsusilə vacibdir və onları böyük itkilərdən qoruya bilər.
Sığortalanmaq üçün nə etməli?
Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTIS) olan məlumatlarla müqayisə edilərək yoxlanılır. EKTİS-də qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını Fondla razılaşdırmalıdır.
Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə baxış keçirilir. İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir. Sığorta risklərini və zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs müstəqil ekspert hesab edilir. Müstəqil ekspert olmaq üçün aqrar sığorta fəaliyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçməli, müvafiq sertifikat almalı və reyestrə daxil edilməlidir.
Sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.
Külək, leysan, şaxta, sel…
Məlumat üçün qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən qeydə alınmış sığorta hadisələri lokal xarakter daşımır, ölkənin bütün ərazisini əhatə edir və müxtəlif dönəmlərdə olur. Bu ilin fevral və mart ayında güclü küləklər məhz Qobustan, Şəki, Zaqatala bölgəsində sığorta hadisələri yaradıb, may ayı ərzində güclü leysan, daşqınlar Aran bölgəsində, eləcə də cənub bölgəsində sığorta hadisələrinə səbəb olub.
Ümumiyyətlə, ölkəmizdə baş vermiş sığorta hadisələrinin 47 faizi güclü küləklər, fırtına, qasırğa nəticəsində yaranmış itkilərdir, 21 faizi sel, daşqınlar, yağış, güclü leysanlar nəticəsində yaranmış yağışlar, 11 faizi isə dolu ilə müşahidə edilən digər təbiət hadisələridir. Digər şaxtavurma hadisələri var, üçüncü şəxslərin hərəkətləridir. Üçüncü şəxslərin hərəkəti dedikdə - aqrar sığortalının, yəni fermerin özü və ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və yaxud hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Ailə üzvləri- valideynlər, uşaqlar, həyat yoldaşıdır. Yəni, fermerin özü və ya bu şəxslərdən başqa qalan hər kəs 3-cü şəxs sayılır və onun təsərrüfata vurduğu zərər sığorta ilə qarşılanır.
Aqrar sığorta fermerin təminatıdır. Bütün risklərə rəğmən məhsulunu itirməyəcəyinin qarantıdır. Odur ki, sığortalanmış əkin sahələrindan fayda, qazanc götürə bilmək üçün soğorta haqqında düşünməyə dəyər.
Lalə Mehralı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...