“2022-ci ildə 133.8 milyard manatlıq ÜDM-nin əsas səbəbləri Rusiya-Ukrayna müharibəsi nəticəsində dünya bazarlarında yüksək neft qiymətləri ilə yanaşı qiyməti az qala 6-7 dəfəyə qədər bahalaşan qaz qiymətləri və qaza olan yüksək tələb oldu. Həmin ildə qaz gəlirləri az qala neft gəlirlərinə yaxınlaşırdı. Bu isə azalan neft hasilatını artıqlaması ilə kompensasiya etdi. Biz qaz bazarında 2022-ci ilin anormal qiymətlərini 2023-cü ildə görmədik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. Onun sözlərinə görə, hazırda SOCAR-ın neft gəlirləri və müvafiq olaraq neft gəlirləri üzrə büdcə daxilolmalarının (vergilərin) aşağı düşməsinin şahidi olmaqdayıq və bu temp böyük ehtimalla davam edəcək: "Bütün bunların fonunda 2023-cü ildə neft-qaz sahəsində ÜDM-nin 2022-ci il ilə ciddi şəkildə rəqabətə girərək artım göstərəcəyini gözləmək doğru deyildi. Əksinə, yanvar-oktyabr aylarında netf sektorunda 2.3%-lik azalma müşahidə olunur ki, bu da gözlənilən idi”.İqtisadçı bildirib ki, məsələnin digər tərəfi qeyri-neft sektorunda müşahidə olunan 3.1%-lik artım və bu tempi artırmaq üçün atıla biləcək addımlar barədədir: "Bir çoxları düşünür ki, neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafını sürətləndirməlidir. Bunun səbəbləri çoxdur. Resurs gəlirləri ölkələrdə “Holland sindromu”nun formalaşmasına səbəb olur. İqtisadi sahədə formalaşan bu sindrom iqtisadi konyukturaya, yanaşma və düşüncə tərzlərinə, mentalitetə və sair sosial, psixoloji amillərə təsir edərək dərin iz buraxır. Sonra hökumət bu sindromun qırılması üçün addımlar atır, islahatlar aparır. Lakin, həmin islahatların həyata keçirilməsi zamanı yenə də illər öncə kök atmış və düşüncələri dəyişmiş həmin sindromun mənfi təsirləri bəzən açıq şəkildə hiss olunmasa da demək olar ki, bütün sahələrdə həlledici rol oynayır. Çünki, bu sindrom bütün sahələrə səssiz və ağrısız bir şəkildə metastaz vermə xüsusiyyətinə malikdir. Bu səbəbdən bizim əsas məqsədimiz bu təsirləri müəyyən edərək kənarlaşdırmaq, düşüncə və yanaşma tərzini kökündən dəyişməkdir”.
Ləman Sərraf
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...