PDF Oxu

İqtisadiyyat

  • 4 262

“İnflyasiyanın aşağı həddə salınması istiqamətində uğurlu nəticələr əldə olunub” - MÖVQE BİLDİRİLDİ

“İnflyasiyanın aşağı həddə salınması istiqamətində uğurlu nəticələr əldə olunub” - MÖVQE BİLDİRİLDİ

“Yola saldığımız 2023-cü ili Azərbaycanda sosial-iqtisadi baxımdan uğurlu il hesab etmək olar. Baxmayaraq ki, dünya maliyyə iqtisadi böhranı Covid-19 pandemiyasından sonra hələ də davam edir, həmçinin üzərinə regionda və dünyada bir sıra qlobal problemlər də əlavə olunub. O cümlədən dünyada baş verən müharibələr, siyasi gərginliklər, iqlim dəyişmələrinə baxmayaraq, Azərbaycanda sabitlik qorunub saxlanılmış, iqtisadi artım və sosial müdafiə templəri davam etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, ilin əvvəlində cənab Prezidentin sərəncamları ilə əməkhaqları, pensiyalar, təqaüdlər artmış və bu artımlar təxminən 10-15 faiz arasında olmuşdur: “Bu da əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda bu il ötən ilə nisbətən minimum əməkhaqqı və ünvanlı sosial yardım almaq üçün ehtiyac meyarı da yüksəlmişdir. İşsizlik və yoxsulluğun minimum həddə saxlanılması mümkün olmuş, yeni-yeni iş yerləri açılmışdır. O cümlədən, Qarabağ və Şərqi Zəngəzurda da xeyli iş yerləri açılıb. Bu da əhalinin məşğulluğunun təmin olunmasına öz müsbət təsirini göstərib.Vətən müharibəsi əlilləri, veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər bu il də davam etdirilib. Bu qəbildən ehtiyacı olan insanların mənzillə təminatı, minik avtomobillərinin verilməsi prosesləri də davam etdirilib. Bu sahələrdə heç bir problem yoxdur.Əlbəttə ki, əsas diqqət Qarabağda və Şərqi Zəngəzurda əhalinin məskunlaşması məsələlərinə verilib. Laçın və Füzuli rayon mərkəzləri tikilərək məcburi köçkünlərin ora köçürülməsi təmin olunub. Ağdam, Şuşa və Füzulidə böyük işlər görülüb. Laçın hava limanının tikilməsinin əsası qoyulmuş və bu istiqamətdə artıq işlər görülür. Zəngilan və Füzuli hava limanları isə artıq hazırdır. Qarabağın bərpası sahəsində Birinci Dövlət Proqramı uğurla icra olunub, indiyə qədər də bu proqramın icrası üçün 12 milyard manat vəsait xərclənib. Gələn il də bu işlər davam etdiriləcək və dövlət büdcəsindən əlavə dörd milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu il ərzində əhalinin müxtəlif təbəqələrinin inflyasiyadan qorunması üçün tədbirlər keçirilmiş və inflyasiyanın aşağı həddə salınması istiqamətində uğurlu nəticələr əldə olunub.Beynəlxalq sahədə də ölkəmizin əməkdaşlıqları davam etmiş, bir çox tədbirlərdə uğurlu iştirak və çıxışlar baş tutmuşdur. O cümlədən İƏT ölkələrinin əmək nazirlərinin növbəti konfransı Azərbaycanda keçirilmiş və ümumi qərarla ölkəmizdə Əmək Mərkəzi yaradılmışdır. Bu da sosial sahədəki böyük uğurlarımızdan biri idi”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər