Tez-tez tur şirkətlərinin elanları ilə qarşılaşırıq. Bəzən isə elanlarda göstərilən xidmətlər olduğu kimi göstərilmir, qeyd edilən şərait yaradılmır. Bu kimi hallardan özümüzü necə qoruya bilərik? SİA mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Rəhman Quliyevin fikrini öyrənib.Onun sözlərinə görə, 2015-ci ildə cənab Prezident İlham Əliyevin göstərişi ilə bir çox sahələrdə lisenziyaların ləğv olunması turizm sektoruna da şamil olundu. Amma təəssüflər olsun ki, bəzi şirkətlər bundan sui-istifadə etdilər: “Bir çox şirkətlər təhrif olunmuş qiymətlərlə sosial şəbəkələrdə reklamlarını paylaşırlar, amma bunun qarşılığında həmin xidməti göstərə bilmirlər. Vətəndaşlar ayıq-sayıq olmalıdırlar, sosial şəbəkələrdə gördükləri qiymətin arxasınca getməsinlər. Turların qiymətləri min manatdan yuxarıdır, 3-5 manat deyil ki, kiməsə keçəsən, yaxud güzəştə gedəsən. Burada hətta qiymətlər 10, 20, 50 minə qədər dəyişir. Bu baxımdan Azərbaycan vətəndaşlarının ölkədən xaricə səyahətə gedərkən normal turizm şirkətlərinə yaxınlaşması tövsiyə olunur. Azərbaycanda fəaliyyət göstərən sağlam turizm şirkətləri var. Vətəndaş ildə 1-2 dəfə xaricə səyahət planlayırsa ən azından turizm şirkətinin ofisinə getməli, əməkdaşlarla təmasda olmalı, üz-üzə danışmalı, ən əsas da müqavilə, ödədiyi pulun qarşılığnda qəbz tələb etməlidir. Sabah hansısa neqativ hallar, getdiyi ölkədə siyasi hadisələr, təbii fəlakətlər baş verərsə həmin şəxs geri dönüb bunu turizm şirkəti ilə qarşılıqlı formatda həll edə bilməlidirlər”.Ekspert bildirib ki, bu gün turistlər sosial şəbəkələrə üstünlük verirlər: “Mən insanları da qınamıram. Təhrif olunmuş qiymətlərlə insanların üzərinə gedir və çaşdırırlar. Bəzi hallarda görürük ki, insanlar gedib aeroportda qalır. Geri dönüş etdikdə isə həmin şirkətin olmadığı üzə çıxır. Aydın olur ki, o şirkət sosial şəbəkələrdə bir səhifədən ibarət olub. Geri dönüş etdikdə isə nə səhifə, nə də qoyulan nömrələr qalır. Bu da insanlarda problemlər, depressiya yaradır. Burada əsas məsələ odur ki, bu xəbəri eşidəndə artıq sağlam turizm şirkətlərinə də inanmırlar. Bu da sektor üçün faciəvi bir şeydir. El arasında deyilən kimi, “Qurunun oduna yaş da yanır”. Bu baxımdan da hesab edirəm ki, vergi ödəyicisi olan sağlam şirkətlərin qorunub saxlanması üçün güclü nəzarət mexanizmi yaradılmalıdır. Düşünürəm ki, bu mexanizm sektorda böyük bir inqilab yaradacaq, turistlərlə turizm şirkətləri arasında qopan bağları birləşdirəcək və etibar körpüsünü bərpa edəcək. Bundan sonra hər kəs əvvəlki kimi sağlam turizm şirkətlərinə etibar edib işlərini görəcək. Sağlam turizm şirkətləri turist üçün vəkil rolunu oynayır. Mən də hesab edirəm ki, bu gündən sonra vətəndaşlar istər Azərbaycan hüdudlarında kənara gedərkən, istərsə də ölkədaxili səyahətlər edərkən güvənilən turizm şirkətlərindən istifadə etsinlər. Bu onların normal səyahətləri üçün əlverişli şərait yaradacaq”.
Müəllif: Rəşid Qarayev