Əgər bu sürətlə istehlak edilməyə davam edərsə yaxın gələcəkdə resursların tükənməsinə görə dünya enerjisiz qala bilər. Bu səbəbdən enerji ehtiyatlarını qorumaq və istehlakda qənaət etmək vacibdir. Enerjidən istifadə zamanı görəcəyimiz kiçik tədbirlər ümumi istehlaka böyük qənaət vəd edir. Edəcəyimiz qənaət isə gələcəyimizə töhfə verəcək. Uşaqlara gözəl gələcək qurmaq üçün enerji və enerji resursları israf edilməməlidir.
Enerji səmərəliliyi, məhsul və xidmətlərin təmin edilməsi üçün tələb olunan enerji miqdarının azaldılması deməkdir. Məsələn, bir evin düzgün izolyasiyası, ideal temperatura nail olmaq və bu temperaturda saxlamaq üçün daha az istilik və soyutma enerjisi istifadə etməsinə imkan verir. Led işıqlandırmadan istifadə, ənənəvi közərmə üsulu lampalarından istifadə ilə müqayisədə, eyni işıqlandırma səviyyəsinə nail olmaq üçün tələb olunan enerji miqdarını azaldır. Enerji səmərəliliyinin yaxşılaşdırılması çox vaxt, daha səmərəli texnologiya və ya istehsal prosesinin qəbul edilməsi, həmçinin enerji itkilərini azaltmaq üçün ümumi qəbul edilmiş metodların tətbiqi ilə əldə edilir.
Enerjidən istifadənin azaldılması enerji xərclərini azaldır. İstehlakçılar enerjiyə qənaət edən texnologiyanın tətbiqi ilə maliyyə xərclərinə qənaət edə bilər. Enerji istifadəsinin azaldılması həm də istixana qazlarının emissiyalarının azaldılması deməkdir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, binalarda, sənaye proseslərində və nəqliyyatda enerji səmərəliliyinin yüksəldilməsi 2050-ci ilədək dünyanın enerji ehtiyaclarını üçdə bir nisbətədək azalda bilər və qlobal istixana qazları emissiyalarına nəzarət etməyə kömək edə bilər.
Enerji səmərəliliyinin faydalarına, iqlim dəyişikliyinin təsirinin azaldılması, havanın çirklənməsinin azaldılması, oksigenin keyfiyyətinin yaxşılaşdırılması, enerji təhlükəsizliyinin yüksəldilməsi, enerji istehlakçıları üçün azaldılmış qiymət faktorları daxildir. Enerji səmərəliliyini artırmaq üçün bir çox üsullar var və bu gün dünyanın bir çox istehsalçı şəbəkəsi bu qaydaları tətbiq edir.
Dondurucular, sobalar, qabyuyan və paltaryuyan maşınların müasir modelləri köhnə cihazlardan olduqca az enerji sərf edir. Paltarları paltarqurutma maşınında deyil, ipdə, günəşin altında qurutmaq enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. Mövcud enerjiyə qənaət edən soyuducular, məsələn, 2000-ci illərdəki modellərdən 40 faiz az enerji sərf edir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Avropadakı bütün ev təsərrüfatları on ildən artıq köhnəlmiş cihazlarını yeniləri ilə əvəz etsəydilər, hər il 20 milyard kVt/saat elektrik enerjisinə qənaət edilərək CO2 emissiyalarını təxminən 18 milyard kq azaltmaq olardı. ABŞ-da müvafiq rəqəmlər 17 milyard kVt/saat elektrik enerjisi və 27 milyard kq CO2 olacaq.
Aparılmış araşdırmaya görə, köhnə cihazların dəyişdirilməsi istixana qazı emissiyalarını azaltmaq üçün ən təsirli qlobal tədbirlərdən biridir. Müasir enerji idarəetmə sistemləri həmçinin müəyyən müddətdən sonra boş qalan cihazları söndürməklə və ya aşağı enerji rejiminə keçirməklə enerji istehlakını azaldır. Məsələn, televizora baxmadıqda onu pultdan söndürmək yerinə naqili enerjidən ayırmaq lazımdır. Əgər telefon enerjiyə qoşulmayıbsa enerji cihazını daim naqildə saxlamaq da enerji israfıdır. Enerji səmərəliliyinin pik tələbata təsiri, cihazın nə vaxt istifadə olunduğundan asılıdır. Məsələn, günorta hava çox isti olanda kondisioner daha çox enerji sərf edir. Buna görə də, enerjiyə qənaət edən kondisioner daha sərfəli olacaq.
Bina inşası bütün dünyada enerji səmərəliliyinin artırılması üçün mühüm sahədir, çünki onlar enerjinin böyük istehlakçılarıdır. Binalarda enerji istifadəsi problemi sadə problem deyil, bəlkə də ən çox israf edilən istiqamətdir. Binalardakı ümumi işıqlandırma, istilik, soyutma və ventilyasiya, lift xidməti - hamısı enerji istehlak edir. Ümumi blokların işıqlandırılma sistemi sensor üsulu hərəkətə əsaslanan tipli olsa enerjiyə əhəmiyyətli dərəcədə qənaət edilə bilər. Binaların damına qoyulmuş günəş panelləri ilə də binaların enerji istehlakına qənaət etmək olar.
Binanın yeri və ətrafı, onun temperaturunun və işıqlandırılmasının təbii yolla tənzimlənməsində mühüm rol oynayır. Məsələn, ağaclar, parklar binanın məruz qalacağı küləyin qarşısını ala, bununla da istiliyin mühavizəsi tənzimlənə bilər. Daha soyuq iqlimlərdə binalarının cənuba baxan pəncərə ilə layihələndirilməsi, passiv günəş istiliyini maksimum dərəcədə artırmaqla binaya daxil olan günəşin miqdarını artırır. Binanın dizaynı, o cümlədən enerjiyə qənaət edən pəncərələr, yaxşı izolyasiya edilmiş qapı və divarlar, döşəmə və tavanın əlavə izolyasiyası istilik itkisini 25-50 faiz azalda bilər.
Tünd rəngli dam örtükləri ağ rəngə boyanmış damlardan 39 °C-ə qədər istilik mühavizə edə bilir. Bu damlar istiliyin bir hissəsini binaya ötürürlər. ABŞ-da aparılan tədqiqatlar isə açıq rəngli dam örtüklərinin tünd rəngli dam örtüklərinə nisbətən soyutma üçün 40 faiz daha az enerji sərf etdiyini göstərib. İsti iqlimlərdə ağ dam örtükləri, soyuq iqlimlərdə isə tünd rəngli dam örtükləri enerjiyə qənaət üçün vasitə ola bilər.
Dünyadakı şəhərlərdə milyonlarla küçəni milyonlarla işıq lampaları işıqlandırır. İndi bəzi şəhərlər qeyri-pik saatlarda işıqları zəiflətməklə və ya led işıqlarına keçməklə küçə işığının enerji istehlakını azaltmağa çalışır. Qeyd edək ki, led lampaların enerji istehlakını 50-80%-ə qədər azaltdığı bildirilir. Enerji sərfiyyatını, dolayısı ilə xərclərimizi azaltmaq üçün enerjidən istehlakı minimuma endirməli, beləcə gələcək nəsillər üçün daha təminatlı bir gələcək qurmalıyıq.
Lalə Mehralı