İqtisadiyyat

  • 1 317

İnfrastruktur layihələri ölkəmizi yeni bir səviyyəyə qaldırır -ŞƏRH

image

Azərbaycanda bir çox infrastruktur layihələri artıq öz həllini tapıb. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaq. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. 2003-cü ilin sosial-iqtisadi göstəriciləri ilə bu günün rəqəmlərini müqayisə etdikdə qəbul edilən Dövlət Proqramlarının ölkəmizin dayanıqlı inkişafında əhəmiyyətli rol oynadığını aydın şəkildə görə bilərik.

Son 20 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb.

Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bir daha diqqəti uğurlarımıza yönəldərək icrası nəzərdə tutulan layihələrdən geniş bəhs etdi. Hədəflərdən də bəlli oldu ki, kənd təsərrüfatının inkişafı prioritetlər sırasındadır. Əsas hədəf idxaldan asılılığı azaltmaqdır. O da bildirildi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.

Görülən işləri və davamlı həyata keçirilən layihələrin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli oldugunu vurgulayan Prezident İlham Əliyev layihələrin mahiyyəti və əhəmiyyətindən bəhs etmişdir: “Həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”.

Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilib. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Nəticədə əkin sahələri də iki dəfədən çox artırılacaq. Qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilib. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcək. Prezident İlham Əliyev bu məqamı da xüsusi vurğuladı ki, Azərbaycan xalqı tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir. Qeyd olunan layihələrin icrası da tam təmin ediləcək: “Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.” Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq.

Dövlət Başçısı İşgaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlərə və planlaşdırılan layihələrə xüsusi önəm verildiyini bildirdi: “Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var.”

Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda çox genişmiqyaslı işlər görürük. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər