PDF Oxu

İqtisadiyyat

  • 3 036

COP29-a gedən yol BEH-dən keçir

COP29-a gedən yol BEH-dən keçir

Bakı Enerji Həftəsi hər il davamlı olaraq keçirilən əhəmiyyətli enerji tədbiridir. Özündə üç mühüm tədbiri birləşdirən və bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirən bu tədbir boyunca dünyanın diqqəti Azərbaycanın üzərində olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimi də olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında Prezident İlham Əliyev çıxış edib. O bildirib ki, 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik: “Bu, olduqca real rəqəmdir və hələ ki başlanğıcdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialı var. 2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq”.

“Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir”,- deyə dövlət başçısı bildirib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb: “Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni marağı görürük. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir. Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.

Prezident qeyd edib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklini çox yaxşı dərk edirik: “İqlim dəyişikliyinin təsirlərini ölkəmizdə də hiss edirik. Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü görürük. Xəzər dənizinə axan çaylar başqa ölkələrdən qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək”.

Açılış mərasimində çıxış edən Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero bildirib ki, Avropa enerji məsələsində Bakı ilə əməkdaşlığa böyük önəm verir və hər vəchlə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir: “Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və energetika üzrə komissar Kadri Simpson Azərbaycan ilə enerji sahəsində strateji əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan qazı 2021-ci ildə 40 faiz artıb, bu, bizə enerji böhranının pis nəticələrindən yayınmağa kömək edib. Bizim əməkdaşlığımız həm də enerji sahəsində keçidin gücləndirilməsinə yönəlib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl dəhliz təşəbbüsünü qeyd etmək istəyirəm. Digər ölkələr də bu təşəbbüsdə iştirakda maraqlıdır. Avropa İttifaqının COP29-un qlobal uğur olması sayəsində dəstəyinə də tam əmin ola bilərsiniz”.

Sərgidə ABŞ Prezidenti Co Baydenin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktub da oxunub. Məktubda prezident bildirir ki, Azərbaycanın enerji landşaftında mühüm rolu var və bu rolu onun COP29 –a ev sahibliyi olmasına da təsir göstərib: “Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən xüsusilə də ölkənizin yaşıl enerji sahəsinə keçid etmək niyyətini yüksək qiymətləndirirəm. Xəzər dənizinin malik olduğu önəmli yaşıl enerji potensialı neft və qaz ilə bərabər geniş ixrac potensialına malikdir. Xəzərin potensialı, Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər. Amerika, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək dəyərləndirir, biz sülh və əmin-amanlığa böyük önəm veririk”.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.

Sazişlər Azərbaycanda 1 külək və 2 günəş elektrik stansiyası layihəsini ehtiva edir. İmzalama mərasimində SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədini daşıdığı diqqətə çatdırılıb. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacağı xüsusi qeyd edilib.

Ümumi gücü 1 GVt olan 3 stansiya layihəsinin icrası nəticəsində illik təxmini 2.3 milyard kVt saat elektrik enerjisinə qənaət olunacaq. Bunun da nəticəsində təxminən ildə 1 milyon ton karbon emissiyasının atmosfetə atılmasının qarşısı alınacaq.

Lalə Mehralı

Digər xəbərlər