Neft ölkəsi olmasına rəğmən Azərbaycanın yaşıl enerji istiqamətində son bir neçə ildə qət etdiyi yol qənaətbəşxdir. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə istiqamətində əhəmiyyətli işlər görür.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu məqsədlə ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə sərəncam imzaladı.
Neft ölkəsində COP29
Artıq üçüncü ildir ki, COP konfranslarına neft hasil edən ölkələr ev sahibliyi edir. 2023-cü ildə bu beynəlxalq konfransa ev sahibliyini Birləşmiş Ərəb Əmirliyi, 2022-ci ildə isə Misir etmişdi. Dünyanın ekoloji problemlərini gündəmə gətirən, müzakirəsini aktuallaşdıran bu konfrans neft ölkələrini boşuna seçmir. Azərbaycan kimi neft-qaz ölkələrində ekoloji tarazlığın qorunması üçün daha çox tədbirlərin görülməsini vacib sayan COP, bu istiqamətdə həmin ölkələrin daha çox məlumatlandırılmasını vacib sayır. Sirr deyil ki, qalıq yanacaqların hasilatının azaldılması, getdikcə dayandırmılması məqsədi ilə təbliğat aparılır. Azərbaycanın ekoloji məsələlərdə demokratik olmadığını düşünən COP-çular bu yolla iqlim problemlərini gündəmdə saxlamaq istəyirlər.
Prezident İlham Əliyev Azərbaycanın bu konfransa sədrliyi ilə bağlı dediklərindən: “Neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk”.
Enerji Həftəsi Azərbaycana nə qazandırır?
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır.
Bakı Enerji Həftəsi enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur.
Lalə Mehralı
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...