İqtisadiyyat

  • 2 057

“Son 3 ilin ümumi bazar böyüməsi isə 70 faiz təşkil edir“ - ASA

image

“Azərbaycanın sığorta bazarında 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə isə 26 faiz böyümə qeydə alınıb. Son 3 ilin ümumi bazar böyüməsi isə 70 faiz təşkil edir”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.O bildirib ki, 2023-cü ildə ümumi sığorta yığımları yerli sığorta bazarı tarixində ilk dəfə 1 milyard manatı ötüb və sığorta haqlarının qeyri-neft sektoru üzrə ÜDM-dəki payı 1 faizi üstələyib.“Bu rekord göstərici nə qədər sevindirici olsa da, biz peşəkar sığorta bazarı iştirakçıları bununla qane olmuruq, çünki Azərbaycanda sığorta xidmətləri penetrasiyasının böyüməsi üçün geniş potensial var. Bizim başlıca hədəfimiz bu potensialı reallaşdırmaqdır. Bu istiqamətdə də ölkəmizdə sığorta bazarına nəzarətedici və tənzimləmə orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankının həyata keçirdiyi məqsədyönlü islahatlar, tərtib etdiyi stratreji hədəflər bizim üçün başlıca yol xəritəsidir. Mərkəzi Bank tərəfindən bu ilin yanvar ayında təsdiqlənən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Strategiyanın istiqamətləri sığorta bazarına etimadın yüksəldilməsi, icbari və könüllü növlər üzrə sığorta təminatının əhatəsinin genişləndirilməsi, vahid məlumat mənbələrinə çıxışın və rəqəmsallaşmanın dəstəklənməsi, o cümlədən sığorta sektorunda müasir korporativ idarəetmə təcrübəsinin təşviqi və risk əsaslı nəzarətin yaradılmasından ibarətdir. Bunlar da sığorta sektorunda həm lokal, həm qlobal perspektivdən davamlılığın təmin olunmasına töhfə verəcək”, - deyə ASA sədri qeyd edib.Ülviyyə Cabbarovanın sözlərinə görə, hazırda sığorta bazarı böyüyür, lakin qlobal bazarlarda olduğu kimi müəyyən zəruri istiqamətlər üzrə islahatları davam etdirməyə böyük ehtiyac var: “Bu zəruri tələblər sırasında ilk yeri rəqəmsallaşma və elektron innovasiyalar alır ki, bu, əlçatan və keyfiyyətli xidmətin təmin olunmasında əvəzolunmaz vasitədir. Növbəti istiqamətimiz korporativ və ya ümumi sektorial güc göstəricisi olan datadır. Çünki reallıq ondan ibarətdir ki, məlumat bazası zəngin olan bazar iştirakçısı hər zaman bir addım öndədir. Dünya sığorta sənayesində olduğu kimi bizi də dərindən düşündürən daha bir mövzu isə məhz ekoloji mühit, yaşıl dünya və iqlim dəyişikliyi anlayışıdır. Belə ki, qlobal təcrübədən də göründüyü kimi iqlim dəyişikliyinin yaratdığı risklər və meydana gələn zərər həcmi ilbəil böyüməkdədir və bu da sığorta sektoru üçün əhəmiyyətli siqnaldır”.

Digər xəbərlər