İqtisadiyyat

  • 388

Azərbaycan iqlimin dostu olmaq yolundadır

image

BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell dövlətləri iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırırıb. O bildirib ki, beynəlxalq iqlim planları hazırlanmalıdır, çünki Paris Sazişinin əsas tələblərindən biri də budur:

“BMT hər zaman bu istiqamətdə istənilən dövlətə kömək etməyə hazırdır. Bu iqlim dəyişmələri ilə bağlı aparılan proseslərin şəffaflığı üçün olduqca vacibdir. İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışlayıram. Bakı COP29- a uğurlar arzulayıram. Bu, Azərbaycan üçün də çox yaxşı, əvəzolunmaz fürsətdir. Daha yaxşı iqlim üçün bu fürsətdən istifadə etmənizi arzulayıram. COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal əhəmiyyəti qabardıla və Azərbaycanın artıq qlobal məsələlərin həllində əsas ölkələrdən biri olduğu qeyd edilməlidir”.

Qeyd edək ki, sentyabrın 3-də BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasının sədri kimi Azərbaycan “Bakı Qlobal İqlim Şəffaflıq Platforması”nı təqdim edib. Bu platforma dünyada iqlim şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlarda şəffaflığın təmin olunması üçün qlobal cəmiyyəti bir araya gətirəcək. "COP29 sədri olaraq vəzifəmiz iqlim dəyişikliyi üzrə danışıqlar prosesində bütün iştirakçıları dəstəkləməkdir. Son vaxtlar biz ada dövlətlərini, o cümlədən, ən iri olanı - Avstraliyanı ziyarət etdik. Kiçik dövlətlərin, xüsusilə Andorra və Qayana kimi ölkələrin maraqlarını da nəzərə alırıq. Platformanın məqsədi iqlim dəyişikliyi ilə bağlı tədbirlər haqqında hesabatların şəffaflığını artırmaqdır", - COP29 prezidenti Muxtar Babayev belə deyib.

Onun fikrincə, yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi və iki illik şəffaflıq hesabatlarının (BTR) vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür. Azərbaycan COP29-da ikiillik BTR hesabatını təqdim edəcək. Bu yolla Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Sistemində ümumi iştirakın artırılmasını məqsəd qoyur. COP29 sədrləri gələcək nəsillər üçün iqlim fəaliyyətlərinin şəffaflığını gücləndirmək məqsədini daşıyırlar. Bu çərçivədə, inklüzivliyi təmin etmək üçün tərəfdaşlarla birlikdə müxtəlif coğrafi bölgələrdə BTR hazırlığı üzrə seminarlar təşkil ediləcək. Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Qeyd edək ki, Azərbaycanın ən irimiqyaslı beynəlxalq tədbiri 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olub. Məhz buna görə COP29, ölkə tarixində keçiriləcək ən böyük tədbir kimi xarakterizə olunur. Bu, həm ölkəmizin beynəlxalq arenada adının təkrar duyulması baxımından, həm də turizm potensialının artması, yerli, regional və beynəlxalq miqyasda kapitalın gözlənilməsi baxımından olduqca faydalı olacaq.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” emissiyaya nail olmaqdır. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Bunlar Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələrdir.

28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etdi. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 7 sentyabr tarixini Beynəlxalq mavi səma üçün təmiz hava günü elan edib. Bu günün təyin edilməsində əsas məqsəd planetin havasının keyfiyyətini yaxşılaşdırmaq üçün bütün dünya ölkələrinin diqqətini bu problemə cəlb etməkdir. Çünki açıq mühitdəki çirkli hava hər il 3.7 milyon, evlərdə və ya ofislərdəki çirkli hava isə hər il 4.3 milyon insanı erkən öldürür. Araşdırmalara görə dünyada ekologiyanın çirklənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz nəqliyyat vasitələri və 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirklənməsinin qarşısı alındığı təqdirdə 2050-ci ilə qədər hər il 3-5 milyon insanın erkən ölümünün qarşısı alına bilər.

Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır. Lakin ölkəmizdə alternativ enerjidən istifadə yiolunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir.

Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır.

Neft ölkəsi olmasına rəğmən Azərbaycanın yaşıl enerji istiqamətində son bir neçə ildə qət etdiyi yol qənaətbəşxdir. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə istiqamətində əhəmiyyətli işlər görür. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Lalə Mehralı

Digər xəbərlər