“20 sentyabr Azərbaycan tarixində mühüm günlərdən biridir. Çünki müstəqil dövlətçiliyimizin iqtisadi əsaslarının təməlini təşkil edəcək “Əsrin Müqaviləsi” məhz həmin tarixdə imzalanmışdır. “Əsrin Müqaviləsi” çox çətin şərtlər daxilində, ağır bir zamanda, Azərbaycanın müxtəlif təzyiqlərə məruz qaldığı bir dövrdə böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, ona olan etimadın hesabına imzalanmış müqavilədir. Şübhəsiz ki, bu həm də mühüm siyasi hadisə idi. Çünki ilk dəfə olaraq Xəzər neftinin Rusiyadan kənar ərazilərdə, qardaş Türkiyə və Gürcüstan vasitəsilə Avropaya çıxmasını təmin edəcəkdi. Həmçinin sonrakı mərhələdə bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsasında duracaqdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, “Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verməklə güclü dövlət və güclü ordumuzun yaranmasına gətirib çıxardı: “Nəticədə isə torpaqlarımız işğaldan azad edildi. Azərbaycanı qüdrətli edən, müstəqil siyasət həyata keçirməsini təmin edən əsaslardan biri “Əsrin Müqaviləsi” oldu. Bu səbəbdən də həmin tarix həm neftçilərin bayram günüdür, həm də Azərbaycan tarixində mühüm hadisələrdən biridir.Bu gün də “Əsrin Müqaviləsi”nin Azərbaycan iqtisadiyyatına olduqca böyük dəstəyi var. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarılan Azərbaycan nefti müqavilənin müddətinin bitməsinə baxmayaraq, dünyanın aparıcı şirkətlərindən biri olan “BP”nin operatorluğu ilə yenidən müqavilənin müddəti uzadıldı. Bu da göstərir ki, hələ uzun illər ərzində məhz 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” və ondan irəli gələn iqtisadi həqiqətlər bundan sonra da Azərbaycan dövlətinin güclənməsinə və xalqın rifahının yaxşılaşdırılmasını təmin edəcək”.
Müəllif: Səbinə Hüseynli