Bu gün Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb. SİA xəbər verir ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksəkvəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak ediblər. İki gün davam edəcək beynəlxalq forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunub.
Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Beynəlxalq Valyuta Fondunun rəsmisi Marqaret Kotton çıxış ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon Qiymətqoyma üzrə Bakı Beynəlxalq Forumunun mühüm bir dövrə təsadüf etdiyini, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini, forumun gündəliyinin karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirmək olduğunu bildirib. Nazir qeyd edib ki, mövzu ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlar, habelə IOTA-ya üzv ölkələrin nümayəndələri ilə müzakirələr aparmaq səmərəli və xoş fürsətdir. Nazir forumun qlobal miqyasda zəruri olan təmiz ətraf mühit gündəliyinin prioritetlərinin reallığa çevrilməsi yolunda təşəbbüslərə töhfə verən və yeni yanaşmaların təməlinin qoyulmasına fürsət yaradan platformalardan biri olduğunu qeyd edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iqlim dəyişikliyi ilə mübarizənin yaratdığı yeni reallıqların müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi öncəsi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsini çox əhəmiyyətli bir hadisə adlandırıb. Forumun ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək imkanı yaratdığını qeyd edib. O.Nəzərli bildirib ki, iqlim dəyişikliyi getdikcə daha geniş miqyasda və təxirəsalınmaz bir şəkildə beynəlxalq gündəmdə yer almaqdadır. Çünki bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir. Bu səbəbdən də qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri olan karbon qiymətqoyma istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir.
O.Nəzərli bildirib ki, bu prosesdə birgə təşəbbüslər çox vacibdir, yəni hökumət, vətəndaş cəmiyyəti, özəl sektor, beynəlxalq təşkilatlar və ölkələr müştərək formatda çalışmalıdır. Yalnız bu halda iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq və gələcək nəsillər üçün daha dayanıqlı və yaşıl bir dünya yaratmaq mümkün olacaq.
Beynəlxalq Valyuta Fondunun rəsmisi Marqaret Kotton karbon vergisinin tətbiqi məsələlərinin dünyanın gündəmində olduğunu qeyd edib, bu prosesdə nailiyyətlər və çətinliklər barədə məlumat verib.
Karbon qiymətqoymasının tətbiqi mexanizmlərini təkmilləşdirməyin sağlam və təhlükəsiz ekoloji mühit üçün əhəmiyyət daşıdığını bildirən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perinyon De Troy tədbirin keçirilməsində əsas hədəflərdən birinin karbon qiymətqoyma üzrə təşəbbüsləri nəzərdən keçirmək, bu sahədə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi və əməkdaşlığın təşviqini təmin etmək olduğunu qeyd edib.
Forumun birinci günündə "Karbon qiymətqoyma və karbon vergisinə giriş", "Karbon vergisinin tətbiqi: dünya təcrübəsi", "Karbon vergisinin iqtisadi təsirləri" və "Karbon vergisindən istifadə və innovasiya" mövzularında sessiyalar keçirilib.
Sessiyalar zamanı "karbon vergiləri", emissiyaların ticarət sistemləri və hibrid modellər kimi müxtəlif "karbon qiymətləri"nin müəyyən edilməsi yanaşmaları, "karbon qiymətləri"nin təhlili, bu siyasətin inkişafı və beynəlxalq əməkdaşlıq üçün prioritetlərin müəyyənləşdirilməsi, "karbon qiymətləri"nin digər iqlim siyasəti və təşəbbüsləri ilə inteqrasiyası müzakirə olunub. Mövcud və yeni yaranan "karbon qiymətqoyma", "karbon vergisi"nin icmalı, məqsədi və qlobal nümunələr, "karbon vergisi"nin tətbiqi ilə bağlı çətinliklər və uğurlu təcrübələr, "karbon vergisi"nin iqtisadi təsirlərinin təhlili, istifadə strategiyaları, texnoloji innovasiya və yaşıl enerjinin sürətləndirilməsində rolu kimi mövzular barədə təqdimatlar nümayiş etdiriləcək.
Forumun ikinci günündə iki sessiya keçiriləcək. "Maraqlı tərəflərin perspektivləri və ictimai iştirak" və "Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM)" mövzularında təşkil edilən sessiyalarda karbon vergisinin sosial təsiri, hökumət, biznes, QHT-lər və ictimaiyyətdən müxtəlif maraqlı tərəflərin baxışları, CBAM-in məqsədi, əhatə dairəsi, iqtisadi və ətraf mühitə təsiri, CBAM-ə hazırlıq üçün Yol xəritəsi barədə ətraflı məlumat veriləcək.
İkigünlük forum çərçivəsində karbon qiymətləndirilməsi mövzusunda müxtəlif müzakirələr, beynəlxalq təcrübədə tətbiq edilən mexanizmlərin nəzərdən keçirilməsi və konstruktiv dialoqların qurulması gözlənilir.