Çinin aidiyyəti qurumlarının dəstəyi ilə Pekində yerləşən "Phoneix" Televiziyasının təşkilatçılığı ilə “İqlim Ambissiyaları və Qlobal Fəaliyyət” mövzusunda “2024 Sıfır Karbon Missiyası Beynəlxalq İqlim Konfransı” keçirilib. Azərbaycanın Çindəki Səfirliyindən SİA-ya bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan tədbirdə əsas qonaq qismində iştirak edib.Qeyd edilib ki, “Sıfır Karbon Missiyası Beynəlxalq İqlim Sammiti” 2021-ci ildə təsis edilib. Ənənəvi olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarından öncə keçirilən tədbir Çin Xalq Respublikasında bu sahədə əsas müzakirə platformalarından biri və COP-a son hazırlıq iclası kimi qəbul edilir. Bu il keçirilən toplantı açılış mərasimi, panel müzakirələr və “COP29: Gəlin Bakıda, Azərbaycanda görüşək” adlı yoladüşmə öncəsi mərasimdən ibarət olub.Tədbirdə Çinin dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının, elmi-akademik dairələrin nümayəndələri, ÇXR-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər. Müzakirələr zamanı iqlim dəyişikliyi təşəbbüsləri, qlobal emissiyaların azaldılması yolları, birgə mübarizə strategiyaları ətrafında geniş fikir mübadiləsi aparılıb.İclasda çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov ölkədə COP29-a gedən hazırlıq prosesi, iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində qlobal həmrəyliyin təmin olunması üzrə fəaliyyət barədə məlumat verib. Səfir, həmçinin COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın digər ölkələrə nümunə göstərdiyini, ölkənin "yaşıl" böyüməni inkişafın əsas prioritetinə çevirdiyini, “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulmaqla istixana qazı emissiyasının daha da azaldılması üzrə öhdəlik götürdüyünü qeyd edib.O, Azərbaycan Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin milli səviyyədə və ondan kənarda iqlim dəyişikliyi ilə mübarizəyə xüsusi təkan verdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının inkişaf etdirildiyini, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının, Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə kimi sıfır emissiyalı zonaya çevriləcəyini bildirib.Həmçinin, səfir Çinin "yaşıl" və alternativ enerji sahəsindəki nailiyyətlərini və zəngin təcrübəsini nəzərə alaraq Azərbaycanın bu ölkə ilə sözügedən sahədə uğurla əməkdaşlıq etdiyini, Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi stansiyalarının inşasında, "yaşıl" iqtisadiyyatın inkişaf etdirilməsində iştirak etdiyini qeyd edib.Sammit çərçivəsində “Xalis sıfıra doğru – dayanıqlı yanacağın inkişafı üçün baxış və perspektivlər”, “Yeni şəbəkə platforması üçün çevik resurslar – avtomobildən şəbəkəyə”, “Dayanıqlı gələcəyə keçid: təchizat zəncirində ekoloji, sosial və idarəetmə aspektləri və aşağı emissiyalı keçiddə innovativ təcrübələr”, “İnsan və təbiət arasında harmoniya vasitəsi ilə iqlim fəaliyyətinin sürətləndirilməsi – təbiət əsaslı yeni sənaye, texnologiya və infrastruktur” mövzularında panel müzakirələr aparılıb.