PDF Oxu

İqtisadiyyat

  • 3 348

“Müasir dövrdə hər bir ölkənin inkişafı və gələcəyi onun energetika təhlükəsizliyi ilə birbaşa bağlıdır” - MÜSAHİBƏ

image

AMEA-nın akademik-katibi, AR Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov ölkəmizdə keçiriləcək COP29 tədbiri ərəfəsində aktual mövzulara dair suallarımızı cavablandırıb.

O, müasir dövrdə Azərbaycan elminin inkişafı istiqamətində görülən işlər, energetika sahəsində aparılan tədqiqatlar, eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində həyata keçirilən tədbirlərdən və perspektivlərdən danışıb. SİA müsahibəni sizə təqdim edir:

– Hörmətli Arif müəllim, qarşıda AMEA-nın 80 illik yubileyi gəlir. Uzun illər bu elm ocağında rəhbər vəzifələrdə çalışmısınız, Azərbaycan elminin inkişafına mühüm töhfələr vermisiniz. Son illər AMEA-da aparılan islahatları, elmin tərəqqisi yönündə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu qeyd edim ki, AMEA-da aparılan islahatlar təkcə Akademiyanın deyil, bütövlükdə Azərbaycan elminin gələcək inkişafına yönəlmişdir. Təkcə bu gün əldə olunan nailiyyətlərlə kifayətlənmək yox, eyni zamanda həm keçmişə, həm də gələcəyə baxmaq, bütün dövrləri təhlil etmək lazımdır. Hər kəsə məlumdur ki, AMEA-nın 80 illik yubileyi yaxınlaşır. Tarixi nöqteyi-nəzərdən 80 rəqəmi o qədər də böyük deyil. Lakin mən hesab edirəm ki, bu illər ərzində Azərbaycan elmində ümumilikdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Həmin nailiyyətlərin qazanılmasında təkcə AMEA və onun elmi müəssisələrinin deyil, həm də respublikanın bütün elmi tədqiqat qurumları, ali təhsil ocaqları və əlbəttə ki, elmlə məşğul olan hər kəsin payı vardır.

Ölkəmizdə elm sahəsində aparılan islahatlara gəldikdə, təbii ki, indiki dövrdə bu istiqamətdə həyata keçirilən tədbirlər əsasən XXI əsrin tələblərinə, qlobal çağırışlara cavab verməli və əvvəlki illərlə müqayisədə fərqələnməlidir. Müasir dövrdə bütün cəmiyyət, bəşəriyyət elmdən daha çox nailiyyətlər, yeniliklər gözləyir. Aydın məsələdir ki, dünyada gedən rəqəmsallaşma prosesləri, IV Sənaye İnqilabı və süni intellektin gətirdiyi yeniliklər, eyni zamanda informasiya bolluğu elmin qarşısında yeni vəzifələr, prioritetlər qoyur. Bütün bunlar AMEA-da da dünya elminin tələblərinə cavab verən elmi tədqiqatların aparılmasını, gələcək inkişafa ünvanlanmış yeni islahatların həyata keçirilməsini tələb edir. Artıq Akademiyada AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi və birbaşa təşəbbüsü ilə Azərbaycan elminin inkişafı və beynəlxalq aləmə sürətli inteqrasiyası istiqamətində yenilikçi islahatlara təkan verilib. Bu islahatların əsas fərqi ondan ibarətdir ki, elmin, alim və ziyalıların qarşısına tamamilə yeni vəzifələr qoyulub. Təbii ki, həyata keçirilən bütün tədbirlər Sovet və keçid dövründə aparılan islahatlardan fərqlənir. Bu gün Azərbaycan müstəqil və öz torpaplarını işğaldan azad etmiş bir ölkə kimi bütün dünyada yüksək nüfuza, strateji mövqeyə malikdir.

Xüsusilə qeyd etməliyəm ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasətin məntiqi davamı və real nəticəsidir. Təbii ki, Azərbaycan alimlərinin də, AMEA üzvlərinin də ümdə vəzifələrindən biri və əsası bu strateji xətti davam etdirərək Azərbaycan elminin inkişafını sürətləndirmək, beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, alim və ziyalılarımızın əldə etdikləri mühüm elmi nailiyyətləri dünya ictimaiyyətində tanıtmaq, təbliğ etməkdir.

– Müasir dövrdə ölkəmizdə energetika sahəsində aparılan tədqiqatlar və əldə olunan nəticələr sizi qane edirmi? Bu istiqamətdə hansı problemlərin araşdırılması zəruridir?

- Bu sual təkcə elm ictimaiyyətini deyil, həm də bütövlükdə respublikanı əhatə edir. Çünki, hər bir ölkənin inkişafı və gələcəyi onun energetika təhlükəsizliyi ilə birbaşa bağlıdır. Bu gün Azərbaycanda energetika sahəsində aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, ölkəmiz enerji təhlükəsizliyi baxımından özünü tam təmin edir. Əminliklə demək olar ki, Azərbaycanda elektroenergetika sistemi artıq dünyanın bu sahədə ən qabaqcıl sistemlərindən birinə çevrilmişdir. Son illər energetika sistemində tikilən ən müasir tipli elektrik stansiyaları, elektrik veriliş xəttləri və həyata keçirilən digər məqsədyönlü tədbirlərin hesabına Azərbaycanda elektrik enerjisinin təminatı nəinki yaxşılaşmış, həm də onun keyfiyyəti artmış, eyni zamanda bir kilovat/saat elektrik enerjisinə düşən yanacağın sərfi də əhəmiyyətli dərəcədə azalmışdır. Nəticədə, böyük həcmdə yanacağa qənaət edilmişdir.

Məlumdur ki, Azərbaycanda ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin inkişafı dövlət başçısı tərəfindən xüsusi diqqət yetirilən əsas məsələlərdən biridir. Bu istiqamətdə kifayət qədər işlər görülüb və hazırda da davam etdirilməkdədir.

Azərbaycanda dayanıqlı elektrik enerjisi təminatının, energetika sisteminin inkişafının əsasında böyük zəhmət və əmək dayanır. Çünki, sistem istehsal etdiyi enerjini həm də satmalıdır. Bu istiqamətdə də ölkəmizdə xeyli işlər yerinə yetirilib. Enerji sisteminin müasirləşdirilməsi, rəqəmsallaşdırılması, onun idarə olunması, eləcə də süni intellektdən istifadə əsasında aparılan tədqiqat işləri və onların praktikada tətbiqi sistemin dayanıqlığı sahəsində ciddi uğurların əldə olunmasına gətirib çıxarmışdır. Eyni zamanda, müvafiq sahədə müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr potensialının formalaşdırılması sahəsində ciddi tədbirlər görülmüşdür.

Bundan əlavə, Azərbaycanın enerji təhlükəsizliyinin dayanıqlı, etibarlı inkişafının təmin edilməsi istiqamətində görülən işləri bir-biri ilə əlaqələndirmək lazımdır. Alternativ enerji mənbələrinin - su, günəş, külək və s. əsasında böyük stansiyaların tikilməsi, quraşdırılması və onların sistemə qoşulması prosesində müəyyən problemlər vardır. Onların həlli üçün böyük çevik yanaşmalar, manevretmə qabiliyyətinə malik sistemin qurulması tələb olunur. Əgər bu kimi problemlər öz həllini tapmazsa, həmin enerji mənbələrinin yaradılması, sistemə qoşulması üçün müəyyən maneələr yarana bilər. Ona görə də bu gün Azərbayan energetikləri, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislərin qarşısında çox ciddi, taleyüklü vəzifələr dayanır. Bu istiqamətdə fəaliyyət uğurla davam etdirilsə də, qarşıda görüləcək işlər hələ çoxdur. Yəni, sistemdə çevik dəyişmələrə cavab verən infrastruktur yaradılmalıdır. Nəzərə çatdırım ki, elektrik enerjisinin istehsala ötürülməsi və istehlakı eyni vaxtda gedir. Yəni, elektrik enerjisinin saxlanması, qorunması və istifadə edilməsi üçün də yeni yanaşmalar formalaşmışdır. Azərbaycan energetikləri, elmi-tədqiqatla məşğul olan mütəxəssislər bu sahədə də geniş səpkili işlər yerinə yetirir.

Onu da qeyd edim ki, yeni yanacaq növlərinin, məsələn hidrogen energetikasının istifadə problemləri üzərində də artıq bir müddətdir ki, müzakirələr aparılır, əməli addımlar atılır. Həmçinin tullantı qazlarının tutulması, gələcəkdə onlardan istifadənin qarşısının alınması və müəyyən həddə saxlanılması istiqamətində müvafiq tədbirlər görülür, praktiki işlərin yerinə yetirilməsi üçün innovativ layihələrin həyata keçirilməsi planlaşdırılır.

– Arif müəllim, bərpaolunan və alternativ enerji mənbələrindən istifadənin mövcud vəziyyəti və perspektivləri barədə də fikirlərinizi öyrənmək istərdik. Zəruri tədbirlər görülməzsə, cəmiyyəti hansı təhlükələr gözləyir?

- Sualın cavabına keçməzdən əvvəl qeyd edim ki, ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir.

Əvvəlki illərdə aparılan tədqiqatlar nəticəsində, alternativ və bərpaolunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalda artmaqdadır. Hazırda respublikamızın digər regionlarında, o cümlədən Naxçıvanda yeni Günəş Elektrik Stansiyalarının tikintisi davam etdirilir. Stansiyadan alınan nəticələr göstərdi ki, elektrik stansiyasının tikilməsi üçün düzgün ərazinin seçilməsi əsas şərtlərdən biridir.

Bundan başqa, dövlət başçısının iştirakı ilə respublikanın müxtəlif bölgələrində bir sıra stansiyaların təməlqoyma mərasimləri keçirilib, həmçinin ölkəmizin enerji potensialını gücləndirəcək böyük stansiyalar istifadəyə verilmə ərəfəsindədir. Günəş, külək elektrik stansiyalarından sonra işğaldan azad edilmiş Qarabağ torpaqlarında çoxlu sayda kiçik su elektrik stansiyaları tikilib. Bu ərazilərdə indiyədək 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara verilib.

Ölkəmizdə su potensialından tam səmərəli istifadə etmək üçün "AzərEnerji" ASC tərəfindən bir sıra stansiyaların tikintisi davam etdirilməkdədir. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərin, ətraf rayonların elektrik enerjisi təchizatını alternativ enerji mənbələrinin, əsas da su elektrik stansiyalarının hesabına təmin etmək mümkün olacaq. Bu stansiyaların hər biri həm də ölkənin ümumi enerji sisteminə inteqrasiya olunub.

Bayaq qeyd etdiyim kimi, elektrik enerjisinin istehsalından başqa, onun ötürülməsi də böyük problemlərdən biridir. Bu səbəbdən hazırda elektrik veriliş xəttlərinin çəkilməsi, onların çəkilməsində ekoloji problemlərin həlli və digər məsələlər kompleks şəkildə araşdırılır.

Bundan başqa, Azərbaycan və İran arasındakı dövlət sərhədində yerləşən, Araz çayı üzərində tikilmiş "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi başa çatdıqdan sonra ucuz elektrik enerjisi istehsalı respublikamızın enerji sisteminə tam şəkildə qoşulmaqla enerji təhlükəsizliyinin, enerji təminatının keyfiyyətini daha da artıracaq.

Eyni zamanda, bu stansiyaların tikilməsi su problemlərinin həllində, yəni su anbarları kimi istifadə olunmasında da böyük əhəmiyyət kəsb edir.

Xatırladım ki, Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir. Bu səbəbdən xeyli sayda su anbarları tikilmişdir. Məlumdur ki, ölkənin ən böyük çayları olan Kür və Araz öz mənbələrini başqa ölkələrdən götürürlər. Yəni, bizim su ehtiyatlarımız adətən qonşu dövlətlərdə formalaşır. Bu səbəbdən həmin çaylardan səmərəli istifadə etmək üçün süni göllərin yaradılmasına da ehtiyac vardır. Bu süni göllər elektrik enerjisinin alınmasında çox əhəmiyyətlidir.

Respublika ərazisində ən böyük su anbarı Mingəçevir su anbarıdır ki, Yuxarı Qarabağ, Aşağı Qarabağ kanalları bu su-elektrik stansiyasının (SES) hesabına tikilmişdir. Mingəçevir SES-in istehsal etdiyi elektrik enerjisi su ilə yanaşı, ölkəmizin enerji təchizatında da xüsusi önəm daşıyır.

– Bildiyimiz kimi, bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin ölkəmiz COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Sizcə bu tədbir Azərbaycanda "yaşıl təfəkkür"ün formalaşması, ekoloji problemlərin həlli istiqamətində hansı töhfələri verəcək?

- Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həm­rəylik ili" elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadları­na qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub. Sənəddə, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli priorite­tindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirildi­yi bildirilib.

çinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsinə başlanılıb.

Qürur hissi ilə qeyd etməliyəm ki, ötən əsrdə iqtisadi fəaliyyətin ekosistemin ekoloji tutumundan kənara çıxmasının gözlənilən fəsadlarına dair ilk çağırışları edən Ümummilli Lider Heydər Əliyevin qardaşı, görkəmli alim, akademik Həsən Əliyev olmuşdur. Bu, həm də onun sübutudur ki, Azərbaycanda "yaşıl təfəkkür"ün, ekoloji düşüncənin tarixi heç də son onilliklərdəki dünyanın yeni çağırışları ilə bağlı deyildir. Bizim elmi fikir tariximizdə belə mütərəqqi yanaşmaların tarixi xeyli əvvəlki dövrlərə təsadüf edir. Belə ki, SSRİ EA və müttəfiq respublikaların Elmlər akademiyaları arasında ilk dəfə olaraq 1955-ci ildə Azərbaycan EA Rəyasət Heyəti nəzdində Təbiəti Mühafizə Komissiyası təşkil edilmişdir və bu komissiyaya akademik Həsən Əliyev başçılıq etmişdir. Görkəmli akademik bu məsələlərə xüsusi diqqət göstərmiş və beləliklə, bu istiqamətdə işlər daha sistemli şəkildə davam etdirilməyə başlamışdır.

Azərbaycan COP29-la əlaqədar tədbirlərə ciddi şəkildə hazırlaşır. Şübhəsiz ki, COP29 bir növ həm gələcəyə ünvanlanmış, həm də hesabat xarakteri daşıyan mühüm bir həmrəylik tədbiri olacaq. İştirakçı ölkələr planetimizin qorunması ilə bağlı görülən işlər, mövcud problemlər və onların həlli yollarına dair hesabatlarını təqdim edəcəklər. Bundan başqa, COP29 çərçivəsində qlobal təhlükəsizliyi təmin edən enerji mənbələrindən istifadənin vacibliyi diqqətə çatdırılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Prezident İlham Əliyev COP öncəsi tədbirinin iştirakçılarına müraciətində demişdir: "Mən COP29-da tarixi razılaşmanın – "Bakı Sazişi"nin əldə olunmasını gözləyirəm". Düşünürəm ki, bu, olduqca böyük əhəmiyyətə malik çıxışdır. Əgər həmin sazişin imzalanması gerçəkləşsə, Azərbaycanın adı tarixə qızıl hərflərdə yazılacaq. Bu razılaşmanın əhəmiyyətini indi tam dərk edə bilməsək də, bir neçə ildən sonra daha dolğun şəkildə ifadə etmək mümkün olacaq. Hər bir alim öz çıxışında və hazırladığı statistik məlumatlarda tullantıların həcmi, görülən işlər və gözləntilər haqqında məlumat verir. Lakin gələcəkdə bu işləri daha da təkmilləşdirmək və problemləri aktuallaşdırmaq üçün "Bakı Sazişi"ndən böyük gözləntilər var.

COP29-un əsas vəzifələrindən biri, bütün tərəflərin ehtiyaclarını nəzərə alan iqlim maliyyəsi üçün aydın və iddialı yeni kollektiv kəmiyyət hədəfi müəyyən etməkdir. Yəni, bütün dünya bu sahədə görülən işlərin maliyyələşmə mexanizmini ortaya qoymalıdır. Bundan sonrakı işlər "Bakı Sazişi"ndən asılı olacaq və bu məsələ həllini tapsa, ölkə Prezidentinin dediyi kimi, böyük tarixi bir məsələnin həlli təmin olunacaq.

Mən ölkəmizin daha da yaxından tanıdılması baxımından COP29-un əhəmiyyətini xüsusi qeyd etməliyəm. Prezident İlham Əliyev tərəfindən 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi müasir dünyanın çağırışlarını bütün istiqamətlərdə tam şəkildə əhatə edir. Düşünürəm ki, COP29-da bu sənəddə əks olunan məsələlər bir daha nümayiş etdiriləcək.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA,

AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Digər xəbərlər