PDF Oxu

İqtisadiyyat

  • 2 061

“Eko təşəbbüslər” günü həyata keçirilib

image

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2024” ölkə gənclərinin sosial məsuliyyəti, ictimai həyatda iştirakçılığı və könüllülük mədəniyyətinin inkişafı, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyin artırılmasına yönələn 12 istiqamətlə fəaliyyətini davam etdirir. SİA xəbər verir ki, “Könüllülük Həftəsi” ərzində keçirilən tədbir və layihələrin həsr olunduğu istiqamətlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyin gücləndirilməsi, ekoloji problemlərin həlli və cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına həsr olunan “Eko təşəbbüslər” günüdür.

Bu gün çərçivəsində Azərbaycan könüllüləri tərəfindən eko çağırışları əhatə edən “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, könüllülərin sahibsiz heyvanlara yardım və qayğı göstərmək məqsədli “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihəsi həyata keçirilib. Həmçinin, könüllülərin iştirakı ilə küçə heyvanları üçün heyvan sığınacaqlarının hazırlanması eko-masterklası baş tutub. Qeyd edək ki, bu gün çərçivəsində Azərbaycan xalq-tətbiqi sənətinin dəyərli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklas həyata keçiriləcək. Bu eko-masterklas zamanı hər bir könüllü bir ilmə ataraq, sonunda “Azərbaycan Könüllülük Həftəsi”ni simvolizə edən bir xalça toxunulacaq. Bu təşəbbüs könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, həm də milli-mədəni irsimizə verilən böyük töhfədir.
Cənab Prezident İlham Əliyevin söylədiyi “Çox genişmiqyaslı ekoloji bərpa tədbirləri də görülür və görüləcək. Bilirəm ki, Azərbaycanda bu sahədə də gənclər, o cümlədən könüllülər çox fəaldır. İndi vaxtaşırı ağacəkmə aksiyaları, çimərlikləri o tullantılardan təmizləmə aksiyaları televiziyada da göstərilir. Mən bunları alqışlayıram və əminəm ki, azad edilmiş torpaqlarda da gənclər ekoloji tarazlığı bərpa etmək üçün fəal olacaqlar” nitqindən əsas götürülərək keçirilən tədbir və layihələr, ekoloji məsuliyyətin artırılması, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası naminə görülən işlər könüllülər üçün həm çağırış, həm də fəxr qaynağıdır.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən fəaliyyətlərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Digər xəbərlər