PDF Oxu

İqtisadiyyat

  • 1 491

"Hörmüz böhranı Azərbaycanın enerji və tranzit imkanlarını gücləndirə bilər" - İQTİSADÇI

image

"Hörmüz boğazı ətrafında gərginliyin artması ilk növbədə enerji təhlükəsizliyi baxımından ciddi risk yaradır. Çünki dünya neft və LNG daşımalarının böyük hissəsi bu marşrutdan keçir. Körfəz ölkələri ilə İran arasında danışıqların təxirə salınması göstərir ki, boğazın təhlükəsizliyi ilə bağlı siyasi risk hələ aradan qalxmayıb. Hər hansı hərbi insident və ya boğazın keçid imkanlarının məhdudlaşdırılması dünya bazarında neft və qaz qiymətlərini sürətlə yüksəldə bilər". Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.Onun sözlərinə görə, Azərbaycan üçün bunun həm müsbət, həm də mənfi tərəfləri var: "Neftin qiymətinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərini və Dövlət Neft Fonduna daxilolmaları artıra bilər. Xüsusilə büdcədə neftin qiyməti daha aşağı səviyyədə götürülübsə, faktiki qiymətin yüksəlməsi fiskal gəlirlərə əlavə imkan yaradır. Lakin bu üstünlük uzunmüddətli və risksiz deyil. Dünya enerji bazarında kəskin bahalaşma qlobal inflyasiyanı sürətləndirə, Azərbaycanın idxal etdiyi məhsulların, xüsusilə yanacaq, ərzaq, xammal və logistika xidmətlərinin maya dəyərini artıra bilər.Azərbaycanın əsas üstünlüyü odur ki, enerji ixracının böyük hissəsi Hörmüz boğazından asılı deyil. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər ixrac marşrutları Xəzər və Türkiyə üzərindən Avropa bazarlarına çıxış yaradır. Buna görə də Hörmüzdə yaranan böhran Azərbaycan neftinin və qazının fiziki ixracını birbaşa dayandırmır. Əksinə, Körfəz mənşəli enerjinin bazardan müəyyən qədər sıxışması Azərbaycan və digər Xəzəryanı ölkələrin enerji resurslarına tələbi artıra bilər.Nəqliyyat baxımından isə vəziyyət daha mürəkkəbdir. Hörmüzdə gərginlik dəniz daşımalarında sığorta və fraxt xərclərini artırarsa, Asiya–Avropa marşrutlarının bir hissəsinin alternativ quru və multimodal dəhlizlərə yönəlməsi mümkündür. Bu halda Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyəti arta bilər. Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Azərbaycanın tranzit infrastrukturu üçün əlavə yük və gəlir imkanları yarana bilər. Xüsusilə Mərkəzi Asiyadan Avropaya gedən yüklərin İran ərazisindən keçən marşrutlardan daha təhlükəsiz hesab olunan alternativlərə yönəlməsi Azərbaycanın tranzit mövqeyini gücləndirə bilər.Amma burada bir məqamı nəzərə almaq lazımdır: Hörmüz böhranının avtomatik olaraq Orta Dəhlizə böyük yük axını gətirəcəyini düşünmək düzgün deyil. Qlobal ticarətin zəifləməsi, enerji qiymətlərinin artması və nəqliyyat xərclərinin yüksəlməsi ümumi yük dövriyyəsini də azalda bilər. Yəni Azərbaycanın tranzit imkanlarına tələbin artması ilə dünya ticarətinin bahalaşması arasında ziddiyyət yarana bilər.İranla bağlı risklər Azərbaycanın maraqları üçün ayrıca əhəmiyyət daşıyır. İranın nəqliyyat və enerji infrastrukturu hərbi-siyasi təzyiq altında qalarsa, Şimal–Cənub dəhlizinin İran ərazisindən keçən hissəsində problemlər yarana bilər. Bu isə Azərbaycan üçün bir tərəfdən tranzit gəlirlərinin müəyyən hissəsinin azalması riski, digər tərəfdən isə öz ərazisindən keçən alternativ marşrutların əhəmiyyətinin artması deməkdir.Ümumilikdə, Hörmüz ətrafında böhranın uzanması Azərbaycan üçün qısamüddətli dövrdə yüksək neft qiymətləri və tranzit imkanlarının genişlənməsi baxımından müəyyən üstünlüklər yarada bilər. Lakin gərginlik genişmiqyaslı regional münaqişəyə çevrilərsə, bunun mənfi təsirləri üstünlük təşkil edəcək. Azərbaycanın əsas marağı enerji qiymətinin sadəcə yüksəlməsi deyil, Xəzərdən Avropaya alternativ enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinin qorunmasıdır. Bu baxımdan hazırkı vəziyyət Azərbaycanın Orta Dəhliz, Şimal–Cənub və enerji ixrac marşrutlarını daha da şaxələndirməsi üçün ciddi strateji siqnal kimi qiymətləndirilə bilər".
Müəllif: Lətifə Musayeva

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?