2011-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacaq
Dünyada hökm sürən maliyyə böhranının 2010-cu ildə Azərbaycan üçün o qədər də təsiri olmadı. Adətən, qlobal maliyyə deyiləndə xarici investorlar digər ölkələrə investisiya yönəltməklə müəyyən tədbir görürlər.
Daxili investisiyaların, eləcə də, yerli iş adamlarının regionlarda həyata keçirdiyi layihələrin qlobal maliyyə böhranına təsiri yoxdur və Dövlət Proqramının tədbirlər hissəsində həmin layihələrin maliyyələşdirilmə mənbələri göstərilir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və eləcə də, digər infrastruktur layihələrin həm regionlarda, həm rayonlarda icrası ilə bağlı heç bir problem yoxdur. Artıq təcrübəyə əsasən, demək olar ki, qlobal maliyyə böhranı 2011-ci ildə də Azərbaycan iqtisadiyyatına, eləcə də, regionların inkişafı ilə bağlı Dövlət Proqramının icrasına təsir göstərməyəcək. Çünki 2010-cu il dövlət büdcəsində məhz regonların inkişafı ilə bağlı xüsusi vəsait nəzərdə tutulub.
Bununla bağlı iqtisadçı millət vəkili Vahid Əhmədov bildirdi ki, ümumiyyətlə, regionların inkişafı və regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı dövlət büdcəsində çox müsbət dəyişikliklər var: "Regionların vəsait ehtiyacını tam olaraq dövlət büdcəsi hesabına ödəmək mümkün deyil. Çünki bu gün regionların inkişafı üçün Dövlət Proqramının da fəlsəfəsi ondan ibarətdir ki, regionların inkişafında dövlət büdcəsinin rolunu artırmaqla yanaşı, eyni zamanda, büdcədən kənar mənbələr hesabına yeni iş yerlərinin açılması, əhalinin sosial inkişafının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bu vəsaitlər yaxın illərdə daha da artırılacaq".
Millət vəkili vurğuladı ki, bu ilin dövlət büdcəsinin 2011-ci ilin dövlət büdcəsindən əsas fərqi ondan ibarətdir ki, 2011-ci ildə dövlət büdcəsindən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmi 10% artırılacaq. Güman olunur ki, bu, daha çox əhalinin sosial müdafiəsinin təmin olunmasi ilə bağlıdır.
Millət vəkilinin sözlərinə görə, son illərin dövlət büdcəsində sosial yönümlü vəsaitlərin payı artmaqdadır və bu isə müsbət haldır. Çünki bütün hallarda dövlət büdcəsində sosial yönümlü xərcələrin payı artırsa, bu əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına gətirib çıxarar. 2011-ci ilin dövlət büdcəsini müəyyənləndirən zaman birmənalı şəkildə sosial xərclərin artması məsələsini müsbət hal kimi qiymətləndirmək lazımdır. Düşünürəm ki, bu, bütövlükdə, 2011-ci ilin dövlət büdcəsinin daha sosial yönümlü olmasından xəbər verir
Azad iqtisadi zonaların yaradılması məsələsinə toxunan millət vəkili qeyd etdi ki, azad iqtisadi zonanın yaradılması ilə bağlı aparılan müzakirələr və qanunun qəbulu ondan xəbər verir ki, məhz iqtisadi prioritet birmənalı şəkildə regionların inkişafına büdcədən kənar investisiyanı cəlb etməkdir. Nə qədər yerli və xarici investisiya regionların inkişafına, layihələrin maliyyələşdirilməsinə, yeni iş yerlərinin açılmasına cəlb olunarsa, o zaman büdcədən asılılığın azalmasına nail olmaq olar. Bu isə, bütövlükdə, regionların həm büdcə tələbinə, həm də büdcədənkənar mənbələr hesabına daha əhəmiyyətli təsir etməsinə gətirib çıxara bilər.
"Rəqabət Məcəlləsi haqqında" Qanunun qəbulunun bir qədər gecikməsindən danışan millət vəkili qeyd etdi ki, bu məcəllənin qəbul edilməməsi bu sahədə boşluğun davam etməsini göstərir. Çünki 1992-ci ildə qəbul edilmiş antiinhisar siyasəti fəaliyyəti haqqında qanun bu günün reallığına cavab vermir və ona görə, Rəqabət Məcəlləsinin qəbulu sürətlənməlidir. Xüsusən də, Dünya Ticarət Təşkilatının bu istiqamətdəki təklifləri və bu şirkətlə ikitərəfli gedən danışıqlar kontekstində alınan nəticələr Rəqabət Məcəlləsində öz əksini tapmalıdır.
Millət vəkilinin sözlərinə görə, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra artıq ədalətli rəqabət mühitinin yaradılması istiqamətində hüquqi əsaslarımız yaranacaq. Çünki dövlətin əsas vəzifələrindən biri də ədalətli rəqabət mühitinin yaradılmasıdır. Bu isə qanunvericilik əsasında mümkündür. Məcəllənin qəbulu Azərbaycanda xarici investisiyaların təşkil olunmasına gətirib çıxaracaq ki, bunun da nəticəsində ölkənin davamlı iqtisadi inkişafının təmin olunmasına nail olunacaq.