Sosial-iqtisadi inkişafın yeni yüksəliş dövrü
Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. İndi ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz 17 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan Respublikası özünün müstəqil iqtisadi siyasəti sayəsində artıq dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir.
Artıq hər bir müstəqil dövlətin, o cümlədən, Azərbaycan Respublikasının dünya iqtisadiyyatında cərəyan edən sosial-iqtisadi proseslərdə iştirakı labüd və qaçılmazdır. Bu zaman qarşıda duran başlıca vəzifə milli və iqtisadi təhlükəsizlik baxımından zərərli ola biləcək proseslərin qarşısını almaq, eləcə də, beynəlxalq təcrübənin vəd etdiyi nailiyyətlərə yiyələnməkdir. Məlumdur ki, 2008-ci ildən etibarən dünyada cərəyan edən, bütün dünyanı silkələyən və nəhəng şirkətlərin müflisləşməsinə səbəb olan iqtisadi böhran da məhz qloballaşma prosesi nəticəsində vahid orqanizmə çevrilən dünya iqtisadiyyatını qısa zamanda əhatə etmişdir. Demək olar ki, bütün dövlətlər böhrandan bu və ya digər dərəcədə zərər çəkmişlər. Lakin müstəqil Azərbaycanın qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın söz sahibindən birinə çevrilib. Hazırda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi və iqtisadi qüdrətinə görə, regionun lider ölkəsinə çevirib. Ümumiyyətlə, iqtisadi və siyasi baxımdan, hər il olduğu kimi, bu il də Azərbaycan üçün uğurlu oldu. Heç şübhəsiz ki, gələn 2011-ci il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ötən illərdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, əhalinin sosial rifah göstəricilərinin davamlı olaraq yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır.
Uğurlu iqtisadi
inkişaf
Prezident İlham Əliyev tədbirlərdə etdiyi çıxışlarında bildirir ki, Azərbaycanda hər ili uğurlu iqtisadi inkişaf davam etməkdədir. Belə ki, Azərbaycanda 2010-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2011-ci ildə də bu müsbət meyillər davam etməkdədir. Bu gün iqtisadiyyatın əsas sahələri və istiqamətləri üzrə yalnız artımdan danışmaq mümkündür. 2010-cu ilin 11 ayı ərzində ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 36,6 milyard manata çatıb. Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 22,7 milyard manata, onun adambaşına düşən məbləği isə 10,7 faiz çoxalaraq 2539,9 manata çatıb. Yəni əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da ölkədə güclü və cəmiyyətin maraqlarına xidmət edən sosial siyasətin aparılmasının təzahürüdür. Pensiya və əməkhaqqının indiki minimum səviyyəsini də MDB məkanı ilə müqayisə etsək, aydın olar ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır.
İndi ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksək inkişaf tendensiyası müşahidə olunmasın. Bütün bunlarla yanaşı, ölkəmizdə son illər bir sıra məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsinə xüsusi diqqət göstərilmişdir ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaratmışdır. Təkcə onu demək kifayətdir ki, son yeddi il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4 dəfə azalmışdır. Ötən müddətdə ölkəmizin büdcə gəlirləri 12 dəfə, hərbi xərclər isə təqribən 20 dəfə artmışdır. Prezident İlham Əliyevin yeddi il əvvəl ölkədə yeni iş yerlərinin yaradılacağı ilə bağlı verdiyi vədlər də artıq öz praktik həllini tapmışdır. Belə ki, ötən müddətdə Azərbaycanda 900 minə qədər yeni iş yeri açılmışdır ki, bu da ölkədə məşğulluq strategiyasının uğurla reallaşmasına dəlalət edir. Son yeddi il ərzində Azərbaycanın valyuta ehtiyatlarının 18 dəfəyədək artması isə, öz növbəsində, ölkəmizin iqtisadi cəhətdən xeyli güclənməsinə səbəb olmuşdur. Artıq Azərbaycanda iqtisadiyyatın dayanıqlığı tam təmin edilmiş, regionların sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Yeri gəlmişkən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin sənaye potensialından daha səmərəli istifadəsinə, emal sahələrinin inkişafına səbəb olmuşdur ki, bu da hazırda ölkəmizdə həyata keçirilməkdə olan sənayeləşmə siyasətinin uğurla reallşdırılmasına mühüm töhfələr verir. Elə hazırda dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də məhz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan ibarətdir. Bununla yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunun digər sahələrinin də inkişafına xüsusi diqqət və qayğı göstərilir ki, bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur.
Azərbaycan
dünyada qaz ölkəsi kimi sözünü deyib
Bu gün Azərbaycan iqtisadiyyatının inkişafında bazis rolunu oynamış və oynamaqda olan neft-qaz sektorunda qazanılan növbəti ciddi uğurlar da hər bir azərbaycanlını sevindirməyə bilməz. İlin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcək. Bunun böyük hissəsi ixrac edilir və ixrac imkanlarımız, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir, Azərbaycan nefti bütün dünyaya daşınır. Demək olar ki, Azərbaycan nefti artıq bütün qitələrə çatıbdır. Neft-qaz sənayesində apardığımız işlər bölgə və son zamanlar Avropa üçün mühüm rol oynamağa başlayıb. Azərbaycanın neft-qaz siyasəti artıq beynəlxalq münasibətlərdə, dünya enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Ölkə Prezidenti İlham Əliyev Xəzər dənizində "Ümid" qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşündə bəyan etmişdir ki, Azərbaycan öz təbii resurslarından və enerji siyasətindən elə istifadə edir ki, daha da çox dostlarımız, tərəfdaşlarımız olsun: "Bu il bu sahədə, xüsusilə, vacib addımlar atılıb. Azərbaycanın qaz potensialı artıq daha da səmərəli şəkildə realizə edilir. Qaz ixracımız artır, biz yeni yollar axtarırıq, tapırıq. Bu baxımdan, bir müddət əvvəl, "Ümid" yatağının açılması çox gözəl və böyük tarixi hadisədir... Bu yatağın açılması Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaq. "Ümid" yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu, onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Bundan sonra "Babək" yatağını da özümüz işləməliyik. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir". Bütün bunlarla yanaşı, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sektoru ölkənin ümumi inkişafının prioritet istiqaməti olaraq qalır. Adıçəkilən sahə ölkəmizə böyük uğurlar, yüksək maliyyə resursları gətirməkdə davam edir. Hazırda həmin resurslardan səmərəli istifadə edilməklə, həm ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, həm də əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşdırılır.