Əhalinin rifahı günbəgün yaxşılaşır
Son illər qazanılan uğurlara, əldə olunan nailiyyətlərə hakimiyyətin apardığı düzgün iqtisadi siyasət və xalqın iradəsi sayəsində nail olmuşuq. Dövlətin yeritdiyi müstəqil siyasət çox düzgün olmuş və bunun da nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu ildən-ilə artmış, mövqeləri möhkəmlənmişdir. Məhz buna görə də, ölkəmiz dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edir. Məlum olduğu kimi, Azərbaycan hökumətinin hazırladığı və ölkə başçısı tərəfindən parlamentə təqdim edilən "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsi Milli Məclisin payız sessiyasının plenar iclasında geniş müzakirə olunub. Millət vəkillərinin fikrincə, 2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ehtiyatlı proqnozlara əsaslanıb. Qeyd edək ki, gələn ilin büdcəsində müdafiə, təhlükəsizlik sahəsində də xeyli artım var. Hazırda ölkədə hərbi quruculuq və müdafiə sahəsində xeyli işlər gedir. İqtisadiyyat inkişaf etdikcə, digər sahələr də inkişaf edir ki, bunun da əsasında büdcə durur. Gələn ilin büdcəsində bütün sahələrdə artım nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulur. Bu cari illə müqayisədə 4,8 faiz çoxdur. Xərclərin isə 12 milyard 748 milyon manat olması planlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır.
Büdcə layihəsində sosial yönümlülük prioritet istiqamət kimi saxlanılacaq. Belə ki, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcək. Layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12 061 000 min manat, xərclərini 12 748 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460 min manat, yerli xərcləri 1 307 540 min manat) məbləğində təsdiq etmək nəzərdə tutulur.
Dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 690 mln hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 210 mln, əlavə dəyər vergisi 2 121 mln, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818 mln, aksiz vergisi 495 mln manat həcmində göstərilib.
Gələn il üçün dövlət büdcəsində bir barel neftin qiyməti 60 dollar məbləğində müəyyən edilib. Büdcənin gəlirləri ÜDM 30 faizi həcmində 2010-cu illə müqayisədə 4,8 faiz çox planlaşdırılıb. Məqsədli dövlət proqramları və tədbirlər üçün xərclər 42,3 faiz məbləğində və ya 5 milyard 390 milyon manat ayrılıb. Bu cari xərclərin tərkibində sosial müdafiə və ya sosial təminatlı xərclərin xüsusi çəkisi 10,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq xərcləri 3,5, səhiyyə 4,3, kommunal təsərrüfat xərcləri 1,8, mədəniyyət, incəsənət, KİV xərcləri 1,6 faiz, elm xərcləri 0,9 faiz, təhsil xərcləri 10,5 faiz, əsas bölmədə aid edilməyən xərclər 6,3 faiz, dövlət əsaslı vəsait xərcləri isə 26,5 faiz təşkil edib.
Sosialyönümlü xərclərin büdcədəki çəkisi 33,3 faiz nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 8,8 faiz artıq planlaşdırılıb. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 500 milyon manatadək məbləğ nəzərdə tutulub. Elm, təhsil, səhiyyə, gənclər, bədən tərbiyəsi və digər sahələr üçün 3 milyon 518 min manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7,5 faiz çoxdur.
Məqsədli dövlət tədbirlərin və proqramların maliyyə təminatı üçün 320 milyon vəsait nəzərdə tutulub. Ayrı-ayrı uşaq, qadın hüquqları, gender siyasəti həyata keçirilməsi istiqamətində və digər bu kimi məsələlərin həlli üçün büdcədə 2 milyon manat vəsait planlaşdırılıb. Bu da cari illə müqayisədə 18,48 faiz çoxdur. Ombudsmana dövlət büdcəsindən 1,4 milyon vəsait ayrılıb.
Qaçqın və məcburi köçkünlər üçün büdcədə 196,3 milyon vəsait nəzərdə tutulub. Dövlət müdafiə sahəsinə, sosial layihələrin həyata keçirilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsi ilə birgə müdafiə xərcləri 2011-ci ilin büdcəsində 18,9 faiz həcmində və ya bu illə müqayisədə 9,1 faiz çox maliyyə ayrılması nəzərdə tutulub. Məhkəmə sistemləri, hakim korpuslarının yeniləşdirilməsi üçün büdcədə 43 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 3,8 faiz artıb.
Xarici dövlət borcu 2010-cu il üçün gözlənilən ÜDM-nin 7,1 faizini təşkil edib ki, bu da normal hesab edilir. Büdcə hazırlanarkən ölkənin xarici borcu əvvəlki illə müqayisədə 700 milyon manat azalıb. Yeni büdcədə ölkənin daxili və xarici borclarının silinməsi üçün 347 milyon vəsait proqnozlaşdırılıb.
ÜDM-in artımı, büdcə gəlirlərinin formalaşmasına səbəb olacaq. Büdcə vəsaitlərinin artması, ilk növbədə, neftin satışından daxil olan pulların həcmindən asılı olacaq. Yəni neftin satış qiyməti nə qədər yüksək olsa, bu büdcəyə öz təsirini göstərəcək.
2011-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 60 dollardan götürülüb. Bu rəqəm ötən ilə nisbətdə 15 dollar çoxdur. Bir çox mütəxəssislər bu rəqəmin daha da yüksək götürülməsini də mümkün sayır. Çünki hazırda neftin bir barreli 80 dollar ətrafında satılır. Ümumiyyətlə, son bir ildə neft 70 dollardan aşağı satılmayıb. Ona görə də büdcədə bu rəqəmi ən azı 65 dollardan hesablamaq olardı. Belə də büdcəyə əlavə olaraq 1 milyard manat cəlb etmək mümkündür.
Büdcə zərfinin əsasən investisiya yönümlü olacağı və infrastruktur-investisiya layihələrinin maliyyələşdirilməsinə daha çox pul ayrılacağı nəzərdə tutulur. İnvestisiya layihələri ilə bağlı xərclərin həcminin 1 milyard manatdan çox artırılması gözlənilir. Yol-tikinti, nəqliyyat infrastrukturunun yenidən qurulması, körpü və tunellərin tikintisi ilə bağlı xərclər üstünlük təşkil edəcək.
2011-ci ildə ən azı 500-dən artıq investisiya layihəsini maliyyələşdirmək nəzərdə tutulur. Məktəb və xəstəxanaların, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və bərpası, tikintisi, park və abadlıq işlərinin aparılması üçün də kifayət qədər pul xərclənəcək.
Gələn ilin dövlət büdcəsi layihəsi göstərir ki, 2011-ci ilin büdcəsi, nəinki iqtisadiyyatın, həmçinin, gələcək inkişafına da böyük təsir göstərəcək. Dünya ölkələri böhran içindədir. Buna baxmayaraq, ölkə iqtisadiyyatının hazırkı durumda olması Azərbaycanda iqtisadi siyasətin düzgün aparıldığını sübut edir.
Ümumiyyətlə, qeyd olunan göstəricilər və proqnozlar neftin 60 dol/barel qiyməti ilə götürülüb. Lakin nəzərə alsaq ki, ilk yarım ildə neftin qiyməti 75-80 dol/barel arasında dəyişib və ilin sonunadək bu qiymətin 70 dol/bareldən aşağı olmayacağı ehtimal olunur, o zaman inamla demək olar ki, ilin sonunda Azərbaycanın büdcə gəlirləri proqnozdan xeyli yüksək olacaq. Nəticədə büdcə kəsiri örtüləcək və əlavə vəsaitlərin sosial proqramlara yönəldilməsi nəticəsində əhalinin sosial müdafiəsi güclənəcək.
Üstəlik, qlobal böhrana baxmayaraq, Azərbaycan iqtisadiyatına sərmayə qoyuluşu artır və bu da yaxın vaxtlarda ÜDM artımına və büdcə gəlirlərinin artımına müsbət təsir göstərəcək. Bundan başqa, yeni neft-qaz layihələrinin işə düşməsi və ixracın artması da gəlirlərin artmasına səbəb olacaq. Bu da, ölkə əhalisinin yaşam səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.