Elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım müşahidə edilib
Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınıb. SİA-nın "Azərenerji"nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Zərdab paylayıcı elektrik şəbəkəsində (PEŞ) cari ilin avqust ayında müəssisə üzrə 4,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin 90 faizdən çox hissəsi ödənilib. O cümlədən, sözügedən dövrdə daimi əhali istehlakçı qrupunda istehlak 1,5 milyon kilovatsaata yaxın olub. Bu da ötən ilin eyni dövründəki istehlaka bərabərdir. Ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 102 faizdən çox olub. Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən istehlakçı qrupunda enerji haqqının ödənişində mütləq artım 17 faizə yaxın olub. Qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə 24,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin eyni dövründəki istehlakdan 1,3 milyon kilovatsaat azdır. Sözügedən dövr ərzində ümumi ödəniş 92 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 12,4 milyon kilovatsaata, ödəniş isə 93 faizə yaxın olub. Nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə daimi əhali istehlakçı qrupunda ödənişdə mütləq artım 12,4 faiz olub. Saatlı PEŞ-də isə cari ilin avqust ayında müəssisənin xidməti ərazisində 4,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ödəniş isə 82 faizə yaxın olub. Bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 6 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,5 milyon kilovatsaata yaxın olub. Ödəniş isə 80 faizdən artıq olub. Bu göstərici ötən ilin eyni dövründəki ödənişdən 9,2 faiz çoxdur. Digər bir məlumatda isə cari ilin 8 ayı ərzində müəssisə üzrə 46 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib və ödəniş isə 58 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 33,7 milyon kilovatsaata yaxın, ödəniş isə 55 faiz olub. Bu da ötən ilin eyni dövründəki ödənişdən 16,3 faiz çoxdur.