PDF Oxu

İqtisadiyyat

  • 21

Azərbaycanda MDB ölkələrinin miqrasiya rəhbərlərinin 8-ci şura iclası keçirilib

Azərbaycanda MDB ölkələrinin miqrasiya rəhbərlərinin 8-ci şura iclası keçirilib
Dünən Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin miqrasiya rəhbərlərinin 8-ci şura iclası keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə 7 ölkə nümayəndələri iştirak ediblər. Azərbaycanı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Rusiyanı Konstantin Romodanovski, Qazaxıstanı Birjan Nurimbetov, Qırğızıstanı Aygül Rəsulova, Belarusu Aleksey Bequn, Ukraynanı Andrey Teslak, Tacikistanı Ənvər Nasirov, MDB-ni Kurak Anatoliy təmsil edib.
Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov konfransın mühüm əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan MDB məkanında qaçqın problemi olan ilk ölkədir. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Daha sonra ölkəmizdə miqrasiya sahəsində görülən işlərdən danışan şöbə müdiri vurğulayıb ki, Azərbaycanda gedən iqtisadi, sosial inkişaf, ictimai-siyasi stabillik, xalqımızın tolerantlığı və digər faktorlar xarici vətəndaşlar üçün Azərbaycanı cəlbedici bir ölkəyə çevirir. O deyib ki, məhz bu səbəbdən də Azərbaycanda miqrasiya xidmətlərinin gücləndirilməsi istiqamətində işlər görülür. "Azərbaycanda miqrasiya prosesinə 2007-ci ildən ciddi fikir verilməyə başlanılıb. Həmin dövdə Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı təsdiq olunub, Dövlət Miqrasiya Xidməti təsis edilib",- deyə o qeyd edib. Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov iclasda müzakirə olunacaq məsələlər haqqında məlumat verib. O bildirib ki, konfrans çərçivəsində miqrasiya sahəsində ölkələrdə olan mövcud vəziyyət, gələcəkdə görüləcək işlər müzakirə olunacaq.
"Bildiyiniz kimi, bu gün bütün dövlətlərdə miqrasiya məsələləri, prosesləri ön plana çəkilir. İnsanlar öz yerdəyişmələrini davam etdirirlər. Burada əsasən əməkçi miqrantlara üstünlük verilir. İclasda qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı məsələlər və onların həlli istiqamətində gələcəkdə görüləcək işlər müzakirə olunacaq. Təbii ki, sonda bu məsələlərə dair qərarlarımız qəbul ediləcək",- deyə DMX rəisi vurğulayıb.

Digər xəbərlər