Bu gün Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi cari ilin əvvəlindən davam edərək, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı da artmaqdadır. Ötən illər ərzində əldə edilən nailiyyətlər, makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünya öncülləri sırasındakı mövqeyinin qorunub saxlanmasını təmin etmişdir.
Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndiribdir. Bütün bunlar isə ölkədə iqtisadiyyatın dinamik və tarazlı inkişafını təmin edir.
Dövlət Statistika Komitəsinin 2010-cu ilin yanvar-avqust aylarında sosial-iqtisadi inkişafa dair məlumatında bildirilir ki, hesabat dövründə ölkədə 26,2 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz və ya müqayisəli qiymətlərlə 830,9 milyon manat çoxdur.
Cari ilin səkkiz ayında ölkə üzrə istehsal olunan ümumi daxili məhsulun 55,1 faizi sənaye sahələrində, 4,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 6,8 faizi tikinti kompleksində, 7,9 faizi ticarət, pullu xidmət və ictimai iaşə sahələrində, 6,3 faizi nəqliyyatda, 2 faizi rabitədə, 10,7 faizi digər xidmətlər və sosial sahələrdə yaradılıb, 6,5 faizi isə məhsula və idxala xalis vergilərin payına düşübdür. Hesabat dövründə ölkənin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artıbdır. Ötən səkkiz ay ərzində ölkədə adambaşına 2939 manatlıq (3657,7 ABŞ dolları), yaxud 2009-cu ilin eyni dövründəkindən 2,7 faiz çox əlavə dəyər istehsal olunubdur.
Göründüyü kimi, dünyada davam etməkdə olan maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam edir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhranın yaratdığı böyük çətinliklər ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrasa da, işsizlik artsa da, Azərbaycanda yeni istehsal sahələri yaradılıb, iqtisadiyyat artıbdır. 2010-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatının əsasını təşkil edən mühüm sənaye sahələrində də inkişaf tendensiyası müşahidə olunmaqdadır. Belə ki, ölkə sənayesi iqtisadiyyatda ən böyük xüsusi çəkiyə malik olmaqla ÜDM-in artım sürətini təmin edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 18,3 milyard manatlıq sənaye məhsulu istehsal olunubdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Sənaye məhsulunun 14 milyard manatlığı və ya 76,5 faizi mədənçıxarma, 3 milyard 343,9 milyon manatlığı və ya 2 faizi emal, 856,8 milyon manatlığı və ya 4,7 faizi isə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 105,3 milyon manatlığı və ya 0,5 faizi su təchizatı bölməsində yaradılıbdır. Göründüyü kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və son 5-6 ildə onun real həcmi təqribən 2,6 dəfə artıbdır. Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanan sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etməklə, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olubdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də, digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırıbdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaradıbdır.
Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf tendensiyası sürətlənir. Bu da, ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətə davamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır. 2010-cu ilin yanvar-avqust aylarında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 82 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının, 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.
Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, eləcə də, yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...