Əhalinin sosial-rifahı halı diqqət mərkəzindədir
Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında Sərəncamı bütün ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Çünki bu Sərəncamın verilməsi dövlətin əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına təsir edən ən vacib amildir. Sərəncamda deyilir: "Sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram: dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın".
"Azərbaycan dövlətinin imkanları var, biz bu imkanlardan istifadə edib əhalinin, xüsusilə, böyük imkanlara malik olmayan insanların ildən-ilə daha yaxşı yaşaması üçün tədbirlər görməliyik" Prezident İlham Əliyevin Nazirlər Kabinetində keçirilən cari ilin ilk yarımilinin yekunlarına həsr olunmuş iclasında söylədiyi bu fikirlər dövlət başçısının əhalinin sosial müdafiəsinin nə dərəcədə prioritet siyasət olduğunu bir daha əyani nümayiş etdirdi.
Dövlət başçısı hər zaman qeyd edir ki, Azərbaycanda əhalinin rifahı yüksəldilməli, vətəndaşlar iqtisadi inkişafın nəticələrindən real olaraq bəhrələnməlidir. Ölkə Prezidentinin bu günlərdə imzaladığı sərəncamlarda məhz bu məqsədə xidmət edir. Xatırladaq ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən həmin Sərəncama uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrindən çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Əhalinin həyat şəraitinin, rifahının daha da yaxşılaşdırılması üçün dövlət başçısının imzaladığı hər sərəncam böyük razılıqla qarşılanır, bu istiqamətdə atılan addımlar xalqın yaşayış səviyyəsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu təsdiq edir.
Bununla əlaqədar olaraq, bu ilin 7 ayında sosial-iqtisadi istiqamətlərdə əldə olunmuş bəzi statistik göstəricilərə diqqət yetirək. Bu müddətdə ümumi daxili məhsul 3,5 faiz, əhalinin gəlirləri 9,3 faiz artıb. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 316 manatdan bir qədər çox olur ki, bu da ötən ilin eyni dövründəkindən 5,3 faiz çoxdur. İnflyasiya səviyyəsi 9,3 faiz təşkil edib. Maliyyəçilər inflyasiyanın bu səviyyəsini normal hesab edirlər. Çünki vətəndaşların gəlirlərinin ümumi həcmi inflyasiyanı xeyli üstələyir.
Qısa müddətdə yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə endirilməsi ölkə iqtisadiyyatının inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Heç şübhəsiz ki, əməkhaqları və pensiyanın minimum məbləğinin artırılması barədə Prezident sərəncamının icrası oktyabrın əvvəllərindən əhalinin yoxsulluq səviyyəsini daha da azaldacaq.
Onu da qeyd etmək lazımdır ki, sosial məsələlərin həlli, əhalinin yoxsulluq təbəqəsinin güzəranının yaxşılaşdırılması, hər şeydən göründüyü kimi, dövlət siyasətinin əsas istiqamətidir.
"Hər şey Azərbaycan xalqı üçün olmalıdır. Azərbaycan xalqının həyatı gündən-günə yaxşılaşmalıdır" - Prezident İlham Əliyevin bu sözləri sosial siyasətin bundan sonra daha da güclənəcəyinə möhkəm təminatdır.
Ölkə Prezidenti Azərbaycanın daha sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirir: "Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb."