Azərbaycan dünyada ən qədim neft ölkələrindən sayılır. Bu baxımdan, ölkəmizdə neft sənayesinin inkişafını bir neçə mərhələyə ayırmaq mümkündür. XIX əsrin ortalarına qədər Azərbaycanda neft əsasən kustar üsulla hasil edilirdi. Hasil olunan neftin həcmi məhdud idi, neftdən və neft məhsullarından əsasən yanacaq məmulatı kimi istifadə olunurdu.
1847-1920-ci illəri əhatə edən ikinci mərhələdə neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlayır. Bu dövr Azərbaycan neft sənayesinin formalaşması və inkişafı mərhələsi kimi də dəyərləndirilə bilər. Bakıda ilk neft emalı zavodu da məhz bu dövrdə tikilərək istifadəyə verilib.
Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yeri tuturdu. O zaman dünya neftinin hasilatının yarısı məhz Azərbaycanın payına düşürdü. 1920-ci ildən - Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonraya təsadüf edən növbəti mərhələ isə 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrü kimi qiymətləndirilir. Bu mərhələdə Azərbaycanda yeni neft yataqları aşkarlanaraq istismara verilmiş, nəticədə neftin hasilatı 23,6 milyon tona çatdırılmışdı. Bu, 1941-ci ildə SSRİ-də neft hasilatının 76 faizini təşkil edirdi. 1941-1945-ci illərdə - İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynayıb. 1949-cu ildə isə artıq Neft Daşlarında 942 m dərinlikli 1№-li quyunun gündə 100 ton hasilatla istismara daxil olması dənizdə neftçıxarmanın əsasını qoyur.
Beləliklə, dünyada açıq dənizdə ilk neft çıxaran ölkə də məhz Azərbaycandır.
1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi Azərbaycanda dəniz neft sənayesinin inkişafına təkan vermiş olur. Eyni zamanda, bununla neftin hasilatı və emalında üçüncü mərhələ başlayır. 1969-cu ilə kimi davam edən bu dövrdə dəniz geoloji-kəşfiyyat işləri əhəmiyyətli dərəcədə genişlənib, bir sıra perspektivli neft və qaz yataqları aşkarlanaraq istismara verilib. Bu dövrdə hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilib. Dünyada estakada dirəkləri üzərində tikilən açıq dənizdə ilk dəniz mədəni də Bakının payına düşür. Dünya təcrübəsində ilk dəfə reallaşan dəniz mədənində kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunur.
Artıq 1969-cu ildən başlayaraq, neft-qaz sənayesi dinamik inkişafa başlamışdı. Bununla da neft sənayesinin inkişafında dördüncü mərhələnin təməli qoyulmuşdu.
1970-ci ildə Xəzər dənizi sektorlara bölünmüş, eyni zamanda, dəniz şəraitində iş aparmaq təcrübəsi nəzərə alınaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə edilmişdi. Bu illərdə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edilib, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırılıb. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırılır. 80-ci illərdə sayı 11-ə qalxan üzən qazma qurğularından istifadə nəticəsində hazırda Azərbaycan neftinin əsas hissəsini təşkil edən, dənizin 80-350 m dərinliyində yerləşən "Günəşli", "Çıraq", "Azəri" və s. kimi zəngin neft ehtiyatlarına malik yataqlar kəşf olunub.
SSRİ-nin dağılması bütün sahələr kimi, neft sənayesinin də tənəzzülünə gətirib çıxarmışdı. Lakin bu dövrü birmənalı şəkildə tənəzzül dövrü kimi qiymətləndirmək doğru deyildir. Belə ki, neft sənayesinin inkişafında beşinci mərhələni təşkil edən bu dövr yeni neft strategiyasının yaranması və həyata keçirilməsi ilə səciyyələnir.
Müstəqilliyin ilk illərində iqtisadi və sosial problemlərlə üz-üzə qalan Azərbaycanı neft və qaz hasilatının artımı xilas edə bilərdi. Ölkənin boş büdcəsi həmin dövrlərdə xarici şirkətlərin və investorların cəlbini strateji zərurət kimi ortaya qoyurdu. Lakin bu dövrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkədə baş verən hərc-mərcliklər neft şirkətlərini buradan çəkindirirdi. Aparılan danışıqlar isə Azərbaycanın iqtisadi maraqlarına uyğun olmadığından səmərəsiz nəticələnirdi. Nəhayət, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın siyasi və iqtisadi həyatında əsaslı dəyişikliklərin başlanğıcı qoyuldu. Neft müqavilələri üzrə danışıqlar yenidən start götürdü və Azərbaycanın maraqlarına tamamilə cavab verən şərtlərin reallaşması ilə yekunlaşdı. Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə "Məhsulun Pay Bölgüsü" sazişi bağlanıldı. Tarixə "Əsrin müqaviləsi" kimi düşən bu saziş "Azəri-Çıraq-Günəşli" (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 böyük neft şirkətini birləşdirir. Bundan başqa ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, eləcə də, Vaşinqton, Moskva, London, Parisdə xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanıb. Həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulub.
1999-cu ilin 17 aprel tarixi Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalının istismara verilməsi ilə "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanılıb. Bu gün yeni neft strategiyasına uyğun olaraq, hasil edilən ölkə nefti dünya bazarlarına bir neçə marşrutla - Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk və Gürcüstanın Supsa limanı, eləcə Bakı-Tbilisi-Ceyhan xətti vasitəsilə nəql edilir. Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası müqaviləyə əsasən isə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verir. Xatırladaq ki, müvafiq müqavilə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən imzalanıb. Bu müqavilə imzalanarkən müəyyən dairələr tərəfindən BTC-nin perspektivi şübhə altına alınsa da, neft kəmərinin rentabelliliyi və Azərbaycanın digər ölkələrin iştirakı olmadan da bu kəməri ixrac nefti ilə doldurmaq imkanına olması çoxdan öz təsdiqini tapıb.
Yeni neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev bu sahədə şaxələndirmə siyasətinə üstünlük verir. Bəlli olduğu kimi, Bakı-Tbilisi-Ceyhan xətti ilə Azərbaycanla həm Qazaxıstan, həm də Türkmənistan nefti ixrac edilir. Azərbaycanın bu iki Xəzəryanı ölkə ilə əməkdaşlığının dərinləşməsi bütövlükdə Xəzər regionunun nəhəng enerji resurslarına malik bölgə kimi geosiyasi əhəmiyyətini artırır. Ölkəmiz bu sahədə geniş infrastruktura, böyük nəqliyyat, ixracat potensialına malik olduğundan regionda hər hansı transmilli layihənin Azərbaycanın iştirakı olmadan reallaşması mümkün deyil. Odur ki, yeni neft strategiyasının uğurla gerçəkləşməsi sayəsində əldə edilən nailiyyətlər ölkəmizə böyük tərəqqi və rifah vəd edir.