Özəl sektorun inkişafı iqtisadiyyatın liberallaşdırılmasından qaynaqlanır
Beynəlxalq maliyyə qurumlarının son hesabatlarında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını bir daha nümayiş etdirməsi, ölkəmizdə özəl sektorun möhkəmləndiyini və əlverişli biznes mühitinin olduğu ilə şərtlənir. Ölkədə liberal iqtisadi sistemin qurulması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsi, təbii sərvətlərindən səmərəli istifadə edilməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi milli maraqlara söykənən siyasətin tərkib hissəsinə çevrilib. Digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri baxımından da özünü doğruldur.
Azərbaycanda qlobal və regional layihələrin reallaşdırılması, bölgələrin tarazlı inkişafına hesablanan sosial proqramlarının uğurlu icrasını Dünya İqtisadi Forumunun 2010-2011-ci illər üçün Dünya Rəqabətlilik Hesabatı da təsdiqləyir. Özəl sektorun inkişafı, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasət Azərbaycanda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, ölkənin iqtisadi inkişafında başlıca rol oynayır. Dünya Rəqabətlilik Hesabatı çərçivəsində bu il də Azərbaycanda keçirilən sorğunun nəticələrinə görə, Azərbaycan 2010-2011-ci illərin hesabatında rəqabətlilik reytinqinə görə 57-ci yerdədir. Buna baxmayaraq, Azərbaycan MDB ölkələri arasında yenə ən yüksək yeri tutur. Ölkədə sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi bazar iqtisadiyyatı prinsipləri üzərində qurulduğundan real göstəricilərdə Azərbaycan inkişaf dinamikası və rəqabətlilik səviyyəsini qoruya bilmişdir. Azərbaycanda xarici ticarətdə dövlət inhisarının ləğv edilməsi, bu fəaliyyət sferasının liberallaşdırılması, bazar mexanizmlərindən istifadə geniş imkanlar yaratmışdır. Neftdən əldə olunan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. Belə ki, 7 xallıq cədvəl üzrə Azərbaycan 4,3 xal toplayıb ki, bu keçən ilin göstəricisi ilə eynidir.
Azərbaycan hökumətinin çevik və işlək fəaliyyət mexanizmlər üzərində köklənməsi, habelə, qlobal böhranın respublikamız üçün tamamilə geridə qaldığını söyləməyə ciddi əsaslar verir. Ölkə iqtisadiyyatının qlobal böhran şəraitində inkişaf tempinin nümunəyə çevrilməsi ilə yanaşı, əhalinin gəlirlərinin çoxalması fonunda inflyasiyanın olduqca aşağı göstəricilərlə ifadə olunması, Azərbaycan digər MDB dövlətlərindən fərqlənirən başlıca xüsusiyyətlərdən biridir. Dünyanın nüfuzlu beynəlxalq qurumları hesabatlarında Azərbaycan iqtisadiyyatındakı dinamik inkişafı müsbət qiymətləndirərək, bu inkişaf tendensiyasının davamlı olacağını proqnozlaşdırırlar. Milli iqtisadiyyatın şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcənin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.
Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması, həm də xarici investisiyaların yatırımına daha böyük diqqət yetirməsidir.
Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif xarici ölkələrdə yatırdığı investisiyaların həcmi artıq 3 milyard dollara yaxınlaşır. Dünyanın aparıcı maliyyə-iqtisadi qurumları məhz ötən ilin nəticələrinə görə Azərbaycan iqtisadiyyatının çətin sınaqdan üzüağ çıxdığını etiraf edirlər. İqtisadi azadlıq şəraitində ümumi daxili məhsulumuzun 85 faizi özəl sektorun payına düşür. Baxmayaraq ki, əsas iqtisadi resurs olan neft dövlət tərəfindən idarə edilir. Özəlləşdirmə proqramının və bazar iqtisadiyyatı prinsiplərinin ölkədə geniş tətbiqinin nəticəsidir ki, cari ildə və ondan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatında artım səviyyəsinin dünyanın əksər ölkələri ilə müqayisədə inkişaf tempini saxlayır. Azərbaycanda makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin güclənməsi, ölkənin investisiya imkanlarının artmasına zəmin yaradıb.