Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir
Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir.
Azərbaycanda büdcə-fiskal siyasətinin məzmunu da əmək haqlarının, pensiyaların və pul gəlirlərinin artımı ilə bağlıdır. Son beş ildə həmin bölmələrdə artım tempi 3-4 dəfə müşahidə olunub.
2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. 2003-cü illə müqayisədə ümumi daxili məhsulun artımı 2,6 dəfə çoxalıb. Bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb. Ötən beş il ərzində orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Ölkədə minimum əmək haqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 11,8 faizədək azaldılıb. Son beş ildə iqtisadiyyatda artım tempinin 96 faizi ötməsi, ümumi daxili məhsulun artım tempinə görə 4 ildir ki, liderliyini qoruması, əhalinin pul gəlirlərinin 35 faizə yaxınlaşması düşünülmüş iqtisadi siyasətin başlıca uğurları sayıla bilər.
Ölkə Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətin maliyyə imkanlarının yaxşılaşması nəticəsində hökumət gəlirləri əhalinin maddi rifah halının yaxşılaşmasına yönəldəcək: "İldən-ilə maaşlar, pensiyalar artırılır... Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan bütün MDB məkanında qabaqcıl yerlərdədir və bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Biz öz valyuta ehtiyatlarımızı artırırıq... Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların sosial müdafiəsi daha da gücləndirilməlidir və bunu etmək üçün konkret təkliflər, proqramlar var və ən əsası maddi imkanlarımız da buna şərait yaradır... Bu, bizə əlavə güc verir, əlavə əminlik verir. Bu, bizə imkan verir ki, ölkəmizin müstəqil siyasətini daha da inamla irəliyə aparaq və Azərbaycan xalqının milli maraqlarını müdafiə edək...".
Ötən illərdə olduğu kimi, 2008-2009-cu illərdə də Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının uğurla icra edilməsi və eyni zamanda, əhalinin sosial rifahının daha da yaxşılaşması ilə əlamətdardır. Bəzi göstəricilərə nəzər salmaqla son illər əhalinin rifahının daha da yaxşılaşdığının şahidi olarıq. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev davamlı olaraq əməkhaqlarının, pensiya və müavinətlərin, minimum əməkhaqqının artırılması ilə bağlı siyasət yürüdür. Ölkə rəhbəri bəyan etmişdi ki, 2008-ci ildə minimum əmək haqları yaşayış minimumuna çatdırılacaq. Artıq bu hədəfə nail olunub. Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının və əmək pensiyalarının baza hissəsinin artırılması haqqında 25 avqust 2008-ci il, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması ilə bağlı 26 avqust 2008-ci il tarixli sərəncamları bir daha göstərdi ki, dövlətimiz hər bir vətəndaşın güzəranının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Dövlət başçısının sərəncamı ilə 2010-cu il sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 85 manat müəyyənləşdirilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. Çünki minimum əməkhaqqının artımı ölkə üzrə orta aylıq əməkhaqqının məbləğinin artırılmasına birbaşa təsir edir. Hazırda ölkədə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 75 manat təşkil edir ki, bu da 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur. Pensiyanın baza hissəsinin artırılması həm də orta pensiyanın məbləğinə təsir göstərir. Müqayisə üçün bildirək ki, sonuncu artımdan əvvəl Azərbaycan minimum əməkhaqqının məbləğinə görə, keçmiş sovet respublikaları arasında 7-ci, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında isə Rusiya, Ukrayna və Qazaxıstandan sonra 4-cü sırada yer alırdı. Keçmiş sovet respublikaları arasında minimum əməkhaqqının ən yüksək olduğu ölkə isə Estoniyadır. Bu ölkədə 356 dollardan aşağı əməkhaqqı alan yoxdur. MDB ölkələri içərisində ilk sırada Rusiya gəlir. Rusiyada minimum əməkhaqqı 131 dollara bərabərdir. Siyahının sonuncu pilləsində Gürcüstan yer alır. Bu ölkədə əməkhaqqının ən aşağı həddi 10,5 dollardır. Bu arada Azərbaycanda ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 308 min 432 nəfərdir. Ekspertlərin hesablamalarına görə isə ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı, ümumilikdə, 1 milyon 500 min nəfər təşkil edir. Qeyd edək ki, minimum əməkhaqqı ölkənin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa bağlı deyil. Bu, daha çox hökumətin həyata keçirdiyi sosial tədbirlərlə bağlıdır. Yeri gəlmişkən, minimum əməkhaqqının artımı yaşayış minimuna və minimum istehlak səbətinin dəyərinə təsir göstərir. Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib. Son artımları şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ bir neçə ay əvvəl yaydığı açıqlamada pensiyaların məbləğinin 14-15 faiz artırılacağını açıqlamışdı: "Bu gün yaşa görə əmək pensiyasının baza hissəsinin 75 manatdan 85 manata qaldırılması 13,3 faiz artım deməkdir. Bütün hallarda pensiyaların artırılması müsbət haldır". Ekspertin dediklərinə görə, pensiyanın baza hissəsinin hansı məbləğdə artırılmasından asılı olmayaraq, bu artım vətəndaşın əvvəlki ayla müqayisədə daha çox pensiya almasına səbəb olur: Minimum aylıq əməkhaqqının məbləğindəki artıma gəlincə, Azərbaycan minimum aylıq əməkhaqqının məbləğinə görə, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında təkcə Rusiyadan geri qalır. Belə ki, Rusiyada minimum əməkhaqqı 131 dollar, Ukraynada 96,5 dollar, Qazaxıstan 90,5 dollar təşkil edir. Artıma qədər Azərbaycanda bu məbləğ 84 dollar idi". İqtisadçı deyir ki, Azərbaycanda pensiyaların məbləği Rusiya və Qazaxıstandan geridə qalır: "Bununla belə istər minimum əməkhaqqının, istərsə də pensiyaların daha çox artırılması imkanları var. Pensiyaların baza hissəsinin 13,3 faiz deyil, daha çox artırılması mümkündür. Hesablamalarımız göstərir ki, dövlət büdcəsinin imkanları pensiyaların baza hissəsinin 25 faiz artırılmasına imkan verir. Mütəxəssisin qənaətinə görə, minimum əməkhaqqının 85 manata çatdırılması yönündə qərarı müsbət hesab etmək olar. Çünki bu artım digər sosial ödənişlərə müsbət təsir göstərəcək: "Yalnız dövlət sektorunda deyil, real sektorda da əməkhaqların artımı baş verəcək. Hər iki sektorda 85 manatdan az əməkhaqqı vermək mümkün olmayacaq. Eləcə də, yaşayış minimumu, minimum istehlak səbətinin dəyəri artacaq".
Bütün kateqoriyalardan olan vətəndaşların sosial rifahının yüksəlməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizin dinamik iqtisadi inkişafı isə vətəndaşların sosial rifahının üzümüzə gələn illərdə daha da yaxşılaşacağını qətiyyətlə söyləməyə əsas verir.