PDF Oxu

İqtisadiyyat

  • 4

Naxçıvanda iqtisadi göstəricilər 2009-cu ilin müvafiq dövrünü üstələyib

Naxçıvanda iqtisadi göstəricilər 2009-cu ilin müvafiq dövrünü üstələyib
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında dason illər davamlı olaraq dinamik iqtisadi inkişaf geniş vüsət alıb. Vətəndaşların sosial rifah şəraiti yaxşılaşmış, yüzlərlə yeni iş yeri açılmış, ictimai və sosial obyektlər tikilmiş, müasir standartlara cavab verən fabrik və digər istehsal sahələri yaradılmışdır. Çoxsaylı təhsil, səhiyyə və digər sosial obyektlər inşa olunmuşdur.
Məktəb tikintisində Heydər Əliyev Fondunun xeyirxah fəaliyyəti xüsusilə seçilən olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir standartlara cavab verən məktəb binaları inşa olunub. Elmin inkişafı və Naxçıvan MR-in tarixi ilə bağlı araşdırmaların aparılması istiqamətində ciddi nəticələr əldə edilmiş, tarixi abidələrin bərpası ilə bağlı lazımi tədbirlər görülmüşdür. Naxçıvan şəhərində ulu öndər Heydər Əliyev Sarayının əsaslı şəkildə yenidən qurulması, Şahmat Mərkəzinin istifadəyə verilməsi, "Badamlı" Mineral Sular Zavodunun işə salınması, Naxçıvan-Sədərək avtomobil yolunun, Şərurda Olimpiya-İdman Kompleksinin, Şahbuz rayon Mərkəzi Xəstəxanasının yeni binasının Prezident İlham Əliyevin iştirakı ilə açılması, muxtar respublikada da sosial-iqtisadi sahələrə ciddi qayğı göstərildiyinə nümunədir. Azərbaycan Prezidenti yeni obyektlərin açılışında və ictimaiyyətlə görüşlərində vurğuladı ki, bundan sonra muxtar respublikanın daha da inkişaf etdirilməsi, sosial-siyasi və iqtisadi sahələrdə yeni uğurlar qazanması, habelə, müdafiə qüdrətini artırmaq üçün lazımi tədbirlər görüləcəkdir.
Ölkə Prezidentinin Naxçıvana etdiyi səfərlər zamanı 40-dan çox mühüm əhəmiyyətli obyektin istifadəyə verilməsi, uzun fasilədən sonra muxtar respublikaya təbii qazın nəqlinin bərpa olunması muxtar respublikanın inkişafına öz təsirini göstərib. Həyatın bütün sahələrində sürətli inkişaf yoluna qədəm qoyan muxtar respublikada əsas iqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 630 milyon 296,9 min manata çatıb. Məhsul istehsalının artımına birbaşa təsir göstərən amillərdən biri də özəl bölmənin inkişaf ilə bağlıdır. Bu göstərici 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Adambaşına düşən daxili məhsulun həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artaraq 1559 manata (1940,2 ABŞ dollarına) çatmışdır. Hesabat dövründə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 41 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, 49 layihə üzrə istehsal və xidmət obyektlərinin icrası davam etdirilməkdədir. Muxtar respublikada əsas əkinçilik sahəsinə - taxıla olan ehtiyacın ödənilməsi sahəsində son illər yüksək nailiyyətlər qazanılıb. Vətəndaşların təbii qaz və elektrik enerjisinə olan tələbatı ödənilməkdədir.
Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, 190 milyon 381 min 800 manatlıq sənaye məhsulu istehsal edilmiş və bu göstərici 2009-cu ilin müvafiq dövründəki göstəricini 54,6 faiz üstələyib. Sənaye sahəsində mövcud inkişaf templərinin dayanıqlılığı müntəzəm əsasda dəstəklənmiş və 2010-cu ilin yanvar-iyul aylarında sənaye profilli təsərrüfat subyektlərinə 6 milyon 47 min manat həcmində kreditlər verilmişdir.
Yanvar-iyul aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 300 milyon 432 min 600 manat həcmində investisiya yönəldilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 32,7 faiz və ya 74 milyon 4 min 400 manat artmışdır.
Muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 313 obyekt istifadəyə verilmiş, 316 obyektin tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir. Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 19 milyon 895 min 100 manat olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Mobil rabitənin həcmi 16 milyon 982 min 500 manat olmaqla bir il öncəki göstəricini 18 faiz üstələmişdir. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artaraq 537 milyon 643 min 300 manat, onun adambaşına düşən həcmi isə 9,7 faiz yüksələrək 1329,9 manat təşkil etmişdir. Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 281,6 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artmışdır.
2010-cu ilin yanvar-iyul aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 112 milyon 26 min 700 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da bir il öncəki müvafiq səviyyəni 9,3 faiz üstələyir.
İqtisadiyyatın inkişafı muxtar respublikanın xarici iqtisadi əlaqələrinin də artmasına səbəb olub. Muxtar respublikanın xarici ticarət dövriyyəsində cari ilin yanvar-iyul aylarında ixracın həcmi idxalı üstələyərək və 72 milyon 271 min 700 ABŞ dolları həcmində müsbət saldo yaranıb. Belə ki, xarici ticarət dövriyyəsinin 19 milyon 877 min 500 dollarını və ya 17,7 faizini idxal, 92 milyon 149 min 200 dollarını və ya 82,3 faizini isə ixrac təşkil etmişdir. İxracın həcmi son bir il ərzində 67,8 dəfə artıb. Yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 milyon 816 min 500 manat məbləğində kredit verilib.

Digər xəbərlər