PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycan taxıla olan daxili ehtiyaclarını tam ödəyir

Azərbaycan taxıla olan daxili ehtiyaclarını tam ödəyir

Bəzi ekspertlərin fikrincə, Rusiyanın taxıla və tikinti materiallarının ixracına qadağa qoyması nəticəsində Azərbaycanın da daxil olduğu tərəfdaş ölkələrdə qiymət artımına səbəb olacağı proqnozlaşdırılır. Bütün bunlar nə dərəcədə realdır? Bu barədə müsahiblərimizin fikirlərini öyrəndik.

İqtisadçı-ekspert Vüqar Bayramov:
- İnflyasiyanın artmasının səbəbi heç də daxili faktorlarla bağlı məsələ deyil. Qiymət artımlarına məruz qalan sektorlardan biri də tikinti sektorudur. Qiymət artımı tikinti sektorunda ən çox taxta məmulatları olub. Rusiyada baş verən meşə yanğınları qiymət artımına təsir göstərən amillərdən biridir. Taxta və taxta materiallarının məhz çox hissəsinin Rusiyadan gətirilməsi qiymət artımının yeganə səbəblərindəndir. Tikinti bazarındakı qiymət artımları daha çox idxal inflyasiyası ilə bağlıdır. Ona görə də bu artımı sırf Azərbaycan iqtisadiyyatı ilə bağlamaq düzgün olmazdı. Hazırda sənaye müəssisələrində və tikinti sektorunda müşahidə edilən qiymət artımı birbaşa xarici faktorlarla bağlı qiymət artımıdır. Eyni zamanda, mövsümlə bağlı nəqliyyat xərcləri də qiymət artımına təsir göstərə bilir. Fikrimcə, tikinti məhsullarının qiymət artımına məruz qalması Azərbaycan üçün bir o qədər də təhlükə doğurmur. Hətta Rusiyada meşə yanğınlarının söndürülməsindən sonra qiymətlərdə gözlə görünəcək qədər qiymət azalmalarının müşahidə olunacağı gözlənilir. Nəqliyyat sərfiyyatında və idxal olunan məhsullarda sentyabrdan başlayaraq, qiymət azalmaları müşahidə olunacaq. Güman edirəm ki, bütün bunlar mövsümü addımlardır. Bu da, sözsüz ki, Azərbaycanda ciddi inflyasiyaya səbəb ola bilməz. O cümlədən, taxıl sektorunda da, dəyişiklik müşahidə olunur. Mövsümlə əlaqədar olaraq və Rusiyada baş verən yanğınlar səbəbilə taxıl sektorunda da ciddi dəyişikliklər var. Belə ki, 2009-cu ildə Azərbaycan 2 milyon 960 min ton taxıl istehsal etmişdir. 2010-cu ildə taxıl istehsalının 2009-cu ilə nisbətən azalması gözlənilir. 2010-cu ildə güman olunurdu ki, Azərbaycanda taxıl istehsalı 2 milyon 200 min ton olacaq. Bunun 1 milyon 200 min tonu buğda olacaqdır ki, Azərbaycanın buğdaya olan tələbatı 1 milyon 700 min tondur. Praktiki olaraq yerli istehsal öz daxili tələbatını hələ ödəmir. Bu səbəbdən də Azərbaycan xaricdən buğda və taxıl idxal edilməsinə ehtiyac duyur. Hələlik, Rusiya və Ukrayna taxıl ixracatına qadağa qoyublar. Azərbaycan Ukraynadan taxıl idxal etmir. Azərbaycana Rusiya və Qazaxıstan respublikalarından taxıl idxal edilir. Bildiyimizə görə, Qazaxıstan taxıl ixracatı barədə qadağa qəbul etməyib. Hətta hazırda Qazaxıstandan taxıl idxalı davam etdirilir. Rusiya taxıl idxalına qadağa qoyduqdan sonra Azərbaycan tərəfinin də bir sıra addımlar atması vacibdir. O cümlədən, Azərbaycana gətirilən taxılın əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarına ehtiyac var. Nazirlər Kabineti Azərbaycana gətirilən taxılı əlavə dəyər vergisindən azad edərsə, bu, ölkə daxilində çörəyin və taxılın qiymətlərinin artmasının qarşısını ala bilər. Nəzərə alsaq ki, Azərbaycanın ilin sonuna qədər taxıl ehtiyatları var və Rusiya ilin sonuna qədər bu qadağanı aradan qaldırarsa, o zaman biz bu məsələnin o qədər də qorxulu olmayacağını deyə bilərik.

İqtisadçı-ekspert Qubad İbadoğlu :

- Tikinti materiallarının qiymətlərindəki artım inflyasiya nöqteyi-nəzərindən o qədər də qorxulu deyil. Bu inflyasiya əsasən bu işlə məşğul olan şəxslərin ailə büdcəsindəki qiymətlərə təsir göstərəcəkdir. Bütövlükdə bunlar inflyasiya səviyyəsində, əhəmiyyətli qiymət artımına gətirib çıxartmasa da, artırıcı funksiyaya malikdir. Bu baxımdan da, deyə bilərik ki, tikinti sektorundakı artım inflasiyaya cüzi şəkildə yönvermə qabiliyyətinə malikdir. O cümlədən, taxıl istehsalında da artım gözlənildiyi qeyd olunan gündəm mövzularındandır. Bildiyimiz kimi, bu il Qazaxıstanda taxıl istehsalında müsbət nəticələr əldə olunub. Rusiyada isə gözlənilənlərin əksinə olaraq, 20 milyon ton az taxıl yığılıb. Hesab edirəm ki, Rusiyadan taxıl ala bilməsək, o zaman alternativ olaraq Qazaxıstanla bu əməliyyatları apara bilərik.

Digər xəbərlər