"Azərenerji" iyul ayında 4,3 milyon kilovat saat elektrik enerjisi istehlak edib
"Azərenerji" cari ilin iyul ayında müəssisə üzrə 4,3 milyon kilovat saatdan artıq elektrik enerjisi istehlak edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ödəniş isə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 7 faizə yaxın mütləq artaraq ötən ayların debitor borcu da nəzərə alınmaqla 100,5 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 1,8 milyon kilovat saata yaxın, ödəniş isə 80,4 faiz olaraq hesablanıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən istehlakçı qrupu üzrə ödənişdə 5,5 faiz mütləq artım deməkdir.
Bundan əlavə, cari ilin ötən 7 ayı ərzində isə müəssisə üzrə 30,7 milyon kilovat saata yaxın elektrik enerjisi istehlak edilib, ödəniş isə 88 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 33,5 milyon kilovat saatdan və 95 faizdən artıq olaraq qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 12,3 milyon kilovat saat, ödəniş isə 82 faizə yaxındır. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 12,8 milyon kilovat saatdan, 87 faizdən çox olub. Bundan əlavə Siyəzən PEŞ-dən daxil olan məlumata görə isə, cari ilin iyul ayında müəssisənin xidmət ərazisində 6,5 milyon kilovat saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3 faiz azdır. Ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100,4 faiz olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 107 faiz idi. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 1,4 milyon kilovat saata yaxındır. Ödəniş isə 91 faizə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz mütləq artım deməkdir.
O cümlədən, cari ilin ötən 7 ay ərzində isə bu müəssisə üzrə 55,8 milyon kilovat saatdan artıq elektrik enerjisi istehlak edilib və ödəniş isə 88 faizə yaxındır. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 60 milyon kilovat saatdan və 96 faizdən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 16,4 milyon kilovat saata yaxın, ötən ilin müvafiq dövründə isə bu göstərici 14,2 milyon kilovat saata yaxın olaraq hesablanıb. Sözügedən istehlakçı qrupu üzrə ödəniş isə cari ilin ötən 7 ayı ərsində 52 faizdən artıq, ötən ilin müvafiq dövründə isə bu göstərici 63 faizə yaxın olub.