PDF Oxu

İqtisadiyyat

  • 14

Dinamik sosial-iqtisadi strategiya ölkəmizi davamlı inkişaf yoluna çıxarıb

Dinamik sosial-iqtisadi strategiya ölkəmizi davamlı inkişaf yoluna çıxarıb
Azərbaycanda qlobal və regional layihələrin reallaşdırılması, bölgələrin tarazlı inkişafına hesablanan dövlət proqramları, qeyri-neft sektorunun daha da möhkəmlənməsi ardıcıl dövlət siyasətinin mahiyyətini təsdiqləyir.
Ölkədə sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Özəl sektorun inkişafı, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasət Azərbaycanda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, ölkənin iqtisadi inkişafında başlıca rol oynayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiyanın ölkəmizi dinamik inkişaf yoluna çıxarması, uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyasına əsaslanır. İqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın daha da sürətli inkişafına səbəb olmuş, insanların sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxarmışdır. Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil kimi müəyyənləşdirən dövlət başçısı rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətdə səfərbər etmişdir.
Neftdən əldə olunan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. Zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi və digər əhəmiyyətli tədbirlərin nəticəsi olaraq cari ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,7, o cümlədən, neft sektorunda 2,4, qeyri-neft sektorunda 15,3 faiz artmışdır. İnflyasiya cəmi 4,9 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 9,7 faiz, banklardakı əmanətləri 29 faiz artmışdır. İlin əvvəllərindən ölkənin valyuta ehtiyatlarının 4 milyard dollar artaraq 20 milyarddan 24,7 milyard dollara yüksəlməsi də hökumətin fəaliyyəti ilə bağlı kifayət qədər dolğun təəssürat yaradır. 2010-cu ilin ötən 6 ayında əldə olunmuş uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslandığını, habelə, qlobal böhranın respublikamız üçün tamamilə geridə qaldığını söyləməyə ciddi əsaslar verir. Dünyanın nüfuzlu beynəlxalq qurumları da öz hesabatlarında Azərbaycan iqtisadiyyatındakı dinamik inkişafı müsbət qiymətləndirərək bu inkişaf tendensiyasının davamlı olacağını proqnozlaşdırırlar. Bununla yanaşı, ölkəmiz Dünya İqtisadi Forumunun reytinqində mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və bu sahədə həlledici uğurlara imza atmışdır. ABŞ-ın nüfuzlu "Gallup" təşkilatının elan etdiyi sorğunun nəticələrindən də məlum olur ki, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır. Əhalinin sosial durumunun daha da yaxşılaşması, bütün sahələr üzrə dinamik inkişaf ölkə rəhbərliyinə olan inam və etimadı daha da artırır. Dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcənin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur. Beynəlxalq maliyyə qurumlarının son hesabatlarında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını bir daha nümayiş etdirməsi, ölkəmizdə özəl sektorun möhkəmləndiyini və əlverişli biznes mühitinin olduğu ilə şərtlənir.
Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də, sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlmişdir. Dövlət başçısı İlham Əliyev tərəfindən sosial-liberalizm xəttinə üstünlük verməklə, sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yeni sosial obyektlər - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi də uğurla aparılmışdır. Əldə edilən nəticələr bölgələrimizdə əhalinin mədəni-intellektual potensialının güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin yüksəlməsinə müsbət təsir göstərmişdir. İnsan amilinin inkişafına xidmət edən informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə təminatı da dövlət proqramlarında əksini tapmaqdadır. Ölkəmizin əldə etdiyi uğurların nəticəsidir ki, ABŞ-ın "News Week" jurnalının rəyinə əsasən Azərbaycan "dünyanın 100 ən yaxşı ölkəsi" reytinq qrupuna daxil olub. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi, "Evrostat" və digər qurumların Azərbaycan iqtisadiyyatının inkişafının kifayət qədər uğurlu olduğunu etiraf edirlər.

Digər xəbərlər