Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda hərc-mərclikdir
Bu gün real fakt ondan ibarətdir ki, insanların ərzaq təhlükəsizliyi ilə təminatında Kənd Təsərrüfat Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. Daha doğrusu, bu məsələ bilavasitə Kənd Təsərrüfatı Nazirliyinə və onun strukturlarına aiddir. Yəni, Kənd Təsərrüfatı Nazirliyinin proqram və tövsiyələri əsasında kəndli fermer təsərrüfatları, sahibkarlıq subyektləri əhalini təmiz və keyfiyyətli ərzaqla təminatını həyata keçirməlidir.
Bu halda nazirliyin tabeçiliyində olan institutların üzərinə də xüsusi vəzifələr düşür. Bu mənada ki, bu institutlar mal-qaranın kökəldilməsində, südünün artırılmasında, arpa-buğdanın və digər ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsində əldə etdikləri təcrübi biliklərini fermer təsərrüfatlarına çatdırmaqla, dövlət siyasətinin uğurla həyata keçirilməsinə şərait yaratmış olurlar. Amma redaksiyamıza daxil olan şikayət məktubuna görə, heç də bütün hallarda Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan institutlar əsasnamələrinə uyğun fəaliyyət göstərmirlər. Daha doğrusu, institutun direktorları bu əsasnaməni nəzərə almaq belə istəmirlər. Çünki başları ancaq əllərində olan möhür vasitəsilə daha çox pul qazanmağa qarışır. Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Abşeron rayonu Güzdək qəsəbəsində yaşayan şəhid ailəsindən olan Əlifağa Məmmədov da Kənd Təsərrüfatı Nazirliyinin Güzdək qəsəbəsindəki Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru Çingiz Əliyevin özünəməxsus idarəetmə üsulundan narazılıqlar edir. Şikayətçinin qeyd etdiyinə görə, direktor onu müəyyən vədlər verməklə instituta işə götürüb: "İşlədiyim iki ay müddətində təsərrüfat sahəsi üzrə müdir vəzifəsini icra etmişəm. Bostançılıqla, tikinti işləri ilə məşğul olmuşam. Sürücülük vəzifəsini də həyata keçirmişəm. Bütün bunların müqabilində cəmi 90 manat aylıq məvacib almışam".
Ə.Məmmədov 4-5 iş yerinə yetirməsinə baxmayaraq, az maaş almasını direktor Ç.Əliyevin ənənəvi metodlarla işləməsi ilə əlaqələndirir: "İnstitutda hər ailədən 4-5 nəfərin adı qeyd olunur. Amma maaşı yalnız bir nəfər alır. Anbardar Adil adında biri olsa da, işlədiyim iki ay müddətində onu görmədim. Bağban olduğunu bildirən Məleykə Qafarovanı da tanıyan yoxdur. Bu azmış kimi, institutun Güzdək qəsəbəsində yerləşən ərazilərini bələdiyyə sədri ilə əlbir olub, ayrı-ayrı insalara fərdi yaşayış evləri kimi satırlar".
Ə.Məmmədov direktor Ç.Əliyevi Ağstafa, Şirvan, Şəki, Gədəbəy və digər institutun yerli qurumlarında özünəməxsus tətbiq etdiyi iş metodunun olduğunu da qeyd edir. Bildirir ki, instituta aid olan torpaq sahələrinin dövlətin ayırdığı vəsait hesabına becərilsə də, bundan bir manat da olsun institutun büdcəsinə keçirilmir. Ümumilikdə, institutda çalışanların sosial-iqtisadi durumlarının yaxşı olduğunu söyləmək çətindir. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz bir o qədər də uğurlu alınmadı.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.