Neft sektorunda məhsul istehsalı 2,3 faiz, qeyri-neft sektorunda isə 9,7 faiz olub
Azərbaycanın regionda lider dövlətə çevrilməsi davamlı inkişaf strategiyası ilə şərtlənir. Neft strategiyası ölkəmizin Cənubi Qafqazdakı liderlik mövqeyini daha da gücləndirməklə yanaşı, beynəlxalq əhəmiyyət kəsb edən məsələlərdə, xüsusən, enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqdadır. Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu ən böyük məqsəd neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsidir. Qəbul edilmiş dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizin davamlı iqtisadi inkişafına təminat yaradan amillərin möhkəmləndirilməsi sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcminə, neft sektorunda məhsul istehsalının da artımına səbəb olmuşdur.
Ölkədə ümumi daxili məhsulun artım tempi, iqtisadi sektorda islahatların genişləndirilməsi, bütövlükdə, sosial-mədəni modernləşməyə imkan yaradır. Qeyri-neft sektorunun sürətli inkişafının təmini, infrastruktur təminatının yaxşılaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi, özəl sektorun inkişafının daha da sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalını stimullaşdırır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması və digər mühüm tədbirlərin icra olunması iqtisadiyyatda dayanıqlı inkişafı təmin edir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, ötən yeddi ayda sənayenin mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 1,8 faiz artaraq 29,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 0,7 faiz azalaraq 10 milyard kubmetr təşkil etmişdir.
Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan götürülməsinə, sərbəst bazar subyektlərində plüralist iqtisadi mühitin yaradılmasına, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsinə zəmanət verir. Bunun nəticəsdir ki, emal sektorunda qida məhsulları istehsalı 2 faiz, içki istehsalı 6,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 26,6 faiz, neft məhsulları istehsalı 10,2 faiz, kimya sənayesi məhsulları istehsalı 37,6 faiz artmışıdr. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, rezin və plastik məmulatlar istehsalı 17,1 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 27,4 faiz, elektrik avadanlığı istehsalı 55,2 faiz, maşın və avadanlığın istehsalı 97,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 59,9 dəfə artmışdır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafını bir daha nümayiş etdirən göstəricilər, ölkəmizdə özəl sektorun möhkəmləndiyini və əlverişli biznes mühitinin olduğunu ortaya qoyur.
Ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərilməsi nəticəsində sahibkarlığa dövlətin maliyyə dəstəyi, güzəştli qaydada kreditləşmə siyasəti bu sahənin inkişafının daha da güclənməsinə əsaslı şərait yaradır. Bütövlükdə iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin artması şəraitində istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib. Rəsmi məlumata görə, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranıb. Məhsulun 76,8 faizi mədənçıxarma, 17,9 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunub. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib.