Bu il Azərbaycanda 2 milyon ton taxıl istehsalı gözlənilir
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, kənd təsərrüfatı məhsullarının istehsalını daha da stimullaşdırmaq məqsədilə ölkədə hərtərəfli sosial-iqtisadi siyasət davam etdirilir. Dünyada höküm sürən qlobal iqtisadi böhran şəraitində ölkəmizin sosial-iqtisadi inkişafı ilə paralel ərzaq təhlükəsizliyinin təmin olunması, Azərbaycan üçün fərqləndirici xüsusiyyətlərdən biridir.
Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın uğurla icra olunması kənd təsərrüfatı məhsullarının istehsalını sürətləndirməsi, əhalinin ərzaq buğdasına tələbatının daxili istehsal hesabına tam ödənilməsi prosesini şərtləndirdi. Ölkədə hərtərəfli inkişafın davamlığını təmin etmək məqsədilə daha böyük həcmdə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsal edilməsi ixrac potensialının da artmasına imkan verir. Bu vəziyyət Azərbaycanın ərzaq məhsulları ilə təminatı sahəsində xarici asılılığın aradan qalxmasına əsaslı zəmin yaradır.
Ərzaq təhlükəsizliyi məsələsinin qlobal problemə çevrildiyi bir dövrdə strateji ərzaq növü olan taxılçılığa marağın artması daxili tələbatı ödəmək gücündədir. Strateji ərzaq növü olan taxıl ölkə ərazisində 938,4 min hektar ərazini əhatə etməklə 2 milyon ton taxıl istehsalına təmin edir. 2010-ci il üçün Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir. Ölkə ərazisində 938,4 min hektar zəminin 70 faizdən çox hissəsi biçilmişdir. Hər hektardan orta hesabla 20,5 sentner məhsul götürülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə biçilən taxıl sahələrinin və götürülən məhsulun həcmi az olsa da, proqnozlar qənaətbəxşdir. Bu il 2 milyon ton taxıl, eləcə də 1 milyon 300 min ton buğda istehsalı gözlənilir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşıya qoyulan vəziflərin uğurla icra olunması nəticəsində bu il 2 milyon ton taxıl, eləcə də, 1 milyon 300 min ton buğda istehsalı gözlənilir.
Qeyd edək ki, müəyyən günlərdə havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı işlərinin gedişinə mənfi təsir etmişdir. Leysan yağışları nəticəsində çayların daşması isə təsərrüfatlara müəyyən qədər ziyan vuraraq, bir sıra bölgələrdə məhsul itkisinə səbəb olmuşdur. "Aqrolizinq" ASC-nin xətti ilə biçinə 236 yeni kombaynın cəlb edilməsi məhsulu vaxtında və itkisiz yığmağa imkan yaratmışdır.