PDF Oxu

İqtisadiyyat

  • 13

Azərbaycanın iqtisadi uğurları artır

Azərbaycanın iqtisadi uğurları artır

Xarici ölkələrdə azərbaycanlı iş adamlarının investisiya imkanlarının təşviq edilməsi gündən-günə inkişaf edir, daha da sürətləndirilir. Bu sahədə bir çox uğurlu addımlar atılır. Azərbaycanın xarici ölkələrə qoyduğu investisiya hansı səvviyyədədir? Bu barədə musahiblərimizin fikirlərini öyrəndik.

İqtisadçı-ekspert Aydın Hüseynov:

- Xarici ölkələrə investisiyanın qoyulması ölkəmizin iqtisadi potensialının yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, iqtsadiyyatın güclü olması həmin ölkənin siyasi nüfuzunun möhkəm olduğunu nümayiş etdirir. Azərbaycan iki ildən çoxdur ki, Türkiyə, Polşa, Çexiya və Gürcüstana, o cümlədən, digər qonşu ölkələrin iqtisadiyyatlarına investiya yatırımları həyata keçirir. Xarici investorlar tərəfindən investiya qəbulu da yüksək səviyyədə davam edir. Ehtiyat resurslarımızın lazımi qədər olması, investorlarımızın xaricdə çalışmasına şərait yaradan başlıca amillərdən biridir. O cümlədən, neft qaz sənayesində illərdir çalışan mütəxəssis heyətlərimiz yetişdirilib. Təbii ki, mütəxəssis baxımınan bu sahə bizim üçün daha əlverişli sahədir. Əlbəttə, tək bir sahə ilə kifayətlənmək olmaz. Digər sahələrə də investisiya qoyuluşunu həyata keçirmək üçün mütəxəssislər, sahibkarlar, bu işin öhdəsindən asan şəkildə gələ biləcək insanlar yetişdirilib. Bir sözlə desək, bütün sahələrdə uğur qazanmaq üçün potensialımız var.
O ki qaldı, investisiyanın qoyulduğu ölkələrə, həmin ölkələrlə bizim iqtisadi və siyasi münasibətlərimiz normal müstəvidədir. Bu səbəbdən də, yerli investorlarımız o ölkələrlə birgə çalışa bilirlər. O cümlədən, investisiyanın səmərəliliyini yerinə yetirmək üçün müəyyən amillər var. Birinci amil investisiyanın qoyulması üçün Azərbacana əlverişli şərait yaradılmalıdır. Daha sonra qazanılan uğurlar, ölkəmizə böyük mənfəətlər gətirəcəkdir. İnvestisiya qoyuluşunda gəlir əldə olunursa, bunun özü də çox böyük nailiyyətdir.

İqtisadçı-ekspert Qubad İbadoğlu:
- Hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə uğurlar qazanması üçün kifayət qədər faktorlar var. Azərbaycanın hazırda Türkiyə və Gürcüstanla investisiya ilə bağlı bir sıra yatırımları mövcuddur. Fikrimcə, bu yatırımların icrası yüksək səviyyədə davam edir. Gürcüstanda iqtisadi infrastrukturun idarə edilməsində, eyni zamanda, boru kəmərləri və dəmir yolları kimi yatırımları istiqamətində investisiya qoyulması prosesi Azərbaycanın maraqlarını əks etdirir. Bu yaxınlarda ölkələr tərəfindən bu yönümdə çağırışlar oldu. Bu çağırışlarda Azərbaycan və Türkiyə arasında ikili investisiya qoyuluşlarından söhbət gedirdi. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin xarici ölkələrə investisiya yatırımları etməsi barədə yetərincə təcrübəsi var. Hesab edirəm ki, Azərbaycanın sərbəst maliyyə kapitalını formalaşdırıldığı bir dövrdə, bu kimi əməkdaşlıqların gücləndirilməsi məqsədəuyğundur. Digər tərəfdən, bu kimi addımlar Azərbaycanın mövcud həm siyasi, həm də strateji əməkdaşlıq maraqlarının istiqamətləndirilməsi baxımından əhəmiyyət kəsb edən mühüm amillərdən biridir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın digər ölkələrə investisiya qoyması, iqtisadi imkanlarını nümayiş etdirməsi, Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Digər tərəfdən, xarici ölkələrə investisiya qoyuluşu həmin ölkədəki müəyyən sahənin, Azərbaycan iş adamlarının nəzarətində olması deməkdir. Təbii ki, bu da Azərbaycanın strateji imkanlarına uyğun gəlir.

İqtisadçı-ekspert Vüqar Bayramov:

- Qonşu Türkiyə Cümhuriyyətinə Azərbaycan iş adamları yetərincə investisiya qoyublar. 2008-ci ildən başlayaraq Azərbaycan Polşa və Çexiya kimi ölkələrə kənd təsərrüfatı sahəsinə investisiya yatırımları qoyulub. O cümlədən, artıq Rusiya və Orta Asiya ölkələrində investisiya imkanlarını artırıblar. Azərbaycanın investisiya imkanları birbaşa olaraq ölkədə iş fəaliyyətlərinin genişlənməsi ilə bağlıdır. Əgər Azərbaycan iş adamlarının imkanları genişlənirsə, daha çox bizneslə məşğul ola bilirlərsə, bu da onların xarici investisiya imkanlarının daha da genişlənməsinə şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, yerli iş adamlarının əllərindəki imkandan yetərincə yüksəkdir. Son illər bu potensial özünü daha ciddi şəkildə göstərir. Təbii ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişaf tempinin yüksəlməsi ilə əlaqədardır. Hətta Azərbaycan digər ölkələrə də investisiya yatırımları etməsi ilə onların iqtisadiyyatına yardımçı olur. 2009-cu ilin yekunlarına görə, Gürcüstana ən çox vergi ödəyən şirkət məhz Azərbaycan şirkəti olub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan sahibkarları, qonşu və digər inkişaf etmiş ölkələrdə investisiya imkanlarını xeyli genişləndiriblər.

Digər xəbərlər