Qafqaz və Orta Asiya regionunda dünyanın enerji təminatçılarından birinə çevrilən Azərbaycan dünya bazarına sürətlə intiqrasiya siyasətini davam etdirir. İşğalçılıq siyasəti davam etdirən Ermənistanın qonşu dövlətlərlə - Gürcüstan, Türkiyə və Azərbaycanla olan problemləri üzündən faktiki iqtisadi blokada şəraitindədir.
Ölkələr arasında strateji maraqların kəsişdiyi enerji resurslarından Ermənistanın kənarda qalması bir sıra sosial problemlərin daha da dərinləşməsi ilə yanaşı, region dövlətləri ilə münasibətləri ciddi xarakter daşıyır. Bu səbəbdən Ermənistana qarşı açıq şəkildə olmasa da, beynəlxalq güclər tərəfindən təzyiqlərin artması fonunda ölkənin daxili imkanları tükənib. İşğalçı xuntanın rəhbəri S.Sarkisyan Ermənistanda vəziyyəti nəzarətdə saxlamaq üçün Rusiyanın regionda siyasi imkanlarından bəhrələnməyə çalışır, bundan ölkənin işğalçılıq maraqları kontekstində istifadə edir. İndiki halda, Gürcüstan Rusiya-Ermənistan qaz kəmərinin ən azı bir hissəsini satmaq barədə planlarının gündəmə gəlməsi işğalçı ölkədə siyasi kataklizmlərə səbəb olub. Ermənistandakı mövcud vəziyyət xarici investorların da bu ölkəyə diqqət yetirməməsini şərtləndirən əsas amillərdəndir. Bu fakt həm investorlar, həm də müxtəlif xarici dövlətlərdən olan rəsmi şəxslər tərəfindən etiraf olunur. Böyük Britaniyanın Ermənistandakı səfiri Çarlz Lonsdeyl bununla bağlı bildirib ki, Ermənistanda qanunun aliliyi, korrupsiya və digər belə böyük problemlər hələ də öz həllini tapmayıb. Ölkənin əsas problemlərindən biri oliqarxiya sistemidir.
Şimal-Cənub qaz kəmərinin satışı üzərindən qadağanı ötən ay qaldıran Gürcüstan parlamenti bu məqsədlə ölkənin iqtisadi vəziyyətini və mövqeyini nəzərə alaraq, bu addımı atıb. Fransanın "Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Ermənistan cəmiyyəti bu mühüm strateji obyektin - Rusiya-Ermənistan qaz kəmərinin Azərbaycanın nəzarətinə düşəcəyindən təşviş keçirir. Bununla yanaşı, Gürcüstan rəsmiləri kəmərin yalnız kiçik bir hissəsinin satıla biləcəyini söyləməklə ictimai fikrin diqqətini bu məsələdən yayındırır.
ARDNŞ-nin Gürcüstanın ərazisindən keçən qaz kəmərin səhmlərini almaq şansı böyükdür
Ermənistanda səslənən bəzi fikirlərdən o da məlum olur ki, təcavüzkar dövlət boğulduğu problemlər məngənəsindən xilas olmaq üçün qonşularla münasibətlərini normallaşdırmaq əvəzinə, Gürcüstana da hərbi müdaxilə barədə düşünür. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Veronika Kobaliya bildirib ki, səhmləri ala biləcək potensial müştərilər Rusiyanın "Qazprom", Qazaxıstanın "Kazmunayqaz" şirkətləri və Azərbaycanın Dövlət Neft Şirkətidir (ARDNŞ). ARDNŞ-nin adının burada hallanması isə ermənilərdə böyük təşviş yaradıb. "Frans Press" qeyd edir ki, Gürcüstanda bu kəmərin Rusiyanın "Qazprom"u tərəfindən, Ermənistanda isə Azərbaycan tərəfindən alına biləcəyindən təşviş keçirirlər. Bildirilir ki, ictimaiyyəti sakitləşdirmək istəyən baş nazir Nika Gilauri kəmərin yalnız 10-20 faizdən ibarət kiçik bir hissəsinin London birjasına çıxarıla biləcəyini deyib. Məqalə müəllifi bildirir ki, kəmərin Rusiya tərəfindən alınması ehtimalı Qərbin də narahatlığına səbəb olub.
Region üçün strateji əhəmiyyət daşıyan enerji dəhlizinin siyasi statusuna toxunan Gürcüstanın baş naziri Nika Gilauri bəyan edib ki, hökumət qarşıdakı 2-3 il ərzində kəmərin səhmlərinin yalnız 10-15 faizini satmağı planlaşdırır. Bütün hallarda kəmərin nəzarət paketinin rəsmi Tbilisinin əlində qalacağı xüsusi olaraq vurğulanır. Gürcüstan müxalifəti isə kəmərin, hətta bir hissəsinin də Rusiya tərəfindən alınacağı ehtimalını böyük təhlükə hesab edir. Azərbaycan müharibə vəziyyətində yaşayan işğalçı ölkədə narahatlıq yaradıb ki, kəməri Gürcüstanın enerji üzrə ən böyük müttəfiqi, güclü maliyyə resurlarına malik Azərbaycanın alacağı təqdirdə, Ermənistana qarşı Azərbaycanın təzyiq mexanizmləri daha da artacaq. Ermənistan tərəfi isə iddialarını davam edərək bildirir ki, "Qazprom"un kəmərin səhmlərini almaq ehtimalı çox azdır. Buna əsas səbəb Gürcüstan və Rusiya arasındakı məlum münasibətlərdir. Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə müqayisədə ARDNŞ-nin Gürcüstanın ərazisindən keçən və Rusiyadan Ermənistana qaz ötürülən magistral kəmərin səhmlərini almaq şansı daha çoxdur. Buna əsas səbəb kimi ARDNŞ-nin Gürcüstanın enerji sektorunda xüsusi çəkiyə malik olması göstərilir. Hazırda ARDNŞ Tbilisidən başqa, Gürcüstan ərazisinin 70 faizində qazpaylama şəbəkəsinə nəzarət edir. Bundan başqa, şirkətin Gürcüstanda SOCAR brendi altında xeyli sayda yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Ermənistanın siyasi şərhçilərindən Stepan Qriqoryan bildirib ki, Azərbaycanın bu kəmərin səhmlərini alması olduqca realdır və bunun Qarabağ münaqişəsi çözülmədən baş verməsi olduqca təhlükəlidir: "Bu halda Bakı Gürcüstandakı qaz kəməri vasitəsilə Yerəvanın üzərinə təzyiqini artıra bilər.Qərb bu işə müdaxilə etməli və Tibilisiyə təlqin etməlidir ki, kəmər dost əllərdə qalmalıdır".
Erməni politoloq: "Bakı istədiyi vaxt Ermənistanı çıxılmaz vəziyyətə sala bilər"
Kəmərin "Qazprom"a satılması isə indiki münasibətlər fonunda real hesab edilmir. Ermənistan özü də kəməri almaq istəyir, ancaq ekspertlər qeyd edirlər ki, maliyyə imkanları kifayət qədər geniş olan Azərbaycan ən yuxarı qiymət təklif etməklə qaz kəmərini öz nəzarətinə keçirə bilər. Azərbaycan üçün bu kəmər iqtisadi baxımdan o qədər də səmərəli hesab edilmir. İqtisadçı ekspertlər hesab edirlər ki, Azərbaycan Ermənistana təzyiq imkanlarını daha da genişləndirmək üçün məqsədli şəkildə bu amildən yararlana bilər.
Ermənistanın hakimiyyət dairələrinə yaxın "Mitk" analitik mərkəzinin eksperti Vahe Sarkisyan bildirib ki, rəsmi Yerevan bu kəmərin Azərbaycanın, ya da Türkiyə şirkətinin əlinə düşməməsi üçün Gürcüstana bütün mümkün vasitələrlə təzyiq etməlidir. Azərbaycan bu kəmərə sahib olsa, Bakı istədiyi vaxt Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Türkiyənin "Hürriyyət" qəzetində mövzu ilə bağlı dərc edilən məqalədə müəllif qeyd edir ki, hazırda kəmərin alıcısının Azərbaycan olacağı ehtimalı yüzdə 99-dur. Ermənistanda isə bu ehtimal ciddi müzakirə predmetinə çevrilib, Ermənistan rəhbərliyi isə sövdələşməni əngəlləmək üçün yollar axtarır, Qərblə və Rusiya ilə danışıqlar aparır. Lakin Rusiyanın Gürcüstanla münasibətləri kəsildiyi üçün Moskva bu sövdələşməni siyasi yolla əngəlləyə bilməz. Ermənistan sözügedən kəmərin Azərbaycana və ya Türkiyə şirkətlərinə satılacağı təqdirdə, bunu dayandırmaq üçün Gürcüstana qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində olacağını bildirən erməni politoloq Vahe Sarkisyan hesab edir ki, əgər Azərbaycan və ya Türkiyə şirkətlərinə kəmərin səhmlərini almaq üçün müraciət edərlərsə, Ermənistan buna qarşı mübarizə aparmalıdır: "Kəmərin Azərbaycana satılması Ermənistanın boynuna kəndir salınması deməkdir. Həmin kəndirin ucu Azərbaycanın əlində olacaq və beləliklə, bu ölkə istənilən vaxt Ermənistanı boğa biləcək".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...